Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:33

Pantomim Teatrında 332 minlik yeyinti iddiası və 7 il həbs tələbi


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Azərbaycan Dövlət Pantomim Teatrında 332 min manatlıq yeyinti iddiasıyla bağlı məhkəmə araşdırmaları yekunlaşıb. Prokuror aprelin 15-də teatrın kadrlar şöbəsinin keçmiş müdiri Aytən Kərimovaya 7 il həbs cəzası istəyib.

Bu teatrda yeyintiyə dair cinayət işi xeyli vaxtdır Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

A.Kərimovaya Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham verilib.

Həbsdə saxlanmadan mühakimə edilən A.Kərimova özünü qismən təqsirli bilir. Dediyinə görə, yeyinti olsa da, ittihamda göstərildiyi qədər deyil. O iddia edir ki, teatra dəymiş ziyanın məbləği şişirdilib, ancaq təxminən 200 min manat civarında yeyintiylə razıdır.

Aprelin 15-də prokurorun çıxışından öncə A.Kərimovanın vəkili vəsatət qaldıraraq, təkrar mühasibatlıq ekspertizası keçirilməsini və mənimsənildiyi iddia olunan məbləğin yenidən hesablanmasını istəyib.

"İttihamda yazılıb ki, Aytən Kərimova ona maaş nəzərdə tutulmadığı halda, teatrın büdcəsindən özünə pul köçürüb. Necə ola bilər ki, teatrın işçisi olasan, amma maaş almayasan?" - vəkilin sözləridir.

Vəsatət təmin edilməyib və hakimlər bütövlükdə məhkəmə istintaqının yekunlaşmasına qərar veriblər.

Teatrın vergi və sığorta ödənişləri problemi varmış?

Ardından söz alan prokuror A.Kərimovanın 7 il azadlıqdan məhrum edilməsini və məhkəmə zalındaca həbs olunmasını istəyib. O, təqsirləndirilən şəxsə verilən külli miqdarda mənimsəmə ittihamının məhkəmədə təsdiqini tapdığını deyib. Dövlət ittihamçısı, əlavə cəza kimi, A. Kərimovanın 2 il də müəyyən vəzifə tutmaq hüququndan məhrum olunmasını təklif edib.

A.Kərimovanın vəkili müdafiə çıxışına hazırlaşmaqdan ötrü vaxt istəyib. Ona 1 aya yaxın vaxt verilib.

Vəkil bu müddətdə A.Kərimovanın qəbul etdiyi məbləğdə ziyanı ödəməyə çalışacaqlarını söyləyib.

Bu məhkəmədə zərərçəkmiş qismində Mədəniyyət Nazirliyi tanınıb.

A.Kərimova məhkəmə ifadəsində deyib ki, teatrda mühasib olmayan vaxtlarda işçilərin maaşını o verirmiş. Onun sözlərinə görə, Dövlət Pantomim Teatrının bank hesabları vergi, sosial sığorta ödənişlərində yaranan problemlərlə bağlı bloklandığından, işçilərə maaşların ödənilməsində çətinlik yaranırmış. Bu üzdən, pulları müxtəlif kartlara köçürüb, sonra oradan nağd şəkildə çıxararaq, işçilərin maaşı verilirmiş.

XS
SM
MD
LG