Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:33

'Putin sarayı'nın italyan dizayneri hüquqi problemlər quyusuna düşüb


"Putinin memarı"nın üzərində 60 milyon dollarlıq borc qalıb.
"Putinin memarı"nın üzərində 60 milyon dollarlıq borc qalıb.

İtaliyalı işadamı Lanfranko Çirillo 10 ildən çoxdur "Putinin memarı" kimi tanınır. Qara dəniz sahilində yerləşən kurort şəhəri Gelencikdə Putinə tikildiyi düşünülən gizli və dəbdəbəli mülkü o, dizayn edib.

AzadlıqRadiosu rus xidmətinin araşdırma qrupu "Sistema" 2022-ci ildən bəri aktivləri İtaliya vergi qurumlarının hədəfində olan Çirillonun Rusiya işğalındakı Krım yarımadasında Putin üçün dəbdəbəli iqamətgah tikintisi ilə məşğul olan şirkətlə də bağlı olduğunu üzə çıxarıb.

AzadlıqRadiosu rus xidmətinin əməkdaşı Sergey Titov və radionun redaktoru Karl Şrekin hazırladıqları məqalədə deyilir ki, "Star-Yuq" adlı həmin şirkət Rusiyada bu layihə ilə bağlı milyonlarla dollarlıq vergi tələbi ilə üzləşib. Çirillo ilə bağlantılı bu şirkət kontraktor kimi vaxtilə SSRİ-nin rəhbərləri Mixail Qorbaçov və Leonid Brejnevin istifadə etdiyi iki istirahət məkanının birləşdirilməsi və təmiri ilə məşğul olub.

Şirkət dəyəri 500 milyon rublu (5.4 milyon dollar) keçən vergi fırıldaqçılığında şübhəli bilinir. Rusiya dövlət televiziyası şirkətin təmir etdiyi obyektlərə prezidentin qonaqları üçün kotteclər, bir helikopter meydançası və bir yaxta dokunun daxil olduğunu bildirib.

Çirillonun 65 yaşı var. O bu iddialarda üçüncü tərəf kimi göstərilsə də, "Sistema"nın hüquqi və digər açıq sənədləri təhlil etməsi nəticəsində onun "Star-Yuq" şirkətinə yaxından bağlılığı üzə çıxıb. "Putinin sarayı"nı tikən "Spetsstroy" dövlət tikinti şirkəti də "Star-Yuq"a qarşı 60 milyon dollarlıq iddia qaldırıb.

Ancaq Çirillonun Rusiyadakı digər işləri yaxşı gedir. İtaliya hökuməti onu qaçaqmalçılıq, saxtakarlıq və vergidən yayınmada suçlayandan bəri Çirillo Rusiyaya qayıdıb.

Gelenсik yaxınlığında Vladimir Putin üçün tikildiyi iddia olunan saray.
Gelenсik yaxınlığında Vladimir Putin üçün tikildiyi iddia olunan saray.

Dövlət televiziyası Putinin təmir işlərindən razı qaldığını bildirsə də

Çirilloya Rusiya vətəndaşlığını 10 il öncə şəxsən Putin təqdim edib. Bu ay Rusiyanın "Sberbank" dövlət bankı Çirillonun bankın baş vitse-prezidenti təyin edildiyini açıqlayıb. "Sberbank"ın Baş icraçı direktoru German Qref onu bankın yeni komandasında salamlayıb və italyanların "əla" tərz duyğusunu tərifləyib.

Rusiya dövlət televiziyasının xəbərinə görə, 2019-cu ilin yayında Putin Krımda həmişəkindən daha çox qalıb. Xəbərdə deyilir ki, Rusiya prezidenti təmir işləri və kurort şəhərciyi Foros yaxınlığındakı Oliva kəndində yerləşən 6 və 8 nömrəli bağ evlərinin vahid bir prezident iqamətgahı şəklində birləşdirilməsindən razı qalıb.

