Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:49

Paşinyan: ‘Ermənistan Qarabağ xalqının taleyini həll edə bilməz’


Nikol Paşinyan mətbuat konfransında
Nikol Paşinyan mətbuat konfransında

“Mən Stepanakertə (Xankəndi-red) yardımın Ağdamdan keçərək gətirilməsini müzakirə etməmişəm”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında deyib:

“Yox, mən belə bir məsələni müzakirə etməmişəm və düşünmürəm ki, belə bir məsələni müzakirə etmək üçün mandata malikəm. Amma mənim Laçın dəhlizi ilə bağlı məsələni müzakirə etmək üçün mandatım var, çünki Laçın dəhlizi 9 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq yaradılıb. Bu müstəvidə biz Laçın dəhlizinin qanunsuz bloklanmasını və Laçın dəhlizinin açılmasını müzakirə edirik. Mən başqa məsələləri müzakirə etmirəm”.

Paşinyan ona dəfələrlə verilən bu suala hər dəfə eyni cavabı verib və əlavə edib ki, “biz yalnız bizə dəxli olan məsələləri müzakirə edə bilərik”.

İyulun 15-də Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilmiş üç saatlıq danışıqlarından sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel demişdi ki, Laçın dəhlizi mütləq açılmalıdır, amma Qarabağa humanitar yüklər Ağdamdan da gətirilə bilər.

Bakı-Xankəndi dialoqu

Nikol Paşinyan Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciətinin mümkün olub-olmamasına dair suala cavab verərkən deyib ki, bu quruma müraciət edilməsində heç bir çətinlik yoxdur, amma orada qəbul ediləcək qərarın necə olacağı məlum deyil.

Paşinyan bu mətbuat konfransında bəyan edib ki, Ermənistan Respublikası Qarabağ ermənilərinin taleyini həll edə bilməz:

“Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizliyi Dağlıq Qarabağ nümayəndələrinin iştirakı ilə Bakı-Stepanakert (Xankəndi-red) dialoqu formatında, beynəlxalq mexanizm çərçivəsində müzakirə edilməlidir. Düşünürəm ki, Dağlıq Qarabağ xalqının və hökumətinin bütün narahat edən məsələləri bu formulda müzakirə etmək imkanı olacaq...”

Əgər Rusiya sülhməramlıları çıxıb getsələr...

Paşinyan Qarabağ məsələsinin Ermənistan-Azərbaycan sülh müqaviləsinə daxil edilib-edilməyəcəyinə dair suala belə cavab verib:

“Bizim bu məsələ barədə qərarımız yoxdur, amma bu o demək deyildir ki, mövqeyimiz də yoxdur. Mən danışıqlar masası arxasında hələ belə bir mesaj eşitməmişəm ki, Azərbaycan Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin müzakirəsindən imtina etsin”.

O əlavə edib ki, hərçənd Azərbaycan nümayəndələrinin bəyanatlarından Bakının buna hazır olduğu görünmür.

Paşinyanın sözlərinə görə o Qarabağdan eşidilən belə mövqeləri də başa düşmür ki, bu məsələnin Azərbaycanla müzakirəsi istisna olunur:

“Əgər Rusiya Dağlıq Qarabağdan çıxıb getməyi qərara alsa, bu ən azı o demək olacaq ki, Dağlıq Qarabağda artıq təhlükə yoxdur, yəni məsələn Bakı və Stepanakert (Xankəndi-red) arasında beynəlxalq mexanizm çərçivəsində dialoq səmərəli olub”.

Ermənistanın baş naziri xatırladıb ki, Rusiyanın Qarabağa sülhməramlı qüvvə yeritmək qərarının səbəbi Rusiya Federasiya Şurasının sənədlərində əksini tapıb. Orada deyilir ki, “sülhməramlılar Dağlıq Qarabağın mülki əhalisinin kütləvi qırılmasının qarşısının alınması üçün yeridilir”.

"Mən 29 min 800 kvadrat kilometrin baş naziriyəm"

Paşinyan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına qarşı çıxışlar barədə deyib:

“Elə buna görə də deyirəm ki, biz ayrıca planetdə yaşamırıq. O adamlar ki, Ermənistan hökumətinə Azərbaycanın ərazi bütövlüyünü tanımaq qadağan olunmalıdır deyirlər, onlar de facto nəzərdə tuturlar ki, Azərbaycana da Ermənistanın ərazi bütövlüyünü tanımaq qadağan olunacaq. Başqa sözlərlə bu, Azərbaycana Ermənistan Respublikasının ərazi bütövlüyünü tanımamaq imkanı verəcək...Mən 29 min 800 kvadrat kilometrin baş naziriyəm”.

Paşinyan mətbuat konfransı zamanı deyib ki, Yerevan Qarabağ ermənilərinin Ermənistana köçürülməsi məsələsini müzakirə etmir.

“Mən belə ssenarini müzakirə etmək istəmirəm”

Paşinyan “əgər Qarabağda hərbi əməliyyatlar başlanarsa, Ermənistan nə edəcək” sualına cavab olaraq bildirib ki, Qarabağda hərbi əməliyyatlar başlanmamalıdır:

“Mən belə ssenarini müzakirə etmək istəmirəm”.

Baş nazir “sülh müqaviləsi irəli sürülmüş problemlərin həllini təmin edəcəkmi" sualına cavab olaraq bildirib:

“Bizim ən böyük qayğımız budur ki, biz sülhü təmin etməyə ən böyük şans verən sülh müqaviləsi imzalayaq. Başqa cür olsaydı, biz nyuanslara varmadan sülh müqaviləsini imzalayardıq”.

Paşinyan danışıqlar prosesində Rusiya və Qərbin rolu barədə danışarkən deyib ki, ABŞ-ın vasitəçiliyi son dərəcə səmərəlidir, amma Ukraynada müharibəyə görə Rusiyanın danışıq imkanları azalıb.

Hərbi əsirlər məsələsinə toxunan baş nazir bildirib ki, Azərbaycan erməni hərbi əsirləri “siyasi alver və təzyiq vasitəsi” kimi saxlayır.

Azatutyun yazır ki, Ermənistanın məlumatına görə Azərbaycanda hazırda 33 hərbi əsir var. Amma Azərbaycan 2020-ci il üçtərəfli bəyanatından sonra saxlananları əsir yox, “terrorçu” hesab edir.

Bəs Gəncə, Sumqayıt erməniləri necə olsun?

Paşinyana vaxtilə Ermənistanda yaşamış azərbaycanlıların yurdlarına qaytarılması məsələsinin müzakirə olunub-olunmadığına dair də sual verilib.

Baş nazir deyib ki, Azərbaycan Qarabağ erməniləri barədə müzakirələr zamanı belə bir məsələ qaldırıb:

“Buna bizim cavabımız belə olub ki, Sovet Ermənistanını tərk etmiş azərbaycanlılarla Dağlıq Qarabağ ermənilərinin məsələsi eyni deyil. Əgər belə bir mövzu varsa, o həm də Bakıdan, Sumqayıtdan, Gəncədən, Naxçıvandan olan ermənilərə şamil edilməlidir”.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

3 ölkənin liderləri arasında daha sonra da bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha bir neçə bəyanat imzalanıb.

XS
SM
MD
LG