Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:06

Paşinyandan müsahibə alan 'ispan jurnalist' Rusiya casusuymuş?


Pavel Rubtsov, həm də Pablo Qonzales
Pavel Rubtsov, həm də Pablo Qonzales

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun müxbirləri Hegine BunyatyanHasmik Smbatyan yazırlar ki, Qarabağdan köçkün düşmüş Armine (Ad dəyişdirilib-red) bu yaxınlarda Rusiya və Qərb arasında həyata keçirilmiş məhbus mübadiləsini görüntüləyən süjetə baxarkən heyrətlənib. Bu videoda prezident Vladimir Putinin hava limanında Rusiyaya qaytarılmış məhbusları qarşılaması görünürdü.

Armine Rusiyaya qaytarılmış məhbusların arasında bir nəfəri tanıya bilmişdi. Bu, Qarabağa tez-tez baş çəkən ispan jurnalist idi:

“Mən Pablonu 10 il əvvəl görmüşdüm...O özünü İspaniya jurnalisti kimi təqdim edir və Qarabağ rəsmilərindən müsahibə almaq, Qarabağ ətrafındakı yeddi rayona baş çəkmək və yerlilərlə söhbət etmək istədiyini bildirirdi”.

Armine Azatutyuna bunu da deyib ki, həmin şəxsin Qarabağda çoxlu tanışları vardı və onu yaxşı qarşılayırdılar. Arminenin sözlərinə görə adətən kənardan gələnlərə şübhə ilə baxan Qarabağ hökuməti də (separatçı rejim – red) Pablo barədə tam əmin idi.

Arminenin tanıdığı şəxs İspaniya-Rusiya əsilli müstəqil jurnalist Pablo Qonzales idi. Onun pasportunda adı Pavel Rubtsov yazılmışdı. Rubtsov 2022-ci ildə Polşada Rusiya hərbi kəşfiyyatı – GRU-nun agenti kimi həbs olunmuşdu.

Müəlliflər yazırlar ki, Arminedən başqa Qonzales barədə Azatutyuna Qarabağdan olan başqa ermənilər də danışmışdılar.

Pavel Rubtsov 19 avqustda Moskva hava limanında təyyarədən enir
Pavel Rubtsov 19 avqustda Moskva hava limanında təyyarədən enir

Polşa sərhədində həbs

Çoxları deyirlər ki, Qonzales qətiyyən şübhə doğurmurdu. O regiondakı hadisələr barədə reportajlar hazırlamaqdan başqa, həm də jurnalist statusundan baş nazir Nikol Paşinyandan müsahibə almaq və hakim “Vətəndaş müqaviləsi” partiyasının qərargahında fotolar çəkmək üçün istifadə edirdi.

Hamı deyirdi ki, 42 yaşlı Qonzales münaqişə haqqında yazmağa çox həvəslidir.

Xankəndidə Qonzalesin qaldığı keçmiş Avropa otelinin (hazırda “Xankəndi” oteli – red) direktoru Sergey Şahverdiyan deyir ki, o müharibədən qətiyyən qorxmurdu.

Lakin Putin 2022-ci ildə Ukraynaya tammiqyaslı hərbi müdaxiləyə başlayanda Polşa hakimiyyət orqanları Qonzalesi sərhəd şəhəri Pşemıslda həbs etmişdi. Bu şəhərdən müharibədən qaçan yüz minlərlə ukraynalı keçirdi.

Polşada həbs
Polşada həbs

“Dərin konspirasiyalı casus”

Həbsin ardınca Polşanın əks-kəşfiyyat orqanları iddia etmişdilər ki, Qonzales özünün jurnalist statusundan Rusiyaya casusluq məqsədi ilə istifadə edib.

Britaniyanın MI6 hərbi kəşfiyyatının başçısı Riçard Mur (Richard Moore) daha sonralar bildirmişdi ki, Qonzales “dərin konspirasiyalı” casus kimi Ukrayna ərazisinə keçmək və orada pozucu fəaliyyətlə məşğul olmağı planlaşdırırmış.

