Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:27

Lukaşenka deyir ki, Priqojinin təhlükəsizliyinə cavabdeh deyildi


Yevgeni Priqojin
Yevgeni Priqojin

Belarusun avtoritar başçısı Alyaksandr Lukaşenka Rusiyada Vaqner özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin ehtimal edilən ölümündən sonra ilk dəfə bu barədə danışıb.

O deyib ki, Priqojinə Belarus ərazisindən xaricdə heç bir təhlükəsizlik qarantiyası verməyib, əksinə 2023-cü ilin iyun qiyamından sonra ona həyatının təhlükədə olacağına dair xəbərdarlıq edib.

Lukaşenka bunu da bildirib ki, o Priqojinin təyyarəsinin qəzasında Rusiya prezidenti Vladimir Putinin əli olmasına inanmır:

"Mən Putini tanıyıram. O çox hesabını bilən, təmkinli və başqa, daha az mürəkkəb məsələlər barəsində qərar qəbul edərkən hətta ləng adamdır. Mən təsəvvür eləmirəm ki, bunu Putin edib, Putin təqsirkardır. Bu çox kobud, qeyri-peşəkar iş olub”.

Belarusdakı vaqnerçilərin gələcək taleyi barədə suala cavab verən Lukaşenka deyib ki, Vaqnerin “nüvəsi” – 10 minədək adam ölkədə qalmaqda davam edəcək:

“Bizə və bu bölüyə nə qədər lazımdırsa, bizdə yaşayıb işləyəcəklər”.

Putin Priqojin barədə keçmiş zamanda danışıb

Rusiya prezidenti Vladimir Putin Tver yaxınlığında baş vermiş təyyarə qəzasından bir sutka sonra bu hadisə barədə danışıb.

O qondarma “Donetsk Xalq Respublikasının” (DXR) başçısı Denis Puşilinlə görüşü zamanı “aviasiya qəzasında həlak olanların ailələrinə başsağlığı verib” və deyib ki, “bu həmişə faciə sayılır”.

Bu qəzada Vaqner özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin də öldüyü bildirilib, amma məlumat rəsmən təsdiqlənməyib.

Putin də Priqojinin həlak olduğunu birbaşa söyləməyib, amma onun haqqında keçmiş zamanda danışıb:

"Mən Priqojini çoxdan, 90-cı illərin əvvəllərindən tanıyırdım. Bu, çox mürəkkəb taleyi olan insan idi və onun həyatda ciddi səhvləri vardı, lazımi nəticələrə nail ola bilirdi. Mənim özüm üçün də, son aylarda olduğu kimi ondan ümumi iş üçün xahiş edəndə də...”

Putin söhbət zamanı Priqojini Rusiyanın xaricində işləyən “istedadlı biznesmen” adlandırıb.

Putin qeyd edib ki, onda olan məlumata görə Priqojin elə dünən Afrikadan qayıtmışdı.

Rusiya prezidenti ümumilikdə Vaqner özəl hərbi şirkəti barədə də fikir söyləyib:

"Həqiqətdə də əgər orda (qəzaya uğrayan təyyarədə-red) Vaqner şirkətinin əməkdaşları olubsa, ilkin məlumatlar isə bunu göstərir, qeyd etməliyəm ki, bu adamlar bizim Ukraynadakı neonasist rejimlə ümumi mübarizə işimizə əhəmiyyətli töhfə veriblər”.

Putin əlavə edib ki, təhqiqat qəzanın səbəblərini mütləq üzə çıxaracaq.

Priqojinin qəzaya uğrayan təyyarədə həlak olduğu bildirilir

Avqustun 24-də səhər təhqiqatçılar Vaqner özəl hərbi şirkətinə məxsus təyyarənin qalıqları arasında axtarışı davam etdiriblər. Təyyarə bir gün öncə Sankt Peterburqdan Moskvaya uçarkən qəzaya uğrayıb, sərnişinlərdən sağ qalan olmadığı bildirilir. Sərnişin siyahısında düz iki ay öncə Rusiya hərbi rəhbərliyinə qarşı qısamüddətli qiyam qaldırmış qrup lideri Yevgeni Priqojinin də adı olub.

