Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:21

Cənubi Qafqazda ən böyük büdcə də, ən az orta maaş da Azərbaycandadır


Azərbaycanda orta aylıq əməkhaqqı 825 manatdır.
Azərbaycanda orta aylıq əməkhaqqı 825 manatdır.

Milli Məclisin deputatı Zahid Oruc parlamentdə builin büdcəsinə dəyişikliklərin müzakirəsinə qatılaraq, Azərbaycan büdcəsinin göstəricilərini qonşu Gürcüstan və Ermənistanla müqayisə edib: "Gürcüstanın dövlət büdcəsi 6 milyard 300 milyon dollar, Ermənistanda isə 4 milyard 400 milyon dollar olduğunu nəzərə alsaq, Azərbaycanın dövlət büdcəsi iki Cənubi Qafqaz ölkəsinin birgə büdcəsindən iki dəfə artıq olacaqdır".

Dəyişikliklərdən sonra Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 29 milyard 198 milyon manat olması proqnozlaşdırılır.

Bu, ilin əvvəlində nəzərdə tutulan gəlirlərdən 2 milyard 382 milyon manat daha yüksək göstəricidir. İndiki məzənnə ilə Azərbaycan büdcəsi gəlirlərinin dollar ifadəsi 17 milyard 175 milyondur.

Gürcüstan parlamentinin təsdiqlədiyi 2022-ci il büdcəsində göstərilir ki, bu il Gürcüstan büdcəsi gəlirlərinin 19 milyard 360 milyon lari olması proqnozlaşdırılır.

İndiki məzənnə ilə bu, 6 milyard 600 milyon dollara yaxın vəsait deməkdir.

Ermənistanın 2022-ci il büdcəsində isə gəlirlərin 1 trilyon 948 milyard dram, yəni təxminən 4 milyard 400 milyon dollar olması proqnozlaşdırılıb. Bu baxımdan, aydın olur ki, Azərbaycanın dövlət büdcəsinin gəlirləri Gürcüstan və Ermənistanın birgə büdcələrindən iki dəfə yox, cəmi 56 faiz çoxdur.

AZAL, ADA Universiteti... Subsidiya verilən qurumlar necə seçilir? (EKSPLEYNER)
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

Mühüm göstərici adambaşına düşən büdcə gəlirləridir

Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, iqtisadi göstəricilərin müqayisəsi zamanı gerçək durumu görmək üçün büdcə gəlirləri deyil, adambaşına düşən büdcə gəlirlərinin müqayisəsi daha vacibdir. Axı məhz bu göstərici real müqayisə aparmağa imkan verir. Bu yanaşmaya əsasən hesablama aparsaq, məlum olur ki, Azərbaycanda adambaşına düşən büdcə gəlirləri ilə Gürcüstan və Ermənistandakı eyni gəlirlər arasında ciddi bir fərq yoxdur. Hətta Azərbaycanda adambaşına düşən büdcə gəliri Gürcüstandan geri qalır.

Dövlət Statistika Komitəsinin sonuncu açıqlamasına görə, Azərbaycan vətəndaşlarının sayı 10 milyon 173 min nəfərdir. Bu il Azərbaycanda büdcə gəlirlərinin 17 milyard 175 milyon dollara olacağı nəzərə alınsa, bu o deməkdir ki, 2022-ci ildə Azərbaycanda adambaşına düşən büdcə gəlirlərinin məbləği 1 min 688 dollardır.

Gürcüstan statistika qurumunun açıqlamasına görə, bu ilin əvvəlinə Gürcüstanda əhalinin sayı 3 milyon 689 min nəfərdir. Ölkənin builki büdcə gəlirləri 6 milyard 600 milyon dollar olduğundan, adambaşına təxminən 1 min 789 dollar gəlir düşür.

Ermənistanınsa builki büdcə gəlirləri 4 milyard 400 milyon dollar, əhalinin sayı 2 milyon 972 min nəfərdirsə, deməli, adambaşına 1 min 480 dollar büdcə gəliri düşəcək. Bu baxımdan, aydın olur ki, Azərbaycanın dövlət büdcəsinin gəlirləri nominal olaraq Gürcüstan və Ermənistanın büdcə gəlirlərindən çox olsa da, adambaşına göstəricilərin müqayisəsi fərqli mənzərə yaradır. Adambaşına düşən büdcə gəlirlərinə görə Azərbaycanın göstəricisi Gürcüstandan 6 faiz geridir. Ermənistandansa Azərbaycanda adambaşına düşən büdcə gəlirləri cəmi 14 faiz yüksəkdir.

Azərbaycandan 'beyin axını': 'Qarşısı mütləq alınmalıdır!'
Gözlə

No media source currently available

0:00 0:07:32 0:00

Bəs maaşlar?

Üç Cənubi Qafqaz ölkəsindəki orta aylıq maaşlar arasında da ciddi fərq gözə dəymir. Dövlət Statistika Komitəsinin sonuncu məlumatına görə, Azərbaycanda orta aylıq əməkhaqqı 825 manatdır. Bu, mövcud məzənnə ilə 485 dollar deməkdir. Gürcüstan statistika orqanının göstəricisinə görə, qonşu ölkədə orta aylıq əməkhaqqı 1 min 447 laridir, yəni 495 dollar.

Bu baxımdan, aydın olur ki, adambaşına düşən büdcə gəlirlərində olduğu kimi, orta aylıq əməkhaqqı miqdarına görə də Gürcüstan Azərbaycanı qabaqlayır. Hazırda Gürcüstanda orta aylıq əməkhaqqı Azərbaycanla müqayisədə 2 faizə yaxın çoxdur. Ermənistanda isə sonuncu açıqlanana göstəriciyə görə, orta aylıq əməkhaqqı miqdarı 217 min dram, yəni təxminən 525 dollardır. Bu o deməkdir ki, hazırda Ermənistanda mövcud olan orta aylıq əməkhaqqı miqdarı Gürcüstan və Azərbaycandakı orta aylıq əməkhaqqından daha yüksəkdir.

Son dövrlər qlobal iqtisadiyyatda ən çox mübahisələndirilən göstərici inflyasiya olduğundan, Cənubi Qafqazın bu 3 ölkəsindəki inflyasiya göstəriciləri də diqqət çəkir.

Azərbaycan statistika qurumunun son açıqladığı rəqəmlərə görə, indi ölkədə inflyasiya 12.6 faizdir. Ermənistanın uyğun göstəricisi Azərbaycandan daha yaxşıdır. Ermənistan statistika qurumunun məlumatına görə, ölkədə inflyasiya 8.4 faiz həddindədir. Gürcüstansa, rəsmi rəqəmlərə görə, hazırda Güney Qafqazda qiymətlərin ən çox bahalaşdığı ölkədir. Burada qiymət artımlarının səviyyəsi 13.3 faizdir.

XS
SM
MD
LG