Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:40

Taleh Bağırov: ‘Bu, cəlladdı, azərbaycanlı deyil’


Taleh Bağırov
Taleh Bağırov

«Sən Vəli Ələsgərovun, Akif Çovdarovun yanında uşaqsan. Amma onların aqibətini gördün?! Arxayın ol, sənin axırın onlardan da pis olacaq...»

Bunu Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırov məhkəmədə polis əməkdaşı Şahlar Cəfərova deyib.

O, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) baş əməliyyat müvəkkilidir və 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatda iştirak edib. Zərərçəkmiş və şahid qismində tanınan Ş.Cəfərov sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə dindirilib.

Buna da bax: Polis: 'İçəridən səslər gəlirdi ki, atəşi dayandırmayın'

Ş. Cəfərov məhkəmə zalına daxil olan kimi onu görən təqsirləndirilən şəxslər "bandotdel"də onlara dəhşətli işgəncə verənlərdən birinin məhz bu olduğunu Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyasının nəzərinə çatdırıblar.

«ELƏ HƏRƏKƏTLƏR ELƏYİB Kİ...»

Rasim Cəbrayılov: «Mən deyəndə ki, Mehriban xanıma şikayət edəcəm, söyüş söyən bu idi...»

Taleh Bağırov: «Bu, cəlladdı, azərbaycanlı deyil. Bu elə hərəkətlər eləyib ki, normal azərbaycanlı onları eləməz...»

«Mən deyəndə ki, Mehriban xanıma şikayət edəcəm, söyüş söyən bu idi...»

Ara nisbətən sakitləşəndən sonra Ş. Cəfərov ifadə verib. Bildirib ki, noyabrın 26-da səhər saat 10 radələrində idarədə əməliyyat müşavirəsi keçirilib: «Məlumat daxil olmuşdu ki, Bağırov Taleh Kamil oğlu və tərəfdarlarından ibarət silahlı qruplaşma yaradılıb, dövlətin konstitusion quruluşunu dəyişməyə cəhd göstərilir. Əməliyyat qrupu yaradıldı. Saat 12.15 radələrində Nardarana getdik, Taleh Bağırovun hansı evdə olduğunu müəyyənləşdirdik. Mən həyətə hamam-tualet yerləşən tərəfdən hasardan tullandım. Hovuzun qabağında Cabbar Cabbarovu zərərsizləşdirdim. Hamını zərərsizləşdirəndən sonra hal şahidləri dəvət olundu, həyətyanı sahəyə, evə baxış keçirildi».

Buna da bax: Taleh Bağırov: «Kimdənsə 1 manat aldığımı sübut eləsələr...»

Ş. Cəfərov sualları cavablandırarkən prokuror ona xatırladıb ki, təqsirləndirilən şəxslər həm saxlanılarkən, həm də BMCMİ-də işgəncələrə məruz qaldıqlarını deyib və işgəncə verən şəxslər sırasında onun da adını çəkiblər.

«OLA BİLSİN, YERƏ YIXILIB»

«Bu, cəlladdı, azərbaycanlı deyil. Bu elə hərəkətlər eləyib ki, normal azərbaycanlı onları eləməz...»

«Nə mən, nə də digər əməkdaşlar onlara işgəncə verib», - Ş. Cəfərov cavab verib.

Polis daha sonra vəkillərin suallarını cavablandırıb.

Vəkil Gülşən Salmanova:

– Ekspert rəyində göstərilib ki, Cabbar Cabbarovun üzərində xəsarətlər, döymə əlamətləri olub. Bu barədə nə deyə bilərsiz?

– Ola bilsin ki, onu zərərsizləşdirərkən yerə yıxılıb, bunun nəticəsində yaranıb.

– Təqsirləndirilən şəxslər onlara işgəncə vermiş əsas şəxslərdən biri kimi məhz sizin adınızı çəkirlər. Niyə?

– Deyə bilmərəm.

«RƏHBƏRLİK BİLƏR»

Vəkil Yalçın İmanov:

– Nə əcəb belə bir xüsusi əməliyyatın çəkilişini aparmadınız?

– Onu mən deyə bilmərəm, rəhbərlik bilər.

– İstintaqdakı ifadələriniz başqa polis əməkdaşları ilə eynidir. Səbəb nədir?

– Çünki eyni hadisə barədə ifadə vermişik.

– İfadələrin sözbəsöz, nöqtə-vergülünə qədər eyni olmasını necə izah edə bilərsiz?

