Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:43

Putin Sovet İttifaqına hücumun ildönümündə Avropaya müraciət edib


Vladimir Putin 22 iyunda Naməlum əsgər abidəsinə əklil qoyub
Vladimir Putin 22 iyunda Naməlum əsgər abidəsinə əklil qoyub

Rusiya prezidenti Vladimir Putin SSRİ-yə nasist müdaxiləsinin 80-ci ildönümü günündə - 22 iyunda müharibə qurbanlarının xatirəsini yad edib və bildirib ki, “gərginliyin yüksəlməsi” nəticəsində Avropanın təhlükəsizliyi “dramatik şəkildə tənəzzül edib”.

Rusiya və Qərb arasında münasibətlər 2014-cü ildə Moskva Krım yarımadasını ilhaq edəndən bəri özünün ən aşağı səviyyəsinə enib.

Bu illər ərzində SSRİ-nin varisi olan Rusiya, 1980-ci illərdə Şərqi Avropada kommunist sisteminin çökməsindən sonra NATO blokunun şərqə doğru genişlənməsindən narahat olub.

Vladimir Putin Kremlin divarları yaxınlığındakı “Naməlum əsgər” abidəsinə əklil qoyduqdan sonra deyib ki, 22 iyun tarixi bugünədək milyonlarla insanın ürəyində məhv edilmiş insan talelərinə görə hiddət və kədər oyandırır.

Sovet İttifaqı ilə hücum etməmək barədə pakt imzalamasına baxmayaraq nasist Almaniyası 1941-ci ilin 22 iyun günündə SSRİ-yə basqın edib.

Putin SSRİ-yə qarşı ittihamları rədd edir

Müharibənin dörd ili ərzində SSRİ Qərb müttəfiqlərinin dəstəyi ilə Almaniya əsgərlərini ölkədən çıxarmağa nail olub və 27 milyon insan itirməsinə baxmayaraq müharibədən qalib çıxıb.

Putin daha sonra deyib:

"Rusiya Avropa ilə tammiqyaslı partnyorluğu dəstəkləyir…Avropanın bütün təhlükəsizlik sistemi dramatik şəkildə tənəzzül edib. Gərginliklər artdıqca yeni silah yarışması gerçəkliyə çevrilir”.

Putin bundan əvvəl verdiyi bəyanatı bir daha təkrar edərək deyib ki, onun ölkəsi II Dünya Müharibəsi tarixinin “təhrif edilməsinə” heç vaxt yol verməyəcəkdir.

Son illərdə Rusiya Avropa ölkələrini Sovet İttifaqının nasist Almaniyası üzərindəki qələbədə rolunu azaltmaqda və II Dünya Müharibəsində sovet qüvvələrinin törətdiyi qırğınlar barədə iddialar irəli sürməkdə ittiham edib.

Qərb tarixçiləri sovet qüvvələrini Polşa zabitlərini kütləvi qətliam etməkdə və alman qadınların kütləvi zorlanmasında ittiham edirlər.

Merkel Putinə zəng edib

İyunun 22-də Almaniyanın Die Zeit həftəlik qəzetində dərc olunmuş məqaləsində Putin yazır ki, sovet əsgəri Almaniya ərazisinə almanlardan qisas almaq üçün yox, nəcib xilaskar missiyası ilə gəlib.

Qərb tarixçiləri deyirlər ki, 1939-cu ildə Almaniya ilə SSRİ arasında bağlanmış müqavilə, əksinə II Dünya Müharibəsinin alovlanmasına qığılcım verib.

Tarixçilər bunu da bildirirlər ki, Molotov-Ribbentrop paktı kimi tanınan 1939-cu il müqaviləsinin məxfi protokollarında Mərkəzi və Şərqi Avropanın nasist Almaniyası və SSRİ arasında bölüşdürülməsi nəzərdə tutulmuşdu.

Nasistlər 1939-cu ilin 1 sentyabrında Polşaya hərbi müdaxilə edəndə, Sovet qoşunları da bu ölkənin şərq hissəsini zəbt etmiş və Xatın deyilən yerdə 20 min Polşa zabitini qətliam etmişdi.

Almaniya bu müqaviləni SSRİ-yə qəfil hücum etməklə pozub.

Almaniya kansleri Angela Merkel iyunun 22-də Vladimir Putinə zəng edərək “müharibənin ölçüyəgəlməz iztirabları ilə bağlı hüsn-rəğbətini” ifadə edib.

Kremlin bu barədə məlumatında deyilir ki, “iki lider faciəli hadisələrin yaddaşının saxlanması mühümlüyünü, Rusiya və Almaniya xalqları arasında barışığın müharibədən sonrakı Avropa üçün tarixi əhəmiyyətini təsdiqləyiblər”.

XS
SM
MD
LG