Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:19

Pay torpaqları kəndlilərdən xəbərsiz icarəyə verilib


Sahə
Sahə

«Vaxtilə Heydər Əliyevin fərmanı ilə kəndlilərə pay torpağı kimi paylanan torpaqları indi əlimizdən alıb arxasında generallar, nazirlər dayanan adamlara icarəyə verirlər. İş orasındadır ki, özümüz bundan torpaqlarımızda əkin aparılanda xəbər tuturuq».

49 İLLİK İCARƏYƏ VERİLİB

İsmayıllının Tircan kəndinin sakinləri təqribən 20 il öncə onlara pay torpağı kimi ayrılmış sahələrin 10 ilə yaxındır ki, onlardan xəbərsiz icarəyə verildiyini bildirirlər. Kənd sakinlərinin sözlərinə görə, son 10 ildə torpaqlar hissə-hissə bir nəfərin icarəsinə verilib. Kəndlilər bir ucdan rəsmi qurumlara müraciət edir, bir ucdansa torpaqlarını itirə-itirə gedirlər.

***Buna da bax-Qobustan: 'İcra hakimiyyətinə pullarını verib işlərini görürlər...'

Kənd sakini Murad Hüseynov deyir, indi onlara hədə-qorxu gəlirlər ki, torpaqları icarəyə götürən adamın arxasında yüksəkvəzifəli general dayanır: «63 nəfərin torpağı 10 ildir ki, 49 illik icarə müqaviləsi ilə bir sahibkara verilib. O da əvvəl orada üzüm əkmişdi, indi taxıl əkib. Qarşısını ala bilmirik. Deyir, torpağı bələdiyyədən icarəyə götürüb. Bələdiyyə ona torpaqları istifadəsiz torpaq sahəsi kimi icarəyə verib».

«HƏMİŞƏ ARZULAMIŞIQ Kİ...»

Kəndlilərin deməsinə görə, pay torpaqları kənddən 15 kilometr aralıdadır. Hər ailəyə vur-tut 30-40 sot torpaq sahəsi düşüb. Ancaq indiyədək imkansızlıqdan torpağı əkməyiblər. Murad Hüseynov davam edir:

***Buna da bax-'Gilan' pambıq biznesini nəzarətə götürür [araşdırma]

«Kənddən ora gedib-gəlmək çətindir. Həmişə arzulamışıq ki, bir işadamı çıxsın, bizimlə müqavilə bağlayıb bütün torpaqları icarəyə götürsün, əksin-becərsin, bizə də icarəhaqqı kimi qəpikdən-quruşdan ödəsin, başımızı dolandıraq. Ancaq bir də xəbər tutduq ki, mülkiyyətimizdə olan torpaqları bələdiyyə özü icarəyə verib. Neçə illərdir o torpaqların vergisini ödəyən biz ola-ola, xeyrini başqaları görür. Kənddə, azı, 500 ailə təsərrüfatı var. Hər ailəyə, azı, 30 sot (adambaşına 6-7 sot) pay torpağı düşür. Artıq 63 ailə öz torpağına yaxın düşə bilmir. Bir də xəbər tutacağıq ki, orada heç bir ailənin torpağı qalmayıb. 500 ailənin torpaq sahəsini hesablayanda görün hara vurur, görün o torpağı əkən sahibkar nə qədər varlanır, ancaq torpağın sahibinə qəpik-quruş düşən icarəhaqqını ödəməyə əli gəlmir».

BƏLƏDİYYƏ DƏ TƏSDİQLƏYİR

Kənd bələdiyyəsindən «Qaynar xətt»ə bildirilib ki, Acıdərə deyilən ərazidə 63 nəfərin pay torpağı özlərinin xəbəri olmadan 49 illiyə başqasına icarəyə verilib. Bir kəndli öz sahəsini şumlamaq istəyəndə xəbər tutub ki, sahə icarədədir. Məsələni araşdıranda ondan başqa daha 62 nəfərin torpağının başqasının icarəsində olduğu üzə çıxıb. Ancaq bələdiyyədən o da bildirilib ki, məsələ keçmiş bələdiyyənin vaxtında baş verdiyindən onlara aidiyyəti yoxdur.

İndi kəndlilər ya torpaqlarının qaytarılmasını, ya da həmin torpaqlara görə onlara kompensasiya ödənilməsini tələb edirlər.

Hüquqşünas Namizəd Səfərov deyir, əgər kəndlilərin əlində həmin pay torpaqlarının üzərində hüquqlarını təsdiqləyən sənədləri varsa, məhkəməyə müraciət etməlidilər: «Pay torpaqlarına Çıxarışları olan vətəndaşlar bağlanmış icarə müqaviləsinin ləğvindən məhkəməyə müraciət etməlidilər. İddia ərizəsində başqasına icarəyə verildiyi müddətdə götürülmüş mənfəətdən torpaq sahiblərinə müəyyən hissənin ödənilməsi tələbi də qoyulmalıdır».

XS
SM
MD
LG