Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 16:25

Pandemiya dövründə rəqəmsal detoks


Sosial media
Sosial media

İnsanların təcrid olunduğu bu qeyri-adi günlərdə onları darıxmağa, tənhalığa qapılmağa qoymayan internet və müxtəlif cihazlardır. BBC yazır ki, böhran zamanı Instagram-da baxış sayları iki dəfə artıb, Facebook Messenger qrup zənglərində 70% artım olduğunu bildirib, WhatsApp-dan istifadə isə 40% artıb.

İnsanlar ünsiyyətsizlikdən, darıxdıqlarından, yaxud zərurətdən ekrana çox baxırlar. Amerikalı psixoloq, "Deviced!" kitabının müəllifi Doreen Dodgen-Magee-yə görə bu, problemdir.

Ancaq cihazları birdən-birə söndürmək də asan iş deyil. Əyləncə və hobbini kənara qoysaq belə, bütün işlərimizi telefon və internetlə görməyə məcburuq. Cihazlar həm bizi digər insanlarla bağlayır, həm də əhvalımızı yüksək tutmağa kömək edir. Zoom, onlayn idman məşğələləri, FaceTime və hətta meditasiya app-lərindən istifadə zamanı gözümüzü ekrana zilləməliyik.

Darıxdığımızdan, narahatlıqdan ediriksə...

Britaniyada fəaliyyət göstərən "TimeTo Log Off" hərəkatının təsisçisi Tanya Goodin hesab edir ki, bu halın yaratdığı texnoloji narahatlığı aradan götürmək üçün bizə fayda verən və ziyan vuran "ekran vaxtı"nı fərqləndirmək lazımdır. İdman videoları, muzey turları, yaxud çörək və piroq bişirmə dərsləri üçün sosial mediada vaxt keçirmək normaldır. "Ancaq bunu, sadəcə, darıxdığımızdan, yaxud narahatlığımızdan ediriksə, bu, yaxşı deyil", - Goodin deyir.

İş və ev həyatımızın bir-birinə qarışdığı bu günlərdə ekranla keçirilən vaxta sərhəd qoymaq, sağlam vərdişlər formalaşdırmaq asan deyil.

Goodin insanlara səhər və günorta rutini yaratmağı tövsiyə edir. "İşə, dərsə getmək lazım olmayanda gününüzün əvvəli ilə sonu bilinmir. Biz bunları yaratmalıyıq", – o deyir.


Goodin işlə əyləncə arasında fərqi hiss etmək üçün müxtəlif işlər üçün fərqli cihazlardan istifadəni tövsiyə edir: "Kompüterinizdən iş üçün, telefonunuzdan oyun üçün istifadə edin. Bir cihazla məşğul olanda o birini kənara qoyun".

Psixoloq Dodgen-Magee də lazımsız materiala baxmaqdansa mənalı və faydalı kontentlə maraqlanmağı tövsiyə edir.

Kulinariya kitablarının müəllifi, aşpaz Alison Roman sosial mediada çox faydalı kontent yerləşdirməsi ilə tanınır.

"Fayda verə bildiyim …üçün xoşbəxtəm", - Instagram-da 500 mindən artıq, Twitter-də isə 400 min izləyicisi olan Roman deyir. O, aylardır ki, öz faydalı məsləhətlərini "The New York Times"ın YouTube-dakı yemək kanalında insanlarla paylaşır. Son həftələr ərzində isə Instagram-da çatışmayan inqrediyentləri əvəzləməyin yolları haqda maraqlı məsləhətlər verir.

Ekransız işlər

Goodin deyir ki, dost-tanışa zəng vurub canlı, təkbətək danışmaq Zoom-da eyni anda 10 nəfərlə ucadan danışmaqdan daha xoş təcrübədir.

"Ekransız görə biləcəyimiz çoxlu iş var", – Goodin deyir. Jurnalların çap versiyasına yazıla, fiziki pazl yığa, kitab oxuya bilərik. Onun sözlərinə görə, hazırda çox adam pandemiya haqqında olmayan maraqlı bədii kitablar oxumağa üstünlük verir.

BBC-nin məqaləsində deyilir ki, bəzi kitab dükanları insanların daha çox kitab oxumasının müsbət təsirlərini görürlər.

Nyu-Yorkda yerləşən bir kitab dükanının marketinq meneceri Colleen Callery deyir ki, hazırkı satış rəqəmləri bayramlar zamanı müşahidə olunan satış sayına çox yaxındır. O bunu həm insanların təcrid dövründə daha çox oxuması, həm də Amazon-un kitab bağlamalarını prioritet saymaması, daha gec göndərməsi ilə əlaqələndirib.

Məqalənin müəllifi həftəsonu telefonunu söndürərək başqa otağa atdığını, bu müddətdə roman oxuduğunu, koronavirussuz dünyaya qərq olduğunu və bundan çox böyük rahatlıq hiss etdiyini yazır: "Mən anladım ki, ola bilsin, hal-hazırda çox şeyə nəzarət edə bilmirəm, ancaq ekranımı söndürə bilirəm".

XS
SM
MD
LG