Polşa prokurorları Qonzalesə Polşa və NATO-ya qarşı ziyanlı fəaliyyət ittihamı irəli sürsələr də, göründüyü kimi o məhbus dəyiş-düyüşü ilə Rusiyaya qaytarılıb.

Polşa hakimiyyət orqanları Qonzales haqqında geniş məlumat verməsə də, bundan əvvəl keçirilən jurnalist təhqiqatı Qonzalesin Rusiya müxalifəti fəalları arasına sirayət etdiyini və onlar barəsində casus hesabatları yazdığını üzə çıxarmışdı.

Ermənistanlı fotoqraf Karo Sahakyan Azatutyuna deyib ki, Qonzalesi ilk dəfə 2020-ci ilin Qarabağ müharibəsi zamanı görüb.

O deyir ki, Qonzalesdən şübhələnməyib və heç indi də şübhələnmir.

Təlim görmüş hərbçi kimi

Qonzales 2020-ci il müharibəsi zamanı Avropa otelində (hazırda “Xankəndi” oteli-red) otaq tutmuşdu.

Şahverdiyan xatırlayır ki, Qonzales İspaniya vətəndaşı və müstəqil jurnalist kimi qeydiyyatdan keçmişdi, amma bir çox jurnalistlərdən fərqli olaraq döyüş meydanlarına təlim görmüş hərbçi kimi atılırdı.

Hazırda Ermənistanda köçkün olan Şahverdiyan bunu da qeyd edir ki, Qonzales rusca çox yaxşı danışırdı:

“O bunu belə izah edirdi ki, Rusiyada doğulub və böyüyüb. Nənə və babalarının kommunist olduqlarını deyirdi”.

Pavel Rubtsovun Rusiya pasportu
Pavel Rubtsovun Rusiya pasportu

“Tatik-Papik” tatusu

“Amerikanın səsi” radiosunun Qonzales barəsində məlumatında onun arvadına və dostuna istinadla qeyd olunurdu ki, Qonzalesin babası Andres Qonzales İspaniya Vətəndaş Müharibəsi zamanı ailəsi ilə birlikdə Sovet İttifaqına qaçıb. Məlumatda deyilirdi ki, Qonzales 9 yaşında olanda anası ilə birlikdə İspaniyaya köçüb. Bu da deyilməlidir ki, Qonzales müstəqil jurnalist kimi “Amerikanın səsi” üçün də reportajlar hazırlayıb.

Onu tanıyan erməni və xarici jurnalistlər Qonzalesi gülərüz, zarafatcıl və adamlara tez yovuşan birisi kimi təqdim edirlər. O hay-küylü qonaqlıqları sevir və tez-tez bədənindəki döymə rəsmləri göstərirdi.

Sahakyan deyir ki, onun çiynində Qarabağın simvolu kimi tanınan “Tatik-Papik (“Nənə və Baba”) abidəsinin döymə rəsmi vardı. O deyirdi ki, Qarabağ müharibəsi onun qəlbinə çox doğmadır və tatunu bu səbəbdən bədəninə döydürüb.

Sahakyan bunu da xatırlayır ki, Qonzales özünü bask (İspaniyada milli azlıqlardan biri – red) və müstəqil jurnalist kimi təqdim edirdi. Sahakyan deyir ki, o yalnız ingiliscə danışır və tək işləyirdi.

Pavel Rubtsov Nemtsovun qızı Janna ilə
Pavel Rubtsov Nemtsovun qızı Janna ilə

Nemtsovun qızı

El Independiente qəzetinin ispan redaksiyası bu ay yazmışdı ki, Qonzales İspaniya hakimiyyət orqanlarının radarına hələ 2016-cı ildə düşmüşdü. Onun Rusiya üçün iddia edilən casusluq fəaliyyətinə 2015-ci ildə Kremlin yaxınlığında qətlə yetirilmiş Boris Nemtsovun qızı Janna Nemtsovanın izlənməsi də daxil idi.

2023-cü ildə Rusiyanın müstəqil Agentstvo saytı bildirirdi ki, Polşa müstəntiqləri Qonzalesin elektron cihazlarından Nemtsovun məktublarını aşkar etmişdilər. Onun bu məktubları Nemtsovadan köçürdüyü ehtimal olunur.

