Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:56

İqtisadiyyatı 'dünyaya açılan' Özbəkistan siyasi baxımdan qapanır


Səmərqənd
Səmərqənd

May Özbəkistanda mesajlarla dolu bir ay oldu.

Bir tərəfdən prezident Şavkat Mirziyoyevin növbədənkənar prezident seçkiləri elan etməsi və üç dost namizədlə səsverməyə getməsi bu ölkənin siyasi anlamda qapalı məkan statusunu təsdiqlədi.

Digər tərəfdən, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iyirmi illik fasilədən sonra yenidən illik iclas keçirməsi sərmayə deməkdir, həm də kreditə can atan hökumətin qlobal iqtisadi əlaqələrini genişləndirmək istəyini ortaya qoyur. Mirziyoyevin sələfi, mərhum İslam Kərimovun dövründə həmişə belə olmurdu.

Prezidentlik müddətinin 5 ildən 7 ilə qədər artırılmasını nəzərdə tutan konstitusiya dəyişikliklərinin qəbulundan cəmi bir həftə sonra, iyulun 9-da prezident seçkilərinin keçiriləcəyi açıqlandı.

Dəyişikliklərə əsasən, 65-yaşlı Mirziyoyev ən azı 2037-ci ilə qədər hakimiyyətdə ola bilər. Bu da onun təxminən 21 il hakimiyyətdə qalacağı deməkdir. Mirziyoyev avtoritar Kərimovun dövründə 13 il baş nazir vəzifəsində olub.

“Əslində, Mirziyoyevin qələbəsi, Özbəkistanda siyasi sabitliyi və siyasətin davamlılığını təmin edəcək. Xarici investorlar bazara girişi qiymətləndirərkən adətən buna baxırlar”, – “S&P Global Market Intelligence”-in baş tədqiqat analitiki Aleks Melikişvili AzadlıqRadiosuna müsahibəsində deyib. O əlavə edib ki, son illərdə imkanların xeyli artdığı 35 milyonluq bazara göz dikən bir çox xarici bizneslər üçün səsvermənin nəticəsinin artıq bəlli olması elə də narahatlıq doğurmur.

AYİB-in uğursuz iclası

Mayın 16-da AYİB-in üç günlük illik toplantısının başladığı Səmərqənd şəhəri bir vaxtlar Şərqlə Qərbi birləşdirən tarixi İpək Yolu ticarət marşrutunda güclü bir mərkəz idi. İndi isə Mirziyoyevin islahatları ilə genişlənən turizm sənayesinin mərkəzidir. Səmərqənd həm də qəddarlığı ilə tanınan, güclü diktator İslam Kərimovun doğulduğu yerdir.

Özbəkistan sonuncu dəfə 2003-cü ildə paytaxt Daşkənddə AYİB-in illik sammitinə ev sahibliyi etmişdi və bu sammit çox uğursuz alınmışdı.

“Human Rights Watch” insan haqları təşkilatı onda yazırdı ki, AYİB-in ovaxtkı prezidenti Jan Lemyer (Jean Lemierre) və Böyük Britaniyanın inkişaf naziri Klare Şort (Clare Short) Daşkəndi insan haqlarının, xüsusən də işgəncələrlə bağlı vəziyyətinin yaxşılaşdırılmasına çağırıblar. Məlumata görə, Kərimov çıxışlar zamanı “qulaqcıqlarını çıxarıb və nümayişkaranə şəkildə qulaqlarını bağlayıb”.

Bank bundan sonra Özbəkistan kimi ölkələrdə layihələrini tədricən azaldıb. 2005-ci ildə Əndicanda hökumət əleyhinə etirazların qanlı yatırılmasından sonra ölkənin təcridi daha da dərinləşdi.

Kərimova hörmət

Ölkədə Kərimovun heykəli, məqbərəsi və onun adını daşıyan hava limanının olması Mirziyoyevin Kərimovun irsinə hörmətlə yanaşdığını göstərir.

Mayın 17-də AYİB-in iclasında çıxış edən Mirziyoyev Kərimovun adını çəkmədən, 2003-cü il iclası haqqında danışıb: “Bugünkü Özbəkistan dünənki Özbəkistan deyil. Altı il əvvəl başladığımız köklü islahatlar ölkəmizin imicini tamamilə dəyişdi”.

Mirzioyevin hakimiyyətə gəlişi ilə sistematik məcburi əməyə son qoyulmasına, siyasi məhbusların azad edilməsinə və ifadə azadlığına qəddar məhdudiyyətlərin yumşaldılmasına baxmayaraq, fəallar son üç ildə bütün bu sahələrdə geriləmə olduğunu deyirlər.

Keçən il ekoloji cəhətdən dağıdılmış Qaraqalpaqıstan muxtar vilayətində etirazların zorakılıqda şəkildə yatırılması, bir çox insanın indiki və keçmiş prezidentlər arasındakı fərqə şübhələrini artırıb.

Oxşar tendensiyalar

AYİB-in bu il Səmərqənddə keçirilən konfransında yenidən bəzi repressiv tendensiyalar diqqət çəkib. Təhlükəsizlik əməkdaşı AzadlıqRadiosunun özbək xidmətinin jurnalistinin Mirziyoyevin nüfuzlu administrasiya başçısı Sardor Umurzakovu çəkməsinə imkan verməyib.

Amma 20 il öncəylə müqayisədə konfransda çoxu hökuməti tənqid edən 60-dan çox Özbəkistan QHT-si iştirak edirdi.

Mirziyoyev AYİB-dəki çıxışından dərhal sonra Çinin Sian şəhərinə, Çin Mərkəzi Asiya Sammitinə yola düşüb. Pekin və regionun beş ölkəsi arasında keçən il 5+1 onlayn formatında ilk görüş olub. Bu il mayın 18-19-da ilk dəfə üzbəüz görüş baş tutub.

İyulun 9-da hazırkı prezident hökumətə heç vaxt müxaliflik etməyən, əksinə, özünün tabeçiliyində işləmiş üç rəqibi ilə qarşı-qarşıya gələcək. Onlardan biri onun təhsil naziri olub.

Mirziyoyev öz namizədliyin Özbəkistanın Liberal Demokrat Partiyasından irəli sürür ki, bu da vaxtı ilə Kərimovun namizədliyini irəli sürdüyü partiyadır.

Özbəkistan bu ay Sərhədsiz Reportyorlar təşkilatının mətbuat azadlığı reytinqində 180 ölkə arasında 137-ci yerə düşüb ki, bu da ötənilki durumdan 4 pillə geriləmə deməkdir.

XS
SM
MD
LG