Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 23:28

ABŞ dövlət katibi Belarusdakı vəziyyətə münasibət bildirib


Mike Pompeo Praqada AzadlıqRadiosuna müsahibə verib
Mike Pompeo Praqada AzadlıqRadiosuna müsahibə verib

ABŞ dövlət katibi Mike Pompeo avqustun 12-də Praqada AzadlıqRadiosuna verdiyi müsahibədə Belarusdakı hadisələrə münasibət bildirib.

AzadlıqRadiosunun müxbiri Ray Furlong-un ABŞ-ın Belarusa neft verilməsini davam etdirib-etdirməyəcəyi barədə sualının cavabında dövlət katibi deyib:

“Biz bu istiqamətdə işləyəcəyik. Sizin də dediyiniz kimi biz seçkidən son dərəcə narahat olmuşuq və biz seçkinin daha azad və daha ədalətli olmamasından dərin məyusluq hissi keçiririk. Biz belə davranışı əvvəllər də görmüşük və bunun belə şəkil almasından məyusuq. Biz seçkidən sonrakı zorakılığı görmüşük və dinc etirazçılarla rəftar onlarla əslində edilməli olan rəftara uyğun gəlmir. Biz müvafiq reaksiyanın nə olacağını müəyyənləşdirməmişik, amma gəlin sizə buna deyim: Biz baş verənlərdən bizim qədər narahat olan avropalı dostlarımızla, buradakı azadlıqsevər dostlarımızla birgə işləyəcəyik. Biz Belarus xalqı üçün yaxşı nəticələr istəyirik və buna uyğun hərəkətlər edəcəyik”.

Bundan əvvəl Belarusda indiki prezident Alyaksandr Lukashenka-ya 6-cı dəfə prezident olmaq imkanı vermiş 9 avqust seçkisini pisləyən Pompeo ABŞ-ın Belarusa sanksiyalar tətbiq etmək niyyətində olub-olmadığı barədə sualı da cavablandırıb:

“Mən əminəm ki, biz bunların hamısına baxacağıq. Və burada qeyd edilməsi mühüm olan məsələ kriteriyadır. Biz burada birtərəfli qaydada Birləşmiş Ştatlarlar olaraq edə biləcəyimizi yox, çoxtərəfli qaydada Belarus xalqı üçün yaxşı nəticələr əldə edilməsini düşünməliyik. Bu ola bilər ki, sanksiyalar olsun, malların verilməsi barədə qərarların qəbulu olsun…Bütün bunlar hələ qətiləşdirilməlidir. Bu seçki lap təzəcə qurtarıb və biz burada yaxın gələcəkdə işlərin necə yoluna qoyulacağını hələ görməliyik”.

Müxalifət seçki nəticəsinin saxtalaşdırılıdığını iddia edir və artıq 4-cü gündür ki, ölkənin 25-dək şəhərində etiraz aksiyaları keçirir.

Macron Putinlə danışıb

Avqustun 12-də Fransa prezidenti Emmanuel Macron Belarusdakı vəziyyətlə bağlı “ciddi narahatlıq” ifadə edib.

Macron bu ölkədə polisin etirazçılarla qəddar rəftarını pisləyib.

Bu barədə Rusiya prezidenti Vladimir Putinlə telefonda danışan Macron Belarusda dialoqa qayıdılmasının zərurətini vurğulayıb.

Kremlin saytında bu telefon danışığı barədə geniş məlumat verilməyib.

Avropa İttifaqının xarici işlər nazirləri Belarusda baş verənləri avqustun 14-də müzakirə edəcəklər.

Avropa İttifaqı xarici işlər komissarı Josep Borrell bu barədə Twitter-də yazıb:

"Biz təcili məsələləri müzakirə edəcək, Şərqi Aralıq dənizi hövzəsində, Belarusda və Livandakı vəziyyətlə bağlı qərarlar qəbul edəcəyik”.

Bundan əvvəlki bəyanatında Borrell yazmışdı ki, Belarusda seçki “nə ədalətli, nə də azad olub”.

"Avropa İttifaqı Belarus rəhbərliyini geniş cəmiyyətlə əsl dialoqa başlanmasına, sərbəst toplaşma, media və ifadə azadlıqlarına qarşı qeyri-məqbul zorakılıq və hücumları dayandırmağa çağırır. Biz Belarusla münasibətlərimizi diqqətlə nəzərdən keçirəcəyik”.

XS
SM
MD
LG