Ərazidə nəhəng bərpa işləri aparılıb. İşi görən "Spetsstroy" dövlət şirkəti "Putinin sarayı"ndan başqa Rusiya Müdafiə Nazirliyi və "Roskosmos"a aid obyektlərin tikintisi ilə də məşğul olub.

Çirilloya bağlı olan "Star-Yuq" şirkəti bu layihədə kontraktor olub. Şirkətə təmir işləri, mebelin, çəngəl-bıçaq dəstlərinin, vanna otağı gərəkləri və digər dizayn elementlərinin seçilməsi kimi işlər, habelə landşaftın gözəlləşdirilməsi və hətta mərmərin seçilməsi həvalə edilib.

Ancaq dövlət televiziyası Putinin təmir işlərindən razı qaldığını bildirsə də, Rusiya prezidentinin yarımadaya səfərindən az sonra vergi qurumları 2016-2019-cu illəri əhatə edən sənədləri təftiş etmək üçün "Star-Yuq"da reyd keçirib. Həmin illər ərzində şirkət Krımdakı dövlətə məxsus bağ evlərinin təmiri ilə məşğul olub.

Vergi rəsmiləri şirkəti maliyyə vəsaitlərini gizlətməkdə suçlayaraq ona qarşı 743 milyon rubl (8.4 milyon dollar) məbləğində əlavə vergi və cəzalar tətbiq ediblər. Şirkət müfəttişlərin gəldiyi nəticələrlə razılaşmayıb və məhkəməyə üz tutub. Aşağı məhkəmə instansiyalarının vergi müfəttişlərinin gəldiyi nəticəni qüvvədə saxlamasından sonra şirkət yuxarı instansiyaya müraciət edib və hazırda işə Rusiya Ali Məhkəməsində baxılır.

Çirillo məhkəmə sənədlərində üçüncü tərəf kimi qeyd edilib. O, işlə bağlı məhkəmə iclaslarının heç birinə qatılmayıb. Ancaq çox sayda dəlil italiyalı memarın "Star-Yuq"la bağlı olduğunu göstərir.

Məhkəmə sənədlərində Çirillo Putinin Krımdakı iqamətgahının landşaftının işlənməsi üçün gərəkli materialların göndərildiyi anbarın sahibi kimi göstərilir. Həmin anbar Moskva yaxınlığında yerləşir. Üstəlik, "Star-Yuq"un təsisçisi və menecerləri daha öncə Çirillonun işçiləri olublar. Ona məxsus iki şirkətsə Krımda, Putinin mülkünün yerləşdiyi Oliva kəndindəki layihələrdə çalışıb. Həmin layihələrin bəzilərində bu şirkətlər "Star-Yuq"un kontraktoru olub.

Telefon nömrələrini istifadəçilərin telefonlarında qeyd edilən adlarla birləşdirən "GetContact" mobil əlavəsi Çirillonun nömrəsinin "Lanfranko Star Yuq" şəklində saxlandığını göstərir.

Putinin ilhaq edilmiş Krımdakı iqamətgahı 2018-ci ildə təhvil verilməzdən bir müddət əvvəl
Putinin ilhaq edilmiş Krımdakı iqamətgahı 2018-ci ildə təhvil verilməzdən bir müddət əvvəl

Ukraynadakı müharibənin qurbanı?

O, 2017-ci ildə "Star-Yuq"dan bir helikopter alıb. Həmin helikopterin markası 2022-ci ildə İtaliya hökumət qurumlarının onun villalarından birində keçirdikləri reyd zamanı müsadirə etdiyi helikopterin markası ilə eynidir.

Rusiya məhkəmə sənədləri göstərir ki, sözügedən helikopter Çirilloya 30 milyon rubla (520 min dollara) başa gəlib və "Star-Yuq" bundan iki il öncə onu 105 milyon rubla (1.6 milyon dollara) alıbmış. Vergi auditinin başlandığı 2020-ci ildən bəri şirkət iflas prosedurlarına başlayıb və "Star-Yuq"un iflas işləri ilə məşğul olan müvəkkili helikopterin satışına etiraz edib.

