Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 00:36

Lukashenka və Putin Belarusda saxlanan Rusiya muzdlularını müzakirə ediblər


Vladimir Putin (sağda) və Alyaksandr Lukashenka ötən il Sankt Peterburqda
Vladimir Putin (sağda) və Alyaksandr Lukashenka ötən il Sankt Peterburqda

Rusiya və Belarus prezidentləri Vladimir PutinAlyaksandr Lukashenka avqustun 7-də bu yaxınlarda Belarusda saxlanmış 33 Rusiya muzdlusu ilə bağlı vəziyyəti müzakirə ediblər.

Saxlananların Rusiyadakı Vagner özəl hərbi şirkətinin muzdlu döyüşçüləri olduqları xəbər verilib.

Belarus prezidentinin administrasiyası və Kreml bildiriblər ki, iki lider arasında yer almış bu telefon söhbətində “tərəflər bu insidentin qarşılıqlı anlaşma ruhunda həllini tapacağına əminlik ifadə ediblər”.

Lukashenka-nın sözçüsü bunu da bildirib ki, tərəflər arasında “bu vəziyyətin yaranma səbəblərinin bütün detallarının araşdırılması və məsuliyyət daşıyanların aşkara çıxarılması” barədə razılaşma əldə olunub.

Kreml bildirir ki, Rusiya prezidenti avqustun 9-da Belarusda prezident seçkisinin “sakit bir atmosferdə” keçəcəyinə ümid ifadə edib.

Ukrayna muzdluların ekstradisiyasını istəyəcək

Bu telefon danışığından bir gün əvvəl Alyaksandr Lukashenka öz hökumətinə 33 muzdlu ilə bağlı məsələnin araşdırılması üçün Rusiya və Ukrayna prokurorlarının dəvət edilməsini tapşırmışdı.

Avqustun 5-də Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş baş nazir Dmitry Medvedev Minski saxlananların dərhal azad edilməsinə çağırmış, əks halda bunun Belarus üçün “çox ağır nəticələr” verə biləcəyi ilə təhdid etmişdi.

Lukashenka Medvedevin bu hədəsinə avqustun 6-da Minskdə keçirilən hökumət müşavirəsində cavab vermişdi:

“Bizi nəticələrlə qorxutmaq lazım deyil, biz bütün nəticələrdən xəbərdarıq”.

İyulun 29-da Belarus hakimiyyət orqanları Minsk yaxınlığında Vagner qrupunun 32 muzdlu döyüşçüsünün saxlandığı barədə məlumat vermişdi.

Onlara qarşı seçki ərəfəsində Belarusda sabitsizlik yaratmaq cəhdi ittihamı irəli sürülüb.

Ukraynanın baş prokuroru iyulun 31-də demişdi ki, Kiyev Minskdən Vagner məhbuslarından 28-nin Ukraynaya ekstradisiyasını rica edəcək.

Ukrayna bu şəxsləri ölkənin şərqində rusiyayönlü separatçıların sırasında döyüşməkdə ittiham edir.

Moskva israr edir ki, bütün saxlananlar Rusiya vətəndaşlarıdır. Rusiya Belarusu saxlananların sərbəst buraxılmasına və Rusiyaya dönüşlərinin təmin edilməsinə çağırıb.

İttihamlar yerində qalır

Rusiya hakimiyyət orqanlarının iddiasına görə saxlananlar Belarusdan tranzit ərazi kimi keçirdilər. Moskva bildirir ki, onlar əvvəlcə İstanbula, oradan isə “üçüncü ölkəyə” yollanmalı idilər.

Lakin Lukashenka bəyan etmişdi ki, Rusiyanın bu iddiaları “yalandır”.

Lukashenka düşünür ki, muzdlular Belarusa “rəngli inqilab” törətmək üçün göndəriliblər.

Belarus lider bəyan etmişdi ki, onun ölkəsində ukraynasayağı Maydana yol verilməyəcək.

Belarus Təhlükəsizlik Şurasının başçısı Andrey Raukou iyulun 30-da demişdi ki, hazırda ölkədə sabitsizlik yaratmağa çalışan daha 200 döyüşçünün axtarışı davam edir.

Avqustun 9-da keçiriləcək seçki artıq 23 ildir ki ölkəyə rəhbərlik edən Lukashenka üçün ciddi sınağa çevrilə bilər.

Əvvəlki seçkilərdən fərqli olaraq bu seçkidə müxalifət vahid cəbhə ilə çıxış edir və mitinqlərə minlərlə tərəfdar toplaya bilib.

XS
SM
MD
LG