Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:43

Pensioner: 'Ölmədən pensiya ala biləcəyikmi?'


Pensioner qadın.
Pensioner qadın.

Azərbaycanda pensiya yaşı son dəfə 2009-cu ildə qəbul edilən qərarla artırılıb. Həmin qərara görə, 2010-2012-ci illərdə kişilərin pensiya yaşı 62-dən 63-ə, 2010-2016-cı illərdə qadınların pensiya yaşı 57-dən 60-a yüksəldilib.

Bu, hökumət istəyən nəticəni verib: 2000-2010-cu illərdə yaşa görə pensiya alanların sayı hər il orta hesabla 12 min nəfər artmışdısa, 2010-2016-cı illərdə hər il 10 min nəfər azalma qeydə alınıb.

Buna da bax:​ Pensiya stajı artırılır

Bir müddət öncə yayılan xəbərlərə görə, hökumət pensiya yaşını qadınlarda 60-dan 63-ə, kişilərdə 63-dən 65-ə yüksəltməyi nəzərdə tutur. Dekabrın 8-də bununla bağlı qanun layihəsinin hazırlanmasına dair məlumat mediada açıqlansa da, yaş həddinin nə qədər artırılacağı ilə bağlı bilgi verilməyib. APA-nın diqqətə yetirdiyi məlumatına görə, “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsində bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajı artırılır.

Pensiyaçı özəl sektorun öhdəsində qalarsa...

Rövşən Ağayev
Rövşən Ağayev

İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, hökumətin düşdüyü durumu anlamaq çətin deyil: “Bu gün Sosial Müdafiə Fondunun təxminən 75 faizi dövlət sektoru hesabına formalaşır. Başqa sözlə, 3 milyard 300 milyon manatlıq Sosial Fondun, ən yaxşı halda, 25 faizi qədəri və ya 800 milyon manatı özəl sektorun hesabına toplanır. Halbuki hökumətin statistikasına görə, məşğul əhalinin təxminən 80 faizi özəl sektorun payına düşür. Yəni, bu gün 1 milyon 300 min pensiyaçı yalnız özəl sektorun sosial sığorta ayırmalarının öhdəsində qalsaydı, hər pensiyaçı ayda maksimum 50 manat pensiya ala bilərdi”.

Buna da bax:​ Pensiyaların müqayisəsi - keçmiş sovet ölkələrində

“Yaranmış vəziyyətin səbəbkarı elə hökumətdir”

Ekspert bu durumun hökumətdən qaynaqlandığını düşünür və soruşur: “Niyə Sosial Müdafiə Fondunun büdcəsində özəl sektorun payı cəmi 25 faizdir? Çünki hökumət səmərəli siyasət yürütməyib, rəqabət qabiliyyətli iqtisadiyyat, böyük dövriyyəyə və deməli, uyğun qaydada böyük vergi potensialına malik özəl sektor formalaşdırmaq öhdəliyini yerinə yetirə bilməyib. Nədən sosial sığorta ödəyənlərin sayı son dərəcə azdır? Çünki ölkədə böyük miqyasda qeyri-leqal işsizlik var, hökumət əmək qabiliyyəti hər kəsi işlə təmin etməklə bağlı öhdəliyini yerinə yetirməyib. Üstəlik, kölgə iqtisadiyyatını aradan qaldırmayıb və böyük miqyasda qeyri-leqal məşğulluğun da qarşısını ala bilməyib”.

R.Ağayev bildirir ki, beynəlxalq standarta əsasən, pensiya yaşı elə müəyyən edilməldir ki, insanlar pensiyaya çıxandan sonra orta hesabla 12 il yaşaya bilsinlər:

“Ən son məlumata görə, inkişaf etmiş ölkələrdə yaşlı əhalinin ən azı 70 faizi 70 yaşdan sonra vəfat edir və cəmi 30 faizi əməkqabiliyyətli yaşda və pensiyaya çıxdıqları ilk 5 ildə ölürlər”.

