Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:53

Milli Məclisin deputatı: '...Paşinyan Bakıya dəvət oluna bilər'


Nikol Paşinyan
Nikol Paşinyan

Azərbaycan bu il noyabrın 11-dən 22-nə kimi BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək. Rəsmi məlumatlara görə, ölkəyə 11 gün davam edən bu tədbirə qatılmaq üçün 50-70 min civarında qonağın gəlməsi planlaşdırılır.

Prezident İlham Əliyev aprelin 26-da Berlində Almaniya kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında bildirib ki, COP29 qarşıdurma arenası olmayacaq: "Azərbaycan ev sahibi kimi körpülər yaradacaq. Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir, o cümlədən yaşıl enerjiyə keçid və iqlim dəyişikliyi ilə bağlı".

Bir çox ekspertlər hesab edir ki, Ermənistan və Azərbaycan arasında noyabra qədər sülh imzalanarsa, COP29 konfransına Ermənistan baş naziri Nikol Paşinyan da dəvət ala bilər.

Hələlik, Ermənistan baş nazirinin tədbirə dəvət edilib-edilməyəcəyini rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Fəzail Ağamalı
Fəzail Ağamalı

"Sülh sazişi bağlanmasa da belə..."

Amma Milli Məclisin deputatı Fəzail Ağamalı "Turan"a bildirib ki, Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşmasına doğru müəyyən addımlar atılır: "Paşinyan artıq Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının qaçılmaz olduğunu dərk edib. Hətta o, bununla bağlı son vaxtlar bəyanatlarla çıxış edir".

Deputatın fikrincə, iki ölkə arasında proses gedir və bu noyabra qədər ya çərçivə sazişi, ya da sülh müqaviləsi ilə nəticələnə bilər: "Belə olarsa, hüquqi və beynəlxalq əsaslar yaranacaq, Nikol Paşinyan COP29 tədbirinə dəvət oluna bilər. Əgər sülh sazişi bağlanmasa da belə, proseslər müsbət gedərsə, Paşinyanı Bakıya dəvət etmək olar. Nəzərə almaq lazımdır ki, o, 44 günlük Vətən müharibəsindən və ötən ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra Azərbaycan dövlətinə, onun milli maraqlarına qarşı ciddi fikirlər söyləməyib".

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

F.Ağamalının habelə vurğulamasına görə, Paşinyan COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsinə etiraz etməyib: "Ona görə də Nikol Paşinyanı bu tədbirdən kənarlaşdırmaq doğru deyil. Paşinyanı COP29-a dəvətdən sonra iki ölkə arasında münasibətlər yaxşılaşa bilər, eyni zamanda, bu dəvət dünyada yaxşı qarşılana bilər. Yenə biz sülhpərvər bir dövlət kimi xoş niyyətimizi həm dünyaya, həm Paşinyana göstərmiş olarıq".

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

"İnsan haqları baxımından da rolu var"

Siyasi şərhçi Zərdüşt Əlizadə isə AzadlıqRadiosuna bildirib ki, belə bir beynəlxalq tədbirin keçirilməsi Azərbaycanı dünyada tanıdır: "Deyilənə görə, 60 minə yaxın qonaq gələcək. Onların arasında tanınmış ictimai-siyasi xadimlər, siyasətçilər, iqlim sahəsində dünya səviyyəsində tanınmış mütəxəssislər olacaq. Onların Azərbaycanla tanışlığı Azərbaycan şöhrətinə müsbət təsir göstərəcək".

Z.Əlizadənin sözlərinə görə, COP29 təkcə iqlimlə bağlı tədbir deyil, onun insan haqları baxımından da rolu var: "İnsan haqları və iqlimi bir birinə bağlayan mütəxəssislər var. Onlara görə, insan haqları nə qədər geniş olsa, möhkəm təmin edilsə, sıravi insanların iqlim dəyişikliyinə qarşı daha sərbəst mübarizə aparmaq imkanları genişlənir".

Bəzi ekspertlər hesab edir ki, Azərbaycan rəsmiləri insan haqlarını nə qədər ölkənin daxili işi saysalar da, bununla bağlı COP29 ərəfəsində Azərbaycana beynəlxalq təzyiqlər arta bilər. Onlar buna səbəb kimi son aylar Azərbaycanda jurnalist və fəalların həbsinin artmasını göstərirlər. Rəsmilər isə belə həbslərin siyasi olmadığını iddia edirlər.

Xatırlatma

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il fərqli bir ölkədə keçirilir.

Bundan əvvəlki tədbir - COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.

Azərbaycanın COP29-a nə qədər vəsait xərcləyəcəyi hələ ki məlum deyil. Amma 2021-ci ildə Britaniyada keçirilən COP26-nın təqribən 400 milyon dollara başa gəldiyi bildirilir. Bu vəsaitlərin böyük hissəsinin milli büdcədən ödəndiyi vurğulanır.

XS
SM
MD
LG