Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:31

Praqada sovet marşalı Konevin heykəlinə rəng atılıb


Praqada marşal Konevin heykəli
Praqada marşal Konevin heykəli

Praqada naməlum şəxslər sovet marşalı İvan Konevin abidəsinə qırmızı rəng atıblar.

Onlar habelə heykəlin postamentinə “Qanlı marşala yox! Unutmarıq” sözlərini və 45, 56, 61 və 68 rəqəmlərini yazıblar.

Hazırda polis bu hadisə ilə bağlı təhqiqat aparır. Çexiyada vandalizm aktına görə bir ilədək həbsxana cəzası nəzərdə tutulub.

Rusiyanın Çexiyadakı səfirliyi hadisə ilə bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.

Praqada abidənin yerləşdiyi 6-cı rayonun administrasiyası xatırladıb ki, hələ bir il əvvəl bu abidəyə qarşı vandalizm aktlarının önlənməsi üçün heykəlin yaxınlığında izahat lövhələri yerləşdirib.

Bu lövhələrdə Konev haqqında bir tarixi şəxsiyyət kimi məlumat verilir.

Lakin hakimiyyət orqanlarının rəyinə görə bu son aksiya adamların bu abidəni burda görmək istəməməsindən xəbər verir.

Rəsmi məlumatda deyilir ki, Rusiya səfirliyinə bir daha bu abidəni başqa yerə köçürmək təklif olunacaq.

Konevə Praqada heykəl 1980-ci ildə qoyulub. Bundan əvvəl Praqa 6-cı rayonunun rəhbərliyi heykəlin Rusiya səfirliyinin yaxınlığındakı parka köçürülməsini təklif etmişdi.

Sovet İttifaqının marşalı İvan Konev (1897-1973) nasist Almaniyası ilə müharibə illərində bir neçə cəbhəyə komandanlıq edib, Kursk döyüşünün, Ukraynanın nasistlərdən azad edilməsi üçün keçirilən Belqorod-Xarkov əməliyyatının iştirakçısı olub.

1945-ci ilin yazında onun komandanlıq etdiyi 1-ci Ukrayna cəbhəsi Çexoslovakiyanın böyük ərazilərini azad edib və mayın 9-da Praqaya daxil olub.

Praqada Konevin heykəlinə ötən ilin mayında da hücum olub
Praqada Konevin heykəlinə ötən ilin mayında da hücum olub

1946-cı ildə Praqada küçələrdən birinə onun adı verilib. Hazırda bu küçə adının dəyişdirilməsi məsələsinə də xüsusi komissiya baxır.

Müharibədən sonrakı illərdə marşal Konev Macarıstanda milli azadlıq üsyanının (1956) yatırılmasında fəal iştirak edib.

O habelə 1961-ci ildə baş vermiş Berlin böhranı zamanı Almaniyadakı sovet qoşunlarının komandanı idi.

Bir sıra tarixçilər hesab edirlər ki, o habelə 1968-ci ildə Varşava Müqaviləsi ölkələrinin Çexoslovakiyaya hərbi müdaxiləsinin hazırlanmasında iştirak edib.

XS
SM
MD
LG