Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:52

Pakistanlı hakerlər Qırğızıstandan qisas alıblar?


Team Insane Pakistan haker qrupu Qırğızıstanın 600 min fiziki və hüquqi şəxsinin məlumatlarını dərc edib.

Qrup bildririr ki, bu, mayın 18-də gecə Bişkekdə əcnəbilərin üzərinə edilmiş hücumlara cavabdır.

Onların arasında çoxsaylı Pakistan vətəndaşlarının olduğu xəbər verilmişdi.

Hakerlər məlumatları ələ keçirdiklərinə dair xəbəri sosial media şəbəkələrində mayın 22-də yaymışdılar.

Kaktus.Media saytının jurnalistləri bildirirlər ki, bu məlumatlar hələ 2020-ci ildə sızdırılmış məlumat bazasındakılarla demək olar eynidir.

Vəzifəli rəsmilərin məlumatları

Hakerlər AzadlıqRadiosu Qırğız xidməti jurnalistlərinin suallarına cavab olaraq deyiblər ki, onlar gov.kg alt domenini sındıraraq Ali Məhkəmənin məlumatlarını əldə ediblər.

Amma Ali Məhkəmə bu xəbəri təkzib edir.

Hakerlərin dərc etdikləri siyahılarda ad, soyad, doğum tarixi, VÖİN nömrələri və ünvanlar var.

Jurnalistlər aydınlaşdırıblar ki, bu siyahıda köhnə məlumatlarla yanaşı Qırğızıstan vətəndaşlarına və şirkətlərinə aid indiki məlumatlar da verilib.

Məsələn bu siyahıda Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşıyev, parlamentin spikeri Nurlanbek Şakiyev və baş nazirin müavini Edil Baysalova aid məlumatlar var.

“Qisas və xəbərdarlıq”

Team Insane Pakistan kanalının anonim müəlliflərindən biri AzadlıqRadiosuna deyib ki, məlumatlar “uğurlu” haker hücumu nəticəsində əldə edilib və bu məlumatlar açıq mənbələrdə yoxdur:

"Bu məlumat bazalarına açıq internetdə giriş yoxdur. Biz gov.kg alt domenini sındırmışıq və SQL-in (structured query language – red) zəifliyindən istifadə edərək 500 mindən çox qırğızıstanlının məlumatlarını almışıq. Bu adamlar bizim pakistanlı qardaşlarımıza əl qaldırıblar. Əgər onlar bu hücumlarını dayandırmasalar, biz daha çox məlumatı dərc edəcəyik. Gov.kg-nin bütün saytlarının müdafiəsi zəifdir”.

Azattıkın rəqəmsal ekspertizanı bilən müxbiri Riyn Alyas hesablayıb ki, hakerlərin dərc etdikləri 630 min sətirlik məlumatın içində azı 523 min 590 fərdi VÖİN nömrəsi var.

Kaktus.Media yazır ki, 2020-ci ildə Qırğızıstanda 800 mindən çox vergi ödəyicisinin məlumatları açıq internetə sızdırılmışdı.

Azattık hakerlərin yaydıqları məlumatları həmin məlumatlarla tutuşduraraq bu nəticəyə gəliblər ki, onlar demək olar identikdir.

Fərq yalnız bundadır ki, 2020-ci ildə açıqlanmış məlumatlar nömrələnmiş sıra qaydasında idi, amma Team Insane Pakistan qrupunun yaydığı məlumatlar pərakəndə və qaydasızdır.

XS
SM
MD
LG