Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:44

Putinin nüvə şantajı, ‘yalançının evi yandı...’


İllüstrativ foto
İllüstrativ foto

Rusiya Prezidenti Vladimir Putinin martın 25-də televiziya müsahibəsində deyib ki, Moskva iyuladək müttəfiqi Belarusun ərazisində taktiki nüvə silahları yerləşdirə bilər. Onun sözlərinə görə, bu məqsədlə gərəkən infrastruktur iyulun 1-dək hazır olacaq.

Belarus Hava Qüvvələrinin 10 təyyarəsi belə silahları çatdıra bilər, üstəlik, qısamənzilli, nüvə silahı daşımağa qadir İskander raket sistemləri də bu ölkədə mövcuddur. Belarus Ukrayna, Rusiya, NATO üzvləri Polşa, Litva və Latviya ilə həmsərhəddir. Putinin sözlərinə görə, Rusiya gələn aydan Belarus hərbi personalına taktiki nüvə silahlarından istifadə üzrə təlimə başlaya bilər. O, sözügedən addımı ABŞ-ın uzun müddət NATO müttəfiqlərinin ərazisində taktiki nüvə silahları yerləşdirməsi ilə izah edib.

AzadAvropa/AzadlıqRadiosu bu qərarın Rusiya, Belarus, Ukrayna və NATO üçün nə demək olması haqda hərbi və siyasi təhlilçilərlə danışıb.

Şantaj

Xarici və müdafiə siyasəti üzrə ekspert Pavel Luzin deyib ki, Belarusda nüvə silahlarının yerləşdirilməsi təkcə NATO-nu deyil, Ukraynanı da şantaj etməkdir: “Onlar avropalıları elə qorxutmaq istəyirlər ki, Ukraynaya yardımı azaltsınlar. Bu həm də Ukraynaya xəbərdarlıqdır – Belarusdakı planlarımızı pozmaq istəsəz, yaddan çıxarmayın ki, nüvə variantımız var”.

“(Belarus lideri Alyaksandr) Lukaşenka Rusiyanın Belarusda nüvə silahları yerləşdirməsini istəyir. Çünki fikirləşir ki, Rusiya onları yerləşdirsə, Moskva ondan, indi onun Moskvadan asılı olduğu kimi asılı olacaq... O anlamır ki, Belarusda nüvə silahları anbarı açılsa, orada əsgərlər də yerləşdiriləcək. 2021-ci ilin sonundan Rusiya əsgərləri Belarusda müvəqqəti yerləşiblər. Ancaq saxlanc açılsa, onda daimi gələcəklər. Amerikalıları səlahiyyəti Avropadakı müttəfiqlərinə verirlər, ancaq Rusiya siyasi və hərbi mədəniyyətində müttəfiqlərinə belə bir etimad dərəcəsi yoxdur. Nüvə silahları saxlancının fəsadı bir neçə daimi əsaslı Rusiya hərbi bazası yaratmaq ola bilər”, – təhlilçi sözlərinə əlavə edib.

“Tikinti başlasaydı, onu görən olardı”

Rusiyanın nüvə arsenalı üzrə ekspert, BMT-nin Tərksilah Araşdırmaları İnstitutunun aparıcı tədqiqatçısı Pavel Podviq isə saxlancın iyulun 1-dək tamamlanacağına şübhələri olduğunu bildirib:

“Onun tikilməsini görən olmayıb. Nüvə silahları üçün saxlanc tikmək yetərincə ciddi mühəndislik işidir. Möhkəm bunker, ətrafında təhlükəsizlik perimetri qurmalı, mühafizəçilər qoymalısan. Təkcə müşahidə və həyəcan sistemlərinin quraşdırılması altı ayadək çəkir. Bu, gözlə görünməlidir, amma hələ görən olmayıb. Tikinti başlasaydı, onu görən olardı”.

Podviq qeyd edir ki, burada əsas ideya siyasidir – Belarusla Rusiya arasında siyasi birliyin gücləndirildiyini göstərməkdir: “Sırf siyasi addımdır. Burada hərbi məqsədəuyğunluq yoxdur. Yeri gəlmişkən, NATO-da da belə təcrübə var. Sırf siyasi hərəkətdir, məqsəd birlik göstərisidir”.

“Ancaq təmiz siyasi addım olmasına baxmayaraq, Qərb çətin vəziyyətə düşüb. Bunun qanunsuz olduğunu deyə bilməzlər, çünki özləri də uzun illərdir başqa ölkələrdə nüvə silahları yerləşdirirlər”, – deyən təhlilçi nüvə silahlarının həqiqətən Belarusda yerləşdiriləcəyinə güclü şübhələri olduğunu bir daha dilə gətirib.

Kalininqrad olan yerdə..

Tarixçi, Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunda proqram direktoru Arkadi Moşes isə bildirir ki, nüvə silahlarını NATO sərhədlərinə yaxınlaşdırmağın anlamı yoxdur, çünki Rusiyanın Kalininqrad vilayəti var, bu silahlar oraya yerləşdirilə, başqa bir ölkə oyuna çəkilməyə bilər.

“Bu qərarda xüsusi bir hərbi əhəmiyyət görmürəm. Ancaq bu fakt Kremlin panikaya düşməsə də, əsəbi olduğunu göstərir. Kreml anlamağa başlayır ki, nüvə silahlarından istifadəylə bağlı öncəki təhdidlər ‘yalançının evi yandı’ məsəlinə oxşayır... Bu, sabitsizlik yaratmaq, Qərbdə qorxmağa meylli adamları qorxutmaq cəhdidir”.

Belaruslu siyasi təhlilçi Artyom Şraybman qeyd edir ki, Lukaşenka Rusiyaya loyallığını nümayiş etdirir və bundan pul qazanır. Ancaq ekspert bu addımın Lukaşenkaya faydalı olmadığını vurğulayır. Belə ki, 2022-ci ilin yayında belarusluların 80 faizi Rusiyanın bu ölkənin ərazisində nüvə silahı yerləşdirməsinə qarşı çıxırdı:

“Yəni, daxili siyasət kontekstində bu, Lukaşenka üçün problemdir. İndiyədək o, özünü belarusluların çoxuna sülh və təhlükəsizliyin qarantı kimi göstərə bilib. İndi isə ona çətin olacaq”.

XS
SM
MD
LG