“Embraer 600” təyyarəsi avqustun 23-də axşam radardan itib. Bundan az sonra sosial mediada yayılan videoda təyyarənin itdiyi yerdə, Moskvadan təxminən 300 km şimalda bir təyyarənin yerə düşdüyü görüntülənib.

“RIA Novosti” fövqəladə xidmət rəsmilərinə istinadla səkkiz nəfərin meyitinin tapıldığını bildirir. Ancaq Priqojinin dəqiq həmin təyyarədə olması təsdiqlənməyib.

Vaqner komandiri və həmtəsisçisi Dmitri Utkinin adı da sərnişin siyahısında olub. Təyyarədəki 10 nəfərdən ikisi pilot, biri stüardessa idi. İstintaq aparıldığı bildirilir.

Rusiya Fövqəladə Hallar Nazirliyi təyyarədəki 10 nəfərin hamısının öldüyünü bildirir. “Rosaviasiya” isə sərnişin siyahısında Priqojinin də adının olduğunu açıqlamışdı.

Kreml, yaxud Müdafiə Nazirliyi Priqojin və Utkinin öldüyünü rəsmən təsdiqləməyib. Ancaq Vaqnerə bağlı Telegram kanalı onun öldüyünü elan edib.

İkinci təyyarə Moskva vilayətinə salamat enib

“Grey Zone” adlı kanal Priqojini qəhrəman və patriot elan edib, “Rusiyanın satqınları” adlandırdığı şəxslərin əlində öldüyünü bildirib.

Kanal onu da xəbər verib ki, Priqojinə məxsus başqa bir təyyarə Moskva vilayətinə salamat enib. Ancaq bu informasiyanı müstəqil təsdiqlətmək mümkün olmayıb.

Sankt Peterburqda Vaqnerin ofisinin yerləşdiyi binanın pəncərələrində nəhəng xaç görüntüsü işıqlandırılıb, bəzi şəxslər binaya gül qoyub, şam yandırıblar.

Prezident Vladimir Putinin müttəfiqi Priqojin iyunun 24-də qiyam qaldırdığını elan edib, Rostov-Don şəhərini tutub, Moskvanın 200 km-nə qədər yürüş edib. Qiyam vaxtı Rusiyanın hərbi təyyarəsi vurulub, Rusiya Hava Qüvvələrinin 13 heyət üzvü həlak olub.

Priqojin o zaman həbs olunmadı. Ancaq Putin bunu “arxadan zərbə” adlandırdı, bütün “satqınların” cəzalandırılacağını dedi.

“Putinin opponentləri təbii yolla ölmürlər”

“Kiminsə bunu təsadüf sayması inandırıcı deyil. Sadəcə elə olur ki, Vladimir Putinin hakimiyyətinə təhdid saydığı opponentləri təbii yolla ölmürlər”, – Polşanın Xarici işlər naziri Zbiqnev Rau deyib.

Priqojinin təyyarə qəzasında öldüyü təsdiqlənərsə, bu, Vaqner qrupuna ağır zərbə olar. Bu qrup Rusiyanın ilin əvvəlində Ukraynanın Baxmut şəhərinə ələ keçirməsində mühüm rol oynayıb.

İyun qiyamından sonra Priqojin çox gözə dəyməyib. Avqustun 21-də yayılmış videoda isə o, səhrada əynində kamuflyaj, əlində avtomat görüntülənib.

ABŞ Prezidenti Co Bayden (Joe Biden) deyib ki, Priqojinin təyyarə qəzasında öldüyü ehtimal olunan xəbərdən “təəccüblənməyib”.

Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) başçısı Uilyam Börnz (William Burns) ötən ay deyirdi ki, Putin Priqojindən qisas alacaq. O, Priqojin qisasdan yayına bilərsə, buna təəcüblənəcəyini də sözlərinə əlavə edib.

XS
SM
MD
LG