Buna da bax:​ Pensiya şərtləri niyə ağırlaşdırılır?

Bəs bu göstərici ilə bağlı Azərbaycanda vəziyyət necədir?

Ekspertin sözlərinə görə, heç bir rəsmi və qeyri-rəsmi mənbə həmin sualı cavablamır: “Hətta Azərbaycan hökuməti, beynəlxalq praktikadan fərqli olaraq, 70-75 yaş, 76-80 yaş və 80 yaş üzərində olan əhalinin sayına dair ayrıca statistika təqdim etmir. Bu rəqəm əldə olsa, 70-80 yaş civarındakı insanların pensiyaya çıxandan sonra orta yaşama dövrünü, təxmini də olsa, hesablamaq problem törətməzdi”.

Əldə olan bəzi statistik məlumatlara əsaslanan R. Ağayev deyir ki, Azərbaycanda əhalinin hətta yarısının (inkişaf etmiş ölkələrdə 70 faizinin) 70 yaşı tamamlayandan sonra vəfat etməsi xeyli mübahisəli görünür: “Rəsmi rəqəmlərə baxaq: hazırda 60-64 yaşlı insanlar 1952-1956-cı illərdə doğulan insanlardır. Dövlət Statistika Komitəsinin məlumatına görə, həmin illərdə Azərbaycanda 585 min 700 doğum qeydə alınıb. Hazırda o yaşda olan insanların toplam sayı 351 min 100 nəfərdir. Göründüyü kimi, 1952-1956-cı illərdə doğulan insanlar hələ indi pensiya yaşına çatsa da, həmin tarixdə doğulan insanların artıq 40 faizi yoxdur. Əlbəttə, onların hamısının öldüyünü iddia etmirəm, çünki ölkədən gedənlər də var. Amma burda səbəbdən çox nəticə mühümdür. Önəmlisi odur ki, pensiya sistemi doğulanların neçə faizini indi və yaxın perspektivdə pensiyaçı sayır”.

Buna da bax:​ "52 yaşım var, özümü ölmüş bilirəm"- [Video]

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli APA-ya açıqlamasında pensiya hüququ qazanmaq üçün, əsasən, iş stajının artırılmasından danışıb.

“Layihə hələ müzakirə olunur”

O bildirib ki, bu ideyanın məğzi heç də pensiya sisteminin qəlizləşdirilməsi demək deyil: "Burada reallıqlara, dünya təcrübəsinə istinad edilib. Söhbət nədən gedə bilər? Məsələn, dövlət qulluğuna görə pensiya almaq üçün iş stajının 5 və ya 10 il artırılması o deməkdir ki, artıq pensiyaya çıxan məmurun məsuliyyəti daha da çoxalacaq. Onun məsuliyyəti artdıqca imtiyazı da artacaq. Üstəlik, bu, tək dövlət qulluqçularına deyil, digər işləyənlərə də aiddir. İdeyanın fəlsəfəsi odur ki, artıq insanlar kütləvi şəkildə və nə olur-olsun düşüncəsiylə pensiyaya çıxmağa tələsməyəcək və daha çox pensiya və imtiyaz əldə etməyə şans qazanmış olacaqlar. Vətəndaşlara daha çox yeni iş yerinin açılması, əmək müqavilələrinin hər yerdə və tam işlənməsi və s. önəmli nüanslar bu məsələdən sonra daha da aktuallaşacaq. Bu təklif insanlarımızın mənafeyinə xidmət edir".

Buna da bax:​ Ölmədən neçə nəfər pensiya ala bilir?

Komitə sədrinin sözlərinə görə, layihə, hələ ki, icra qurumlarında müzakirə edilir. Əlaqədar nazirliklər rəylərini bildirəndən sonra layihə parlamentə veriləcək və o zaman detallar açıqlanacaq.

XS
SM
MD
LG