Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:42

Paşinyan: Sülhməramlıların mandatı ilə bağlı xəbər budur ki...


Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistan hökuməti Dağlıq Qarabağın statusu məsələsini təxirə salmağı düzgün sayır. Baş nazir Nikol Paşinyan dünən – noyabrın 2-də parlamentdə büdcə müzakirələrində deyib ki, bu təklifi Rusiya tərəfi irəli sürüb. Onun sözlərinə görə, təklif belə əsaslandırılıb ki, hazırda qarşılıqlı qəbulolunan status müəyyənləşdirmək imkanı yoxdur, ona görə də Ermənistan bu mövqeyi dəstəkləyir.

Cermux sakini: 'Azərbaycan hərbçilərini hələ də orda görürük'
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

Üç komponent

“Məsələnin üç komponenti var: Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi, hüquqları və statusu. Gördünüz ki, “status” sözünü bugünkü həllə problem kimi bir kənara qoymağa çalışdıq. Niyə? Məhz belə bir baxış əsasında rusiyalı həmkarlarımızla razılaşdıq, indi bu mövzunun həllinə çalışmağa dəyməz, çünki qaçılmaz böhrana gətirər”, – o deyib.

Paşinyanın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə son danışıqlarda erməni tərəfi israr edib ki, üçtərəfli bəyanatda Rusiyanın təkliflərinə istinad olunsun. Həmin təkliflərdə statusun müzakirəsi qeyri-müəyyən vaxta təxirə salınır. AzadlıqRadiosunun erməni xidməti yazır ki, baş nazirin dediklərinə, yəni, Rusiyayla Ermənistanın hansısa məqamda Qarabağın statusunun müzakirəsinə tərəfdar olmasına baxmayaraq, Soçi bəyanatında Qarabağın adı çəkilmir.

Paşinyan dünən deyib ki, rusiyalı həmkarların çağırışıyla daha çevik olmağa, vəziyyəti çıxmaza salmamağa çalışıblar.

İran dronlarının özəllikləri: Ermənistan bu dronları almağa niyə ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

Qərb və Rusiyanın təklifi

Baş nazir parlamentdə Rusiya və Qərbin Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsiylə bağlı təkliflərindən də danışıb, ancaq detalları açıqlamayıb.

Paşinyan deyir ki, təklif müəllifləri özləri detallara toxunublar. Amma indiyədək yalnız Rusiya Prezidenti Vladimir Putin bu haqda danışıb. Putin tənzimlənmənin iki variantı olduğunu iddia edib. “Vaşinqton variantı”na görə, Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınır. “Rusiya variantı”nda isə sülh sazişində Qarabağ məsələsi qeyd olunur, amma Putin deyir ki, bunu Azərbaycanla razılaşdırmaq lazımdır.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays (Ned Price) isə Putinin bu açıqlamasını “dezinformasiya” adlandırıb.

Sülhməramlıların mandatına etiraz mexanizmi ləğv olunur?

Paşinyan onun hökumətinin addımlarının Rusiyanın konsepsiyasına zidd olması barədə opponentlərinin dediklərini təkzib edib. O, Soçi görüşünü faydalı və vacib adlandırıb, “sülh gündəminin reallaşdırılmasına doğru addım atıldığını” vurğulayıb.

Baş nazir Qarabağda sülhməramlıların mandatını uzatmaq təklifinin rədd edildiyini deyib. Ancaq əlavə edib ki, bu təklif qəbul olunmasa da, gündəliyə salınıb:

“Müddət o halda uzadılmaya bilər ki, tərəflərdən biri müddətin bitməsinə altı ay qalmış buna etiraz eləsin. Xəbər budur: etiraz institutunun heç gərəkmədiyi qeyd edilir, sülhməramlıların uzunmüddətli perspektivdə qalması təmin olunur”.

Müxalifətin reaksiyası

Azatutyun yazır ki, müxalifətin “Şərəfim var” fraksiyasından deputat Tiqran Abraamyan Paşinyanın nikbinliyini əsassız hesab edir: belə ki, Soçi bəyanatında Dağlıq Qarabağın adı çəkilmir, Azərbaycan Qarabağ münaqişəsinin mövcudluğunu rədd edir və deputatın fikrincə, bunu sənədlə möhkəmləndirir. Deputatın fikrincə, hakimiyyət Azərbaycanla danışıqlar prosesini, o cümlədən son görüşü müsbət fonda təqdim etməyə, bununla da ictimai narazılığı önləməyə çalışır.