Agentstvo və başqa medialar aşkar etmişdilər ki, özünü müstəqil İspaniya jurnalisti kimi qələmə verən Qonzales Nemtsovanın yaxın çevrəsinə hardasa 2016-cı ildə daxil ola bilib.

Agentstvo bunu da bildirirdi ki, Qonzales bəzən GRU agentli ilə birlikdə səfərə çıxar və bu zaman onların hər ikisinin təyyarə biletləri eyni ünvandan sifariş edilmiş və Moskvadakı eyni vağzaldan alınmış olardı.

Baş nazir Nikol Paşinyanla müsahibə, 20 oktyabr, 2020-ci il
Baş nazir Nikol Paşinyanla müsahibə, 20 oktyabr, 2020-ci il

Paşinyanla müsahibə

Azatutyun müxbirləri yazırlar ki, Qonzales habelə Ermənistanın daxili siyasi həyatına, xüsusilə də Yerevanın qonşuları ilə münasibətlərinə maraq göstərirdi.

O 2020-ci il müharibəsi zamanı İspaniyanın EFE xəbər agentliyinin adından Ermənistanın baş naziri Nikol Paşinyandan müsahibə ala bilmişdi.

2020-ci ildə alınmış müsahibənin həmin ilin oktyabrında Paşinyanın ofisi tərəfindən açıqlanmış mətnindən görünür ki, Qonzales Paşinyana müharibənin gedişi və Moskvanın bir müttəfiq kimi Yerevanı kifayət qədər dəstəkləyib-dəstəkləmədyinə dair suallar verib.

Paşinyan həmin müsahibədə demişdi ki, Rusiya strateji partnyor kimi Ermənistana dəstək verir və regionda sabitlik və sülhün bərqərar olması üçün vasitəçilik edir.

Müharibədən bir il sonra

Qarabağ müharibəsindən bir il sonra Qonzales özünün ispandilli internet saytında münaqişə barəsində yazmış və 2021-ci ilin növbədənkənar parlament seçkisi zamanı Yerevana səfər etmişdi.

Müəlliflər yazırlar ki, müharibədən dərhal sonra Ermənistan müxalifəti və bir sıra yüksək vəzifəli hərbçilər Nikol Paşinyanın istefasını tələb edirdilər. Qonzales həmin dövrdə Ermənistanın siyasi həyatını əks etdirən fotolar çəkmiş, Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyasının qərargahında olmuş, keçmiş prezident Robert Koçaryanın keçirdiyi mətbuat konfransına qatılmışdı.

Azatutyun yazır ki, Qarabağda tanış olduğu insanlardan fərqli olaraq nə hakim partiyanın, nə də müxalifətin nümayəndələri Qonzalesi xatırlaya bilməyiblər.

Həmin dövrdə Qonzales Ermənistanın Metsamor Atom Elektrik Stansiyası barəsində də reportaj hazırlamışdı. Onun internet saytında dərc olunmuş həmin məqalədə AES-in dəqiq yeri, işlək vəziyyətdə olan reaktorlarının sayı və Rusiya tərəfindən yanacaqla təchiz olunmasına dair məlumatlar var.

Putinin qırmızı xalısı üzərində
Putinin qırmızı xalısı üzərində

Qonzales avqustun 19-da, keçmiş çeçen komandir Zelimxan Xanqoşvilini qətlə yetirmiş FTX agenti Vadim Krasikov və başqa casuslarla Moskva hava limanında təyyarədən Putinin döşətdiyi qırmızı xalı üzərinə qədəm basanda onun əynində “Ulduz müharibələri” mövzulu köynək vardı. Köynəyin üzərində “Sənin imperiyanın sənə ehtiyacı var” yazılmışdı.

Putin Qərbdən qaytarılan məhbuslara vəzifələrinə, içdikləri anda və vətənə sadiq qaldıqları üçün təşəkkürünü bildirmişdi.

Ertəsi gün isə Rusiya Xarici Kəşfiyyat İdarəsinin başçısı Sergey Narışkin demişdi:

“Onlar bir az dincəlib işlərinə qayıdacaqlar”.

XS
SM
MD
LG