Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:50

Pandemiyanın sonu görünür?


2020-ci ildən bəri bu ən nikbin məlumatı sentyabrın 14-də Dünya Səhiyyə Təşkilatı yayıb

Dünyada COVID-19 pandemiyasına son qoyulması üçün heç vaxt indiki qədər yaxşı vəziyyət olmayıb.

Reuters agentliyi bildirir ki, bu nikbin məlumatı sentyabrın 14-də Dünya Səhiyyə Təşkilatı yayıb.

DST-nin rəhbəri Tedros Qebreyesus virtual mətbuat konfransında deyib ki, “biz hələ həmin nöqtəyə çatmamışıq, amma son artıq gözlə görünür”.

Reuters yazır ki, bu, 2020-ci ilin yanvarından bəri DST-nin pandemiya barədə ən nikbin bəyanatıdır.

2019-cu ilin sonlarında Çindən başlanan COVID-19 yoluxmaları indiyədək 6.5 milyon insanın həyatına son qoyub.

Sonrakı müddətdə başlanan vaksinasiya kampaniyaları yoluxmaları və ölüm hallarını azaldıb və indi COVID-19 virusunun son variantı olan Omikron daha az yoluxucudur və xəstəliyin əsasən yüngül formalarını yaradır.

Rekord az ölüm

Xəbər verilir ki, ötən həftə 2020-ci ilin martından bəri COVID-19-dan ən az ölüm qeydə alınıb.

Buna baxmayaraq DST rəhbəri dünya ölkələrini ayıq-sayıq olmağa çağırıb.

Onun fikrincə ölkələr öz siyasətlərinə ciddi yanaşmalı və COVID-19-un və gələcəkdə başqa virusların yayılmasına hazır olmalı, əhalinin risk qruplarının 100 faiz vaksinlənməsini təmin etməlidirlər.

DST bildirir ki, təkcə bu il koronavirusa yoluxmadan 1 milyondan çox insan ölüb və pandemiya qlobal miqyasda və əksər ölkələrdə fövqəladə hal olaraq qalır.

Bircə doza ilə

Avropa Komissiyasının sözçüsü deyib ki, bu ilin yayında Omikronun BA.4 və BA.5 variantlarının yayılması göstərdi ki, virusun Avropada və başqa yerlərdə sirkulyasiyası davam edəcək.

DST pandemiyanın icitmaiyyət üçün hələ də təhlükəli olub-olmadığına dair qərarı oktyabrda keçiriləcək növbəti iclasında verməlidir.

Southampton Universitetindən professor Maykl Hed deyib ki, dünyanın pandemiyanın ağır dövründən çıxması aşkardır.

Avropada, Birləşmiş Krallıqda və ABŞ-da Omikronun variantlarına qarşı vaksinlər təsdiqlənib.

ABŞ Səhiyyə rəsmiləri deyirlər ki, pandemiya hələ başa çatmayıb, lakin yeni bivalent vaksinlərin istehsalı yoluxmalarla mübarizədə dönüş nöqtəsi sayıla bilər.

Onların fikrincə bu vaksinlər yaxın gələcəkdə qrip vaksini kimi cəmi bir doza vurulmaqla adamların təhlükəsizliyini təmin edəcək.

XS
SM
MD
LG