“Elə bir nöqtəyə çatmışıq ki, heç 9 noyabr (atəşkəs bəyanatı) sənədinin məntiqi belə saxlanmır, bütün müddəalar Ermənistanın əleyhinə işləyib. 9 noyabr sənədi daha aydın, işıqlı, pozitiv tonda görünür, nəinki hazırda Artsax (Qarabağ) məsələsində gördüyümüz proses”, – o vurğulayıb.

Deputatın fikrincə, gücdən istifadə təhdidi də qüvvədə qalır.

Soçi bəyanatında tərəflər güc tətbiqindən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə razılşıblar.

+++

Sülhməramlıların mandatını uzatmaq təklifi rədd olunub

Oktyabrın 31-də Soçidə üçtərəfli görüşdə Yerevan Qarabağdakı Rusiya sülhməramlılarının missiyasını qeyri-müəyyən – 20, 15, 5 il müddətinə uzatmağı təklif edib. Bunu bu gün – noyabrın 2-də parlamentdəki 2023-cü ilin büdcə müzakirələrində Baş nazir Nikol Paşinyan deyib.

Paşinyanın sözlərinə görə, bu təklif qəbul olunmayıb.

“Məsələ gündəliyə salınıb”

“Ancaq qeyd etməliyəm ki, fikrimcə, məsələ gündəliyə salınıb”, – Paşinyan deyib.

Paşinyan Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyevlə Soçi görüşünün yekunlarına dair birgə bəyanata imza atıb. Bəyanatda tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşmasına, Cənubi Qafqazda sülhə, sabitliyə, təhlükəsizliyə sadiqlik bildiriblər. Tərəflər güc tətbiqindən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə razılşıblar.

Putin sülhməramlılarla bağlı deyib ki, kontingentin mandatını uzatmaqla bağlı qərar digər məsələlərdən – sülh sazişinin imzalanmasından, sərhədlərin delimitasiyasından asılıdır:

“Bu məsələlər həllini tapsa, onda sülhməramlılar məsələsi də başqa cür qoyulacaq. Ancaq həll olunmasa, yaxud müəyyən həcmdə həll edilsə, sülhməramlı kontingentimizin taleyi də bundan asılı olacaq”.

Status məsələsini qeyri-müəyyən vaxta saxlamaq

Paşinyan Soçi görüşünün yekunlarıyla bağlı deyib ki, sülh gündəminin reallaşmasına doğru çox vacib addım atılıb. O, görüşü faydalı və əhəmiyyətli adlandırıb.

Onun sözlərinə görə, sammitin həm qapalı, həm də açıq hissəsində mühüm məsələlər qaldırılıb.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin dünən (1 noyabr) deyib ki, Qarabağın statusu məsələsini gələcək nəsillərə saxlamaq lazımdır. Paşinyan da deyir ki, rusiyalı tərəfdaşlar Qarabağın statusunu qeyri-müəyyən müddətə təxirə salmağı düzgün yanaşma sayırlar və bunu belə əsaslandırırlar ki, hazırda qarşılıqlı qəbulolunan status tapmaq çətindir.

Baş nazir Ermənistan hökumətinin siyasətinin bu baxışa 100 faiz uyğun gəldiyini söyləyib.

Paşinyanın sözlərinə görə, üçtərəfli danışıqlarda Ermənistan tərəfi israr edib ki, birgə bəyanatda Rusiyanın təkliflərinə istinad olunsun. “Ancaq rusiyalı həmkarlarımızın çağırışına uyğun olaraq, daha çevik olmağa, vəziyyəti dalana salmamağa çalışdıq”, – o vurğulayıb.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla (10 noyabr) döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

2021-ci ilin yanvarında üç ölkə lideri Moskvada görüşüb, baş nazir müavinləri səviyyəsində işçi qrup yaratmağa razılaşıblar. Məqsəd regionda nəqliyyat xətləri və iqtisadi əlaqələrin bərpasıdır.

Ötən ilin dekabrından iki ölkə arasında sülh danışıqları Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə aparılırdı. Azərbaycanla Ermənistan liderlərinin sonuncu görüşü də oktyabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti və Fransa dövlət başçısının iştirakı ilə Praqada gerçəkləşib. Azərbaycanla Ermənistan sərhəddə mülki Aİ missiyası göndərilməsinə razılıq verib və həmin missiya artıq fəaliyyətə başlayıb.

XS
SM
MD
LG