Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:07

Publik hüquqi şəxslər dövlət büdcəsini yükdən qurtara bildimi?


Məmurlar saytlara rüşvət paylayır? Pul verim, məni təriflə!..
Gözlə

No media source currently available

0:00 0:08:42 0:00

Məmurlar saytlara rüşvət paylayır? Pul verim, məni təriflə!..

Son illər Azərbaycanda publik hüquqi şəxslərin yaradılması geniş yayılıb. Uyğun qanunda deyilir ki, publik hüquqi şəxs dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai önəm daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Publik hüquqi şəxs anlayışı Azərbaycanda tətbiq edilməyə başladığı zaman bildirilirdi ki, bu qurumların yaradılmasında əsas məqsəd publik hüquqi şəxslərin əhaliyə təqdim etdiyi xidmətlərin ödənişli əsaslarla aparılmasına şəraitin yaradılması, dövlət büdcəsinin bu qurumların saxlanmasına sərf etdiyi vəsaitlərin azaldılmasıdır. Başqa deyimlə, həmin publik hüquqi şəxslərin özü öz fəaliyyəti hesabına maliyyələşməlidir. Bu da indiyədək dövlət qurumlarına büdcədən ayrılan vəsaitə qənaət edilməsi deməkdir. O da var ki, publik hüquqi şəxslərin sayı artandan sonra əhaliyə ödənişli xidmətlərin də sayı çoxaldılmışdı.

Publik hüquqi şəxslərə nə qədər vəsait ayrılıb?

Hesablama Palatasının ötənilki dövlət büdcəsinin icrasına dair rəyində açıqlanan göstəricilərdən bəlli olur ki, 2023-cü ildə publik hüquqi şəxslərə büdcədən köçürmələr daha da artıb. Misal üçün 2022-ci ildə bu məqsədlə təxminən 320 milyon manat ayrılmışdısa, ötən il bu rəqəm 442 milyon manata yüksəldilib. Deməli, 2023-cü ildə dövlət büdcəsindən publik hüquqi şəxslərə ödənilən vəsait 120 milyon manat və ya 38 faiz daha çox olub. Ayrılan vəsaitlə yanaşı, büdcədən maliyyə əldə edən publik hüquqi şəxslərin sayı da artıb. İnişil 40 publik hüquqi şəxs büdcədən vəsait əldə etdiyi halda, ödən il bu göstərici 51-ə yüksəlib.

Hesablama Palatasının hesablamasına görə, dövlət sifarişləri ilə yanaşı, dövlət büdcəsinin ayrı-ayrı istiqamətləri üzrə toplam 8 milyard manatdan çox vəsait publik hüquqi şəxslər tərəfindən icra edilib. Publik hüquqi şəxslərin büdcə xərclərinə qənaətlə bağlı gözləntiləri tam qarşılaya bilməməsinə Hesablama Palatasının rəyində də toxunulur. Bu rəydə bildirilir ki, publik hüquqi şəxslərin iqtisadi mahiyyəti ictimai və ümumdövlət sektorunda gəlir əldə etdiyi əməliyyatlar hesabına büdcə xərclərini və büdcə yükünü azaltmaq olsa da, ötən ilin təhlili göstərir ki, bəzi məqamlarda buna riayət edilməyib.

Dövlət dotasiyaları, investisiyaları ayrılan, amma yenə də zərərlə işləyən dövlət qurumları
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

Publik hüquqi şəxslər tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası ilə bağlı Hesablama Palatasına təqdim edilən hesabatların təhlili göstərir ki, bəzi publik hüquqi şəxslərin digər mənbələrdən gəlirlərinin olmaması və ya az olması fonunda saxlanma xərcləri büdcə vəsaitləri hesabına təmin edilib.

Bir neçə il öncə hökumət publik hüquqi şəxs anlayışının Azərbaycanda tətbiqinin büdcə vəsaitlərindən istifadənin səmərəliliyini artıracağı ilə bağlı açıqlamalar versə də, hazırda bu qurumların fəaliyyətinin dövlət büdcəsinə qənaət imkanı yaratması müşahidə edilmir və hətta bəzi hallarda publik hüquqi şəxslər eyni işi dövlət qurumu ilə müqayisədə daha baha gerçəkləşdirir.

Publik hüquqi şəxslər niyə ümidləri doğrultmur?

