Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:27

Nardaran işi: 'Polislər Mehriban Əliyevanı söyəndə səsiniz çıxmırdı...'


Nardaranda əməliyyat zamanı
Nardaranda əməliyyat zamanı

Nardaran hadisələrinə görə həbs olunan və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını deyən şəxslər bu günlərdə təcridxanada onları müayinə etmiş ekspertdən narazıdılar.

Nardaran işi üzrə oktyabrın 21-də keçirilən məhkəmə iclasında onlar bu məsələ ilə əlaqədar etirazlarını bildiriblər.

Təqsirləndirilən şəxslər deyir ki, üstündən 11 ay keçməsinə baxmayaraq, işgəncə izləri hələ də bədənlərində qalır, həmin izləri ekspertə də göstəriblər, amma o, qeydə almaqdan imtina edib.

Buna da bax:​ ’Bu, işgəncə verməyə görə ad çıxarmış 'skoç Ədalət'in şəxsi kadrıdır'

"İşgəncələrdən sonra başımda şiş əmələ gəlib. Müalicə Müəssisəsində tomoqrafiya avadanlığı olmadı ki, bunun nə şiş olduğunu, nədən əmələ gəldiyini müəyyənləşdirsinlər. Bu ekspertə şişi, başqa xəsarət izlərini göstərirəm, qeydə almaq istəmir. Ona dedim ki, ağsaqqal adamsan, gördüyünü niyə danırsan?", – Abbas Hüseynov bildirib.

“İŞGƏNCƏ İZLƏRİNİ GÖSTƏRİRƏM”

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov da deyir ki, "bandotdel" əməkdaşları həbsdə onu döyüb burnunu sındırıblar. Amma ekspert burundakı sınığı qeydə almaqdan imtina edir: "Deyirəm, burnum sınıb, nəfəs ala bilmirəm, soruşur ki, hardan bilirsən? Burnumun sındığı elə kənardan da görünür".

Başqa bir təqsirləndirilən Bəhruz Əsgərov da ekspertin onun üzərindəki xəsarətləri qeydə almamasından gileylənib: "İşgəncə izlərini göstərirəm, deyir, burada nə var ki?!"

Qeyd edək ki, Nardaran işi üzrə məhkəmədə təqsirləndirilən şəxslərin BMCMİ-də işgəncələrə məruz qalmaları barədə ifadələrindən sonra vəkillərin qaldırdığı vəsatət əsasında ekspertiza təyin olunub.

Vəkillər deyir ki, təqsirləndirilən şəxslərin bugünkü məhkəmədə söylədiklərindən sonra ekspertizanın rəyini bəri başdan şübhə altına almağa ciddi əsaslar var.

Buna da bax:​ 'Nardaran işi'nin hakimi: 'Ona Şrek deməsin, o da onun atasını söyməsin'

Vəkil Nemət Kərimli məhkəmənin Ekspertiza Mərkəzinə müraciət edərək, təqsirləndirilən şəxslərin narazılıqlarının çatdırılmasını istəyib.

“5 NƏFƏRİ GÖZÜMÜN QABAĞINDA DÖYDÜLƏR”

Hakim Əlövsət Abbasov bildirib ki, ekspertizanın rəyi, hələlik, məhkəməyə daxil olmayıb. Ona görə də məhkəmə bu məsələ ilə əlaqədar heç bir addım ata bilməz.

Təqsirləndirilən şəxslərdən Abbas Hüseynov hakimlərin nəzərinə çatdırıb ki, onu Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında hələ də karsda saxlayırlar. Onun sözlərinə görə, təcridxanada özbaşınalıq hökm sürür, dustaqlara işgəncə verilir: "Bu gün məni karsdan çıxarıb gətirməmişdən əvvəl, ən azı, 5 nəfəri gözümün qarşısında döydülər. Dustaqları söyürlər, işgəncə verirlər. Elə bil, bu dövlətin qanunu, yiyəsi yoxdu. Azərbaycanda həbsdə olmaq sanki erməni əsirliyində olmaqdı. Adamlara zülm eləmək insana yaraşan hərəkət deyil. Bilirəm, deyəcəksiz ki, bu məsələnin burada baxılan işə aidiyyəti yoxdu. Ən azı, insan kimi, bu məsələyə biganə qalmayın, müraciət eləyin ki, adamlara zülm eləməsinlər. O insanlar yazıqdır, bizim vətəndaşlarımızdı".

Daha sonra prosesdə şahid qismində Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ötən il noyabrın 5-də Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun azadlığa buraxılması tələbiylə idarənin qarşısında keçirilən aksiya ilə bağlı ifadə verib.

Buna da bax: Taleh Bağırov: ‘Bu, cəlladdı, azərbaycanlı deyil’

Daha sonra məhkəmə iclasında Sabunçu rayon Polis İdarəsinin əməkdaşları dindirilib. Nadir Vəliyev, Şahbaz Orucov, Cavid Qafarov, Eyvaz Hüseynov, Ramil İsmayılov və digərləri ötən il noyabrın 5-də həbs olunan Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun buraxılması tələbiylə idarənin qarşısında keçirilən aksiya barədə danışıblar.

