Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:38

Blinken Paşinyanı Azərbaycanla danışıqların bərpasına çağırır


Armenia-Prime Minister Nikol Pashinian had a telephone conversation with US Secretary of State Anthony Blinken,undated
Armenia-Prime Minister Nikol Pashinian had a telephone conversation with US Secretary of State Anthony Blinken,undated

ABŞ dövlət katibi Entoni Blinken (Antony Blinken) yanvarın 18-də Ermənistanın baş naziri Nikol Paşinyana zəng edib.

Reuters agentliyi ABŞ Dövlət Departamentinə istinadla yazır ki, Blinken və Paşinyan Azərbaycanla ikitərəfli danışıqların bərpası üçün atılacaq addımları müzakirə ediblər.

Dövlət Departamentinin sözçüsü Ned Praysın (Ned Price) verdiyi açıqlamada deyilir ki, cənab Blinken Ermənistan baş nazirinin sülhə sadiqliyini alqışladığını bildirib:

“Dövlət katibi habelə Laçın dəhlizinin bağlanmasına görə Dağlıq Qarabağda pisləşən humanitar vəziyyətdən dərin narahatlığını bildirib. Blinken ABŞ-ın uzunmüddətli sülh üçün göstərilən səylərə və güclü çoxsahəli ikitərəfli münasibətlərə dəstəyini bir daha təsdiqləyib”.

ABŞ dövlət katibi Paşinyanla telefon söhbəti barədə Twitter-də də yazıb:

“Mən baş nazir Paşinyanla Azərbaycanla ikitərəfli sülh müzakirələrinin bərpa olunması üçün addımları müzakirə etdim. Bu, iki ölkə arasında dayanıqlı sülhün yeganə yoludur. Mən habelə Dağlıq Qarabağda pisləşməkdə olan humanitar vəziyyətdən dərin narahatlığımı ifadə etdim”.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun baş nazirin ofisindən verilən məlumata istinadən yazır ki, Paşinyan Blinkenə Azərbaycanın yaratdığı blokadanın 2020-ci il üçtərəfli razılaşmasının Bakı tərəfindən pozulması olduğunu deyib.

Paşinyan deyir ki, Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır

Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 18-də deyib ki, Ermənistan Azərbaycanla Praqa razılaşmaları əsasında sülh müqaviləsi imzalamağa hazırdır:

“Biz çox dəqiq bəyan edirik ki, Azərbaycanla Praqa razılaşmaları əsasında sülh müqaviləsi imzalanmasına hazırıq”.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, Ermənistan baş naziri bu bəyanatı yanvarın 18-də Milli Məclisdə həftəlik qaydada keçirlən “hökumət saatı” zamanı verib.

Oktyabrın 6-da Praqada Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronun iştirakilə keçirilən dördtərəfli görüşdə prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan Azərbaycan və Ermənistanın BMT Nizamnaməsinə və 1991-ci il Almatı bəyannaməsinə sadiq olduğunu təsdiq etmişdilər.

Almatı bəyannaməsində keçmiş sovet respublikaları arasında sərhədlərin toxunulmazlığı təsbit edilir. Bu sənədə əsasən keçmiş sovet respublikaları bir-birlərinin ərazi bütövlüyü və suverenliyini tanıyırlar.

Lavrov: 'Sülhməramlıların Laçın dəhlizindən silah daşınmadığını yoxlamaq hüququ var'
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Paşinyan yenə Əliyevi tənqid edir

Bununla belə Paşinyan deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin son bəyanatları bu razılaşmalara ziddir.

İlham Əliyev yanvarın 10-da etdiyi çıxışda demişdi ki, Azərbaycanı onun bir hissəsi olan Naxçıvanla birləşdirəcək “Zəngəzur dəhlizi Yerevanın bunu istəyib-istəməməsindən asılı olmayaraq gec ya tez açılacaq”.

Paşinyan bu barədə deyib:

“Adamlar üçün aydın olur ki, Laçın dəhlizi barədə bəyanatlar və başqa bəyanatlar Azərbaycanın öz üzərinə götürdüyü öhdəlikləri birbaşa pozur”.

Qarabağdakı separatçı rejimin daxilində fikir ayrılığı müşahidə olunur
Gözlə

No media source currently available

0:00 0:03:13 0:00

Paşinyanın sözlərinə görə bu bəyanatlar təxribat xarakteri daşıyır və eskalasiyaya hesablanıb və odur ki, erməni tərəfinin düzgün reaksiyası regionda stabilliyin müəyyənləşdirici faktoru olmalıdır.

Baş nazir xatırladıb ki, beynəlxalq birlik də Laçın dəhlizinin blokadasının və Azərbaycanın aqressiv bəyanatlarının sülhün bərqərar edilməsi üçün yeni maneələr yaratdığını qeyd edir:

“Lakin belə bir sual doğur: Kim deyə bilər ki, Azərbaycanın istədiyi məhz bu deyil, kim deyə bilər ki, Bakının uzunmüddətli məqsədi belə təxribatçı bəyanatlarla sülh prosesini pozmaq deyil?”.

Paşinyan qeyd edib ki, Ermənistanın bu məsələyə reaksiyası asimmetrik olmalıdır.

Xankəndində bankomatların qarşısında növbələr yaranıb
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

Xatırlatma

Dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırır.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG