Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:26

Paris Olimpiya Oyunlarında mübahisəli hicab qadağası


Səudiyyə Ərəbistanından olan Sara Attar 2012 London Olimpiya Oyunlarında 800 metr məsafəyə qaçışda
Səudiyyə Ərəbistanından olan Sara Attar 2012 London Olimpiya Oyunlarında 800 metr məsafəyə qaçışda

Sena çayının sahilində yerləşən Site-dü-Sinema, əsasən, film çəkilişləri ilə tanınır. BBC yazır ki, iyul ayında buranın mağaraya bənzər studiya məkanları Paris Olimpiya Oyunları üçün "atletlər kəndi"nin mərkəzinə çevriləcək.

Bütün ölkə və mədəniyyətləri təmsil edən idmançılar buradakı yeməkxanada yemək və hekayətlərini paylaşacaqlar. Olimpiya oyunları dörd ildən bir müxtəlif inanc və irqlərə mənsub insanların görüşdüyü yerdir.

Ancaq bu dəfə ortada dress-kod məsələsi var.

"Bu, cəmiyyətlə deyil, hökumətlə bağlıdır"

Ötən ilin sentyabrında Beynəlxalq Olimpiya Komitəsi (IOC) bildirmişdi ki, Parisdə idmançılar özlərini - öz inanc və ölkələrini təmsil edə biləcəklər.

"Olimpiya Kəndində IOC qaydaları keçərlidir… Hicab, yaxud hər hansı başqa dini və ya mədəni geyimlə bağlı heç bir məhdudiyyət yoxdur", - IOC-un sözçüsü "Reuters"ə belə demişdi.

Ancaq Fransa komandasına başqa şey deyilib.

Hicablı qadın Parisdəki Eyfel qülləsi yaxınlığındakı Trokadero meydanında gəzir.
Hicablı qadın Parisdəki Eyfel qülləsi yaxınlığındakı Trokadero meydanında gəzir.

"Hicab qadağası iki diskriminasiyanın - islamofobiya və … gender ayrıseçkiliyinin sonucudur", - Parisin diskriminasiya ilə mübarizə aparan "Degommeuses" futbol komandasının oyunçusu Veronika Nosedanın sözləridir.

Əvvəllər beynəlxalq yarışlarda vətəni Livanı təmsil edən, 2021-ci ildə isə Liona köçən futbolçu Assile Tufayli də onunla razıdır: "Bu heç Fransa cəmiyyəti ilə də bağlı deyil, hökumətlə bağlıdır. Bu günlərdə müsəlmanlara nifrət var və bu idmanda da özünü göstərir".

Bu yay Parisdə keçiriləcək olimpiya oyunları Fransaya aid bu bölücü konsepti idman vasitəsilə bütün dünyaya aydın göstərəcək.

İlk dəfə Fransa İnqilabında səslənmiş "Liberté, égalité, fraternité" (Azadlıq, bərabərlik, qardaşlıq) şüarı bu ölkədə ən çox təkrarlanan ifadələrdən biridir. Bu şüarı konstitusiyanın önündə, sikkələrin üzərində və ictimai binalarda görmək olar.

"Fransa komandası baş örtüyü taxmayacaq"

Fransa Respublikasının nisbətən daha az tanınan, ancaq əsas prinsiplərindən biri də laiklikdir (laicité). Digər dillərə sekulyarlıq, dünyəvilik kimi tərcümə edilən "laicité" Fransa xalqının bütün dini ənənə və rəmzlərdən imtina etməsi demək deyil, dövlət və ictimai institutların onlardan azad olması deməkdir.

Laiklik, özəlliklə son 10 ildə terror hücumlarının artması və ifrat sağ siyasətçilərin aktivləşməsi fonunda Fransada qızğın mübahisə doğuran ideyadır.

Emmanuel Makron
Emmanuel Makron

Fransa prezidenti Emmanuel Makron dəfələrlə bu terminə aydınlıq gətirməyə çalışıb.

"Problem laiklik deyil. …Fransa Respublikasında laiklik inanmaq, yaxud inanmamaq azadlığıdır, qanun və qaydaların imkan və təminat verdiyi çərçivədə inancına sitayiş etməkdir. Laiklik dövlətin neytrallığı deməkdir. O, qətiyyən dini cəmiyyət və ictimai arenadan silmək demək deyil. Vahid Fransanın sementi laiklikdir", - Makron 2020-ci ilin oktyabrında belə deyib.