– Mən bu suala cavab verdim.

– Zərərçəkmiş qismində dindirilirsiz, hansı zərəri çəkmisiz?

– Mənəvi zərər. Ölənlərdən biri mən də ola bilərdim.

«BAŞINA AVTOMATIN QUNDAĞIYLA O QƏDƏR VURDULAR Kİ...»

Vəkil: «Nə əcəb belə bir xüsusi əməliyyatın çəkilişini aparmadınız?»

Bundan sonra vəkil Yalçın İmanov T. Bağırovla Ş. Cəfərov arasında çarpaz dindirmə aparıb.

Vəkil Yalçın İmanov:

– Bu adamı tanıyırsız?

T. Bağırov:

– Əlbəttə. Bu, Nardaran əməliyyatında iştirak edib. Bizi aparanda mebel maşınında Fərahim Bünyadovu döyüb öldürənlərdən biri budur. Orada çox əxlaqsız söyüşlər söyürdü. Məndən Milli Şuranın, Cəmil Həsənlinin, Əli Kərimlinin əleyhinə ifadə almaq üçün işgəncə verənlərdən biri bu olub. Məni başıma maska keçirib, zirzəmiyə gətirib dəhşətli işgəncələr verirdi. O qədər danışıb, o qədər söyüşlər söymüşdü ki, səsindən tanıyırdım onu. O söyüşləri ki söyürdü, məni öldürsəydi, toka versəydi, ondan yaxşıydı...

Vəkil Y. İmanov Ş. Cəfərova:

– Taleh Bağırovun söylədikləri ilə əlaqədar nə deyə bilərsiz?

– Yalan deyir.

T. Bağırov:

– Yalanı sən özün danışırsan. Burada danışdıqların başdan-ayağa yalan idi.

Vəkil Y. İmanov T. Bağırova:

– Bildirirsiz ki, Fərahim Bünyadovu döyüb öldürənlərdən biri budur. Bünyadov hansı şəraitdə öldü?

T. Bağırov: «Bizi aparanda mebel maşınında Fərahim Bünyadovu döyüb öldürənlərdən biri budur»

– Bizi apardıqları mebel maşınında bu, xüsusilə fəallıq edirdi, canfəşanlıq edirdi. Ən çox qansızlıq, yırtıcılıq edənlərdən biri budur. Fərahimin qollarını arxadan bağlamaq istəyirdilər. Başına avtomatın qundağı ilə o qədər vurdular ki, axırda "Allahu Əkbər" deyə-deyə can verdi gözümüzün qabağında. Son nəfəsində mənə dedi ki, «Hacı»...

«ONLARIN AQİBƏTİNİ GÖRDÜN?»

Bu yerdə T. Bağırov kövrəlib və az sonra fikrini davam etdirib:

– İndiyə qədər burada bir neçə polis dindirilib. Yalan danışsalar da, onların heç birinə qarşı bu cür aqressiv olmamışıq. Bil ki, Vəli Ələsgərovun (Naxçıvan MR keçmiş milli təhlükəsizlik naziri, 14 il həbs cəzası verildi), Akif Çovdarovun (keçmiş MTN-in həbsdə olan idarə rəisi) yanında sən uşaqsan. Amma onların aqibətini gördün? Arxayın ol, sənin axırın onlardan da pis olacaq...

Polis: «Məlumat daxil olmuşdu ki, Bağırov Taleh Kamil oğlu və tərəfdarlarından ibarət silahlı qruplaşma yaradılıb, dövlətin konstitusion quruluşunu dəyişməyə cəhd göstərilir».

Hakim bunu zərərçəkmişin hədələnməsi kimi qiymətləndirib. Bundan sonra məhkəmədə vəziyyət gərginləşib. Ş. Cəfərov tərəfindən işgəncəyə məruz qaldığını deyən digər təqsirləndirilən şəxslər də ona ağır ifadələr ünvanlayıblar. Tərəflər bir-birinə plastmas su butulkaları atıblar. Təqsirləndirilən şəxslərin yaxınları da Ş. Cəfərovu söyüb, qarğış edib.

Məhkəmə sentyabrın 7-də davam edəcək.

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Bəzilərinə 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası verilib.

Buna da bax: İlham Əliyev Rəsul Quliyevi 'yıxıb-sürüdü' [video]

Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilən bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

XS
SM
MD
LG