Şahbaz Orucov ifadə verərkən ondan əvvəl dindirilmiş Nadir Vəliyevin sözlərinə istinad edib. Əlavə edib ki, Vəliyev ifadə verərkən qapının ağzında olub və onun dediklərini eşidib. Bu da qanuna zidd olduğundan vəkillər Şahbaz Orucovun şahid statusuna xitam verilməsi məsələsini qaldırıblar. Onun statusuna xitam verilib.

“OLA BİLSİN, TARİXLƏRİ SƏHV SALIR”

Polislərdən Ağaəli Ələkbərli ifadəsində deyib ki, Sabunçu RPİ-nin qarşısındakı aksiya günü hazırda təqsirləndirilən şəxslər arasında olan Zakir Mustafayevi orada görüb.

Zakir Mustafayev onun yalan danışdığını bildirib.

Vəkillərin bu məsələyə aydınlıq gətirmək məqsədilə verdikləri çoxsaylı suallardan sonra polis deyib ki, ola bilsin, tarixləri səhv salır.

Sabunçu RPİ-nin qarşısındakı aksiya zamanı həbs olunan və 2 ildən 6 ilə qədər azadlıqdan məhrum edilən şəxslər Nardaran işi üzrə məhkəmədə şahid qismində ifadə verərkən bildirmişdilər ki, heç bir qanunsuzluq eləməyiblər. Buna baxmayaraq, Sabunçu RPİ-də dəhşətli işgəncələrə məruz qalıblar.

Buna da bax:​ Nardaran işi: ‘Polis işçiləri Mehriban Əliyevaya niyə nalayiq sözlər deyirlər?’’

Amma idarənin əməkdaşı Ağaəli Ələkbərli işgəncələr barədə deyilənləri təkzib edir. Deyir ki, işlədiyi idarədə heç kimə işgəncə verilməyib. İddia edib ki, aksiya zamanı saxlanılanlardan beşbarmaq, bıçaq tapılıb.

“SİZİN ARXANIZDA İLHAM ƏLİYEV DAYANIB”

Ağaəli Ələkbərlinin dedikləri Taleh Bağırovu hiddətləndirib: "Yalan deyənin atasına lənət. "Skoç Ədalət" və tayları mənim cibimə narkotik atıb tutublar. İlahiyyatçının cibinə narkotik atıb tutduqları kimi, oradakılardan da bıçaq və beşbarmaq "çıxarıblar". Mən “Quran”a and içərəm ki, bu adam işgəncələrin şahidi olub, burada danır. Elə danışırsız ki, elə bil, polislər məsumdur. Hələ ki, İlham Əliyev sizə ixtiyar verib, istədiyinizi eləyirsiz. Amma əmin olun, bir gün sizlər də məhkəməyə çıxacaqsınız. Hamı bilir ki, bu gün Azərbaycanda polis binaları işgəncə yuvalarıdı. Mən adamlara zülm eləyən, günahsız adamları şərləyən polislərin qohumlarına müraciət edəcəyəm ki, onları, o cümlədən sizi heç bir məclisə çağırmasınlar. Onu da bilin ki, sizin arxanızda İlham Əliyev dayanıbsa, bizim də arxamızda Allah dayanıb".

Hakim Əlövsət Abbasov prezidentin adının çəkilməsini Taleh Bağırova irad tutub.

"Polislər Mehriban Əliyevanı söyəndə səsiniz çıxmırdı. İndi səsiniz bizə çıxır?", - Taleh Bağırov cavab verib.

Təqsirləndirilən Abbas Hüseynov hökumətin dini azadlıqları boğmasından danışıb. Deyib ki, parlamentdə təhsildən, siyasətdən, Qarabağdan danışmaq, bu sahələrdəki problemləri həll etmək əvəzinə dini azadlığı boğmağın yollarını axtarırlar: "Qüdrət Həsənquliyev və onun kimilər bu işdə fəallıq edirlər. Amma bilsinlər ki, nə qədər çalışsalar da, murdar niyyətlərinə nail ola bilməyəcəklər".

Buna da bax:​ T. Bağırov:'Sizcə, İlham Əliyev kral olacaq, yoxsa şah?'

Hakim Abbasa deyib ki, məhkəmə Milli Məclisin işinə qarışa bilməz.

Məhkəmə prosesi oktyabrın 24-də davam edəcək.

XATIRLATMA

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda ikisi polis olmaqla, altı şəxs həlak olub. Rəsmi bilgilərə görə, «Müsəlman Birliyi Hərəkatı»nın 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Onların daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilən bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Ancaq məhkəmədə zərərçəkən kimi ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “Nardaran İşi”ndə həbs edilənlərə işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.

XS
SM
MD
LG