Məhkəmə sənədlərində göstərilir ki, "Spetsstroy" hələ də "Star-Yuq"un sözügedən mülkdə gördüyü işi təhvil almayıb və kontraktordan 60 milyon dollar məbləğində kompensasiya tələb edib.

Bu, Çirillo üçün pis xəbərdir; o, "Star-Yuq"un borclarına görə məsuliyyət daşıya bilər.

"Star-Yuq"un işi Çirillonun son illərdə Rusiya rəhbərliyi ilə üzləşdiyi bir neçə çətinlikdən biridir.

2018-ci ilin payızında Rusiya Mərkəzi Bankı Çirillonun Rusiya Federal Mühafizə Xidmətinin bir zabitinin həyat yoldaşı Tatyana Kuznetsova ilə birlikdə sahibi olduğu "Soyuznıy Bank"ın lisenziyasını ləğv edib. Federal Mühafizə Xidmətinin yetkilərinə Putin və prezident mülklərinin qorunması da daxildir. Kuznetsova eyni zamanda "Putinin sarayı"nı idarə edən şirkətin sahiblərindən biridir.

2019-cu ilin yayında isə Rusiya məhkəməsi Moskva vilayətində daha öncə Çirilloya məxsus olmuş şirkətdən bir yaşayış kottecinin müsadirəsinə order verib. Order Rusiya Federal Dövlət Əmlakının İdarə Edilməsi Agentliyinin şikayəti əsasında verilib.

2021-ci ildə Rusiya vergi qurumları Çirillonun memarlıq bürosunu zorla qapadıb. Onlar büronun ünvanı ilə bağlı qeyri-dəqiq məlumat verilməsini əsas gətiriblər. O zaman italiyalı memar "Meduza"ya Rusiya ilə əlaqələrini, demək olar, kəsdiyini və Dubayda yerləşdiyini demişdi.

Ancaq İtaliyada barəsində cinayət işi açılandan sonra Çirillo Rusiyaya qayıdıb. O özünə qarşı irəli sürülən ittihamları rədd edir.

"Mən Ukraynadakı müharibənin … qurbanıyam – "Putinin memarı" kimi tanındığım üçün təqib olunuram", - o, ötən ilin dekabrında Britaniyanın "The Times" qəzetinə müsahibəsində belə deyib.

Lanfranko Çirillo
Lanfranko Çirillo

"Axı mən peşəkaram"

Çirillo hazırda "Sberbank"da 36 min əməkdaşı olan şöbəyə rəhbərlik edir. Bu şöbə 10 milyard dollarlıq yatırıma cavabdehdir.

"Bizim Rusiya, Hindistan və Çində 137 layihəmiz var. Biz Qara dənizdə, Sibirdə, Monqolustanla sərhədin yaxınlığında villalar tikirik", - Çirillo İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində deyib. Qəzet onun bu müsahibəni Rusiya işğalı altındakı Krımda məzuniyyəti zamanı telefonla verdiyini qeyd edib.

"Sistema" bu müsahibənin üstündən bir həftədən bir qədər çox keçmiş Çirilloya zəng vuraraq onunla əlaqə yarada bilib. O zaman da Çirillo Krımda idi. O, maşın sürdüyü zamana təsadüf etdiyindən qısa müsahibəyə hazır olduğunu deyib. Ancaq söhbət "Sberbank"dan düşüncə, bağlantı kəsilib.

Həmin axşam Çirillo messencer vasitəsilə ingilis dilində cavab verir. O özünü "rusiyalı" adlandırıb, İtaliya hökumət qurumlarını tənqid edib və onların onu "ən məşhur rus" üçün çalışdığına görə təqib etdiyini iddia edib.

"Sberbank"dakı işinə gəlincə, Çirillo orada peşəkar olduğu üçün çalışdığını yazıb: "Axı mən peşəkaram və öz peşəmi bilirəm. Başqa heç nə".

Məqalənin dərc edildiyi günədək "Sberbank" açıqlama müraciətinə cavab verməyib.

XS
SM
MD
LG