Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:42

Omikron BioNTech/Pfizer vaksininin ‘qüdrətinə kölgə salır’


İllüstrativ foto
İllüstrativ foto

Doktor Siqal həmkarları ilə son iki həftəni virusu bəsləyərək anticismləri ona qarşı sınaqdan keçirməklə məşğul olub

BioNTech/Pfizer vaksini koronavirusun Omikron ştammına digər variantlardan daha az təsir göstərə bilər. “The Financial Times” bunu Cənubi Afrikada aparılmış araşdırmaya istinadla yazır.

Afrika Səhiyyə Araşdırmaları İnstitutunun tədqiqatçıları bu ştammın vaksinin yaratdığı immun reaksiyasını “geniş, amma natamam” şəkildə azaltdığını bildirirlər.

Tədqiqatçılar BioNTech vaksininin hər iki dozasının vurulduğu 12 nəfərdən 14 plazma nümunəsi götürərək plazmanın Omikronu necə zərərsizləşdirdiyini yoxlayıblar.

Virusu dəf edən anticismlərin Omikron qarşısında, iki il öncə Vuhanda aşkarlanmış ilkin ştamma nisbətən 41 dəfə çox azaldığı üzə çıxıb.

Uğur Şahin nikbindir

Omikronun anticismlərdən Beta ştammına nisbətən “daha böyük” miqyasda yayındığı aşkarlanıb. İndiyədək Cənubi Afrikada Beta dominant olub.

Tədqiqatın müsbət tərəfi də var. Covid-19-a yoluxanlarda, üstəlik ikiqat peyvənd vurduranlarda anticisim müdafiəsi “nisbətən yüksək səviyyədədir”. Bu isə Omikrona yoluxmanın ağırlaşmasını önləyə bilər.

BioNTech şirkətinin baş icraçı direktoru Uğur Şahin isə deyib ki, şirkət bu həftə öz datasını dərc edəcək. “Mən daha nikbin olardım”, – o, NBC-yə deyib.

London İmperial Kollecinin professoru Denni Altman Cənubi Afrikada aparılmış tədqiqatın “peyvənd olunanların salamat qalacağı” haqda ümidləri yüksəltdiyini söyləyib.

İsveçin Karolinska İnstitutunun tədqiqatçıları isə Omikronun neytrallaşdırılmasında “müstəsna fərqlilik” müşahidə ediblər. Bəzi nümunələrdə vaksin qoruması “demək olar, heç itməyib”, bəzilərində daha çox itib.

“Hər şey nəzarətdə olacaq”

“The New York Times” isə bu eksperimentin Pfizer-BioNTech vaksininin qüdrətinə kölgə saldığını yazır. Alimlər nəticələri narahatedici adlandırsalar da, panikaya əsas görmürlər.

Qəzet yazır ki, vaksinlər anticismlərdən daha əhatəli immun reaksiyası yaratdığından belə eksperimentlər vaksin qoruması haqda natamam təsəvvürə səbəb olur.

Cənubi Afrikada araşdırmaya rəhbərlik etmiş viroloq Aleks Siqal deyib ki, yoluxmaların sayı artsa belə, bu, sistemlərin çökməsi ilə sonuclanmayacaq: “Fikrimcə, hər şey nəzarətdə olacaq”.

Doktor Siqal həmkarları ilə son iki həftəni virusu bəsləyərək anticismləri ona qarşı sınaqdan keçirməklə məşğul olub. “Virusdan ölməsəm də, yorğunluqdan öləcəyəm”, – o deyib.

O, başlanğıcda vaksinlərin Omikrondan qorumayacağını düşünürmüş, yaxşı ki nəticə daha ümidverici olub.

Gözlənilən nəticə

Tədqiqat zamanı Pfizer vurdurmuş, amma Covid-19 keçirməmiş 6 nəfərin və Pfizer vurdurmamışdan xəstəliyə yoluxmuş 6 nəfərin anticismləri sınaqdan keçirilib. Onların hamısında Omikrondan qoruma koronavirusun öncəki versiyasından pis olub. Anticismlərin Omikrona qarşı gücü əməlli azalıb, virusun öncəki versiyasındakından 40 dəfə az effektli olub. Bu səviyyədə anticisim isə Omikrona kütləvi yoluxmalardan qorumağa qadir deyil.

Rokfeller Universitetinin tədqiqata qatılmamış viroloqu Teodora Hatziioannou nəticəni gözlənilməz hesab etmir. “Az, ya çox dərəcədə gözlədiyimizdir”, – o deyib.

Nəticələr əslində, Omikrona bəzi kütləvi yoluxmaları izah edir. Norveçdə bir tədbirə qatılmış, peyvənd olunmuş 120 nəfərin azı yarısı yoluxmuşdu.

XS
SM
MD
LG