Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:52

Putini paradda tək qoymayacaqlar


Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Kasım-Jomart Tokayev (Arxiv fotosu)
Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Kasım-Jomart Tokayev (Arxiv fotosu)

Tacikistan prezidenti Emomali Rahmon Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya “işçi səfərə” gedib.

Rahmonun mətbuat xidməti xəbər verir ki, prezident habelə Rusiyanın II Dünya Müharibəsində qələbə günü kimi qeyd etdiyi 9 mayda keçiriləcək hərbi paradda iştirak edəcək.

Mayın 5-də rəsmi Düşənbə bildirmişdi ki, dəvət məqsədilə Rahmona Putinin özü zəng edib.

Kreml bu barədə heç bir rəsmi açıqlama verməmişdi.

Bundan əz əvvəl məlum olub ki, Moskva paradına Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də gedəcək.

Onun mətbuat katibi Ruslan Jeldıbay deyib ki, bu “işçi səfərdir” və Tokayev habelə Tver vilayətindəki Rjev xatirə abidəsinə və Trubino kəndindəki qardaşlıq məzarına baş çəkəcək. Orada Tokayevin dayısı Kasım Boltayev dəfn olunub.

Moskvaya Ermənistanın baş naziri Nikol Paşinyan da səfər edir.

Rəsmi məlumata görə o Qələbə gününə həsr olunmuş tədbirlərdə iştirak etməlidir.

Mayın 8-də məlum olub ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev də Moskvada keçiriləcək paradda iştirak edəcək.

Japarov “fəxri qonaq” olacaq

Qırğızıstan prezidenti Sadır Japarov isə mayın 7-dən Moskvadadır. O Rusiya paytaxtına “rəsmi səfərə” gedib və artıq Sovet əsgərinə qoyulmuş Rjev abidəsinə əklil qoyub, habelə burada Rjev-Vyazem istiqamətində gedən döyüşlərdə həlak olmuş qırğız əsgərlərə xatirə abidəsi açıb.

Japarovun ofisi onun Moskva paradında “fəxri qonaq” olacağını bildirib.

Qırğızıstan da Ermənistan, Belarus, Qazaxıstan və Tacikistan kimi Moskvanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Avrasiya İqtisadi İttifaqının üzvüdür.

Japarovun ötən il MDB-nin Sankt Peterburqda keçirilən 70 illik yubileyinə qatılmaması təəccüb doğurmuşdu.

Qırğızıstan habelə gözlənilmədən ölkə ərazisində KTMT təlimlərini ləğv etmişdi.

O vaxt Dövlət Dumasının millətçi deputatı Konstantin Zatulin demişdi ki, Qırğızıstan Qərb sanksiyalarına düşməmək üçün “oyun oynayır”.

Yuvarlaq olmayan ildönümü

Mayın 5-də bu da xəbər verilmişdi ki, Putin 9 may paradına Türkmənistan prezidenti Serdar Berdıməhəmmmədovu da dəvət edib.

Onun Moskvaya gəlib-gəlməyəcəyi bilinmir.

2021-ci il 9 may paradında keçmiş sovet respublikası prezidentlərindən yalnız Emomali Rahmon iştirak etmişdi.

Lakin 2022-ci ildə Rusiyanın Ukraynaya əsassız və səbəbsiz hücumundan sonra keçirilən paradda artıq heç bir xarici qonaq yox idi.

O vaxt Kremlin sözçüsü Dmitri Peskov bunu Qələbənin “yuvarlaq ildönümü” olmaması ilə izah etmişdi.

2023-ci ilin 9 may günü də yuvarlaq ildönümü deyil.

Sabah Putinin Qırmızı meydanda çıxış edəcəyi gözlənilir.

XS
SM
MD
LG