2004-cü ildə qəbul edilən qanun bu konseptə müəyyən qədər aydınlıq gətirməyə cəhd edib. Nəticədə ayrıca örnəklər göstərilmədən dövlət məktəblərində "aşkar" dini simvollar yasaqlanıb.

Sikh türbanı, yəhudi kippası və iri xristian xaçları da laikliyə zidd sayılsa da, Qərbi Avropada ən çoxsaylı müsəlman əhalisi olan Fransada mübahisələrin çox hissəsi baş örtüyünə fokuslanıb.

Sentyabrda Fransanın idman naziri, keçmiş peşəkar tennisçi Ameli Udea-Kastera Fransa Olimpiya komandasının Fransa xalqını təmsil edən və xalqın maliyyələşdirdiyi qurum olduğu üçün laiklik prinsipinə bağlılığını təsdiqləyib: "Bu, ictimai xidmətlərdə tam neytrallıq deməkdir. Fransa komandası baş örtüyü taxmayacaq".

Fransada müsəlmanlara qarşı basqılar
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

Qadağa Fransanın özündə ciddi dəstək görür

Digər dövlətləri təmsil edən idmançılar atlet şəhərciyində dini simvollar taxıb-geyinməkdə azaddırlar. Ancaq öz ölkələrinin qanunlarına tabe olan Fransa komandasının üzvləri bunu edə bilməyəcəklər.

Bir sıra beynəlxalq qurumlar bu yanaşmanı tənqid edib.

"Heç kim qadına nə geyəcəyini və nə geyməyəcəyini əmr etməməlidir", - BMT İnsan Haqları Ofisinin sözçüsü belə deyib.

"İctimai yerlərdə dini baş örtüyü taxılmasının yasaqlanması müsəlman qadınların haqlarını pozur", - "Amnesty International" insan haqları təşkilatı problemə belə baxıb.

Fransanın özündəsə bu qadağa ciddi dəstək görür.

Hətta aşağı səviyyəli yerli yarışlarda belə, adətən, qadın müsəlman oyunçuların baş örtüyü taxmasına icazə verilmir və bu, liqaların dövlət qurumları tərəfindən təşkil edilməsi və işlədilməsi arqumenti ilə əsaslandırılır.

Laiklik prinsipinin idmana tətbiqi hicab taxan idmançıların böyük arenaya çıxmazdan öncə idmanı tərk etməsinə səbəb olur.

Bu yay bəzi idmançılar Paris 2024-də öz milli komandalarının formasını, yoxsa öz şəxsi inanclarını təmsil etmək dilemması ilə üz-üzə qalacaqlar.

Təbriz ətrafında doğulan Əlizadə…

Ötən yay keçirilən Qadınlar arasında Dünya Futbol Çempionatında mərakeşli müdafiəçi Nuhayla Benzina bu yarışda baş örtüyü taxan ilk idmançı olmaqla tarixə düşüb. FIFA-nın 2014-cü ildə qəbul etdiyi qayda dəyişikliyinə əsasən, dini səbəblərdən baş örtüyü taxmağa icazə verilməyə başlanıb.

2016-cı ildə keçirilən Rio-de-Janeyro Olimpiadasında qılıncoynadan İbtihac Məhəmməd olimpiya oyunlarında baş örtüyü ilə yarışan ilk amerikalı olduğundan adı xəbər başlıqlarına çıxıb. O, sonradan Amerikanın tanınmış idman markalarından birinin istehsal etdiyi hicabın reklam kampaniyasına qatılıb.

Olimpiya oyunlarında baş örtüyü ilə yarışan və medal qazanan başqa bir idmançı iranlı taekvondoçu Kimya Əlizadədir. Təbriz ətrafında doğulan Əlizadə sonradan Almaniyaya mühacirət edərək İran hökumətinin məcburi hicab siyasətini tənqidə tutub.

O, 2021-ci ilin Tokio Oyunlarında Qaçqınlar komandasının bayrağı altında və hicabsız yarışıb.

XS
SM
MD
LG