Publik hüquqi şəxslərin fəaliyyətindən gözlənilən nəticələrin əldə edilməməsinin əsas səbəblərindən biri bu qurumları yönəltmə keyfiyyətinin yetərsizliyidir. Hesablama Palatasının öncəki dövrdə Dənizkənarı Bulvar İdarəsi ilə bağlı araşdırmasından bəlli olurdu ki, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər artsa da, dövlət büdcəsinin gəlirlərdən asılılıq aradan qalxmayıb. Eyni zamanda Hesablama Palatasının analizi göstərir ki, bu publik hüquqi şəxsin öz fəaliyyəti hesabına əldə edə biləcəyi gəlir potensialı da daha böyükdür, yəni daha yaxşı fəaliyyət qurulsaydı, publik hüquqi şəxslərin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər daha çox ola bilərdi. Bu da onu göstərir ki, Azərbaycanda, bir çox dövlət qurumunda olduğu kimi, publik hüquqi şəxslərin də idarə edilməsində peşəkarlığa ciddi ehtiyac var.

Azərbaycanda dövlət idarəetməsi ilə bağlı ən ciddi problemlərdən biri maraq toqquşmasının geniş yayılmasıdır. Belə ki, əksər vəzifəli şəxslər həm də sahibkarlıq fəaliyyəti göstərirlər. Bu isə idarəetmə qərarlarında qurumun marağından daha çox, şəxsi maraqların ön plana çıxmasına yol açır. Bu baxımdan, dövlət idarəetməsində yanaşmalar dəyişmədikcə, məmur sahibkarlığı və maraq toqquşması aradan qalxmadıqca qurumların yeni biçimdə qurulması köklü keyfiyyət dəyişikliyinə gətirib çıxara bilməz.

Büdcəyə 10 qat yük AZAL və s...
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

İstifadəsiz qalan vəsaitlər

Hesablama Palatasının publik hüquqi şəxslərin büdcə vəsaitləri ilə bağlı göstəricilərinin analizi göstərir ki, bu qurumlara büdcədən vəsaitlərin ayrılmasında və həmin vəsaitlərin necə xərclənməsində də problemlər mövcuddur. Məsələn, 2022-ci ildə bəzi publik hüquqi şəxslər büdcədən onlara ayrılan vəsaiti tam xərcləmədiyi üçün həmin vəsaitlər onların hesablarında istifadəsiz qalıb. Ancaq həmin publik hüquqi şəxslərə 2023-cü ilin dövlət büdcəsindən vəsait ayrılarkən, bu fakt nəzərə alınmayıb. Deməli, əslində, həmin publik hüquqi şəxslər öz xərclərinin bir bölümünü istifadəsiz qalmış vəsaitlər hesabına yerinə yetirə bilərdilər. Amma büdcə ayırmalarında istifadəsiz qalan vəsaitlər nəzərə alınmayıb. Bu da potensial qənaət imkanının əldən verilməsi deməkdir. Məsələn, Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin məlumatlarına əsasən, 2023-cü ilin əvvəlinə və sonuna bank hesablarının qalığında göstərilən pul vəsaitlərindən 44.5 milyon manatı Agentliyin hesabında olduğu halda, dövlət büdcəsindən əlavə vəsait cəlb edilib.

Yuxarıda qeyd edilənlərlə yanaşı, Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri göstərir ki, maliyyə-təsərrüfat fəaliyyətinin uyğun göstəriciləri düzgün qiymətləndirilməyib, o cümlədən əvvəlki ilin sonuna sərbəst pul vəsaitləri qalığı da tam nəzərə alınmayıb. Belə bir ortamda hər il dövlət sifarişi qismində büdcə vəsaitləri hesabına təklif olunan tələbatın ilkin məbləği yetərincə əsaslandırılmadığından cari ilin gözlənilən və ya faktik icrasını üstələyir. Bu da "Büdcə sistemi haqqında" Qanunun və "Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası"nın tələblərlərinin pozulması deməkdir.

Dövlət sifarişinin rəsmiləşdirilməsi çərçivəsində uyğun mərkəzi icra hakimiyyəti orqanı ilə bağlanan müqavilələrdə ("Dövlət adından yaradılan publik hüquqi şəxsə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilə"lərdə), bir qayda olaraq, dövlət sifarişi ayrı-ayrı istiqamətlər və qiymətlər üzrə də qeyd edilmir. Bəzi hallarda müqavilə məbləğinin hesablanması prosesində qeyri-büdcə mənbələrindən əldə olunacaq gəlirlərin həcmi nəzərə alınmır. Bu isə dövlət sifarişinin formal xarakter daşıdığını deməyə əsas yaradır.

XS
SM
MD
LG