Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:45

'Qara qızıl' su qiymətinə satılanda


İlin əvvəli ilə də müqayisədə neft 3 dəfədən çox ucuzlaşıb
İlin əvvəli ilə də müqayisədə neft 3 dəfədən çox ucuzlaşıb

Dünən, aprelin 1-də Azərbaycan Neft Fondu mart ayına aid valyuta satışını açıqlayıb. Açıqlamaya görə, ölkədə dollara tələbat ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artıb. Azərbaycan nefti hazırda 16.5 dollara satılır. Bu, son dönəmlər Azərbaycan «qara qızıl»ında qeyd edilən ən aşağı qiymətdən belə (2001-ci ildə Azərbaycan nefti 19 dollara satılıb) 3 dollar azdır. Arada bəzi illər neftin bir barreli (159 litr) hətta 149 dollara belə yüksəlib.

5 il əvvəl neftin qiyməti onun qızıl dövrü ilə müqayisədə təqribən 3 dəfə düşdükdən sonra Azərbaycanda dalbadal 2 dəfə devalvasiya baş verdi. Manat dollar qarşısında iki dəfədən çox dəyər itirdi. Elə bu ilin əvvəli ilə də müqayisədə neft 3 dəfədən çox ucuzlaşıb.

İqtisadçı-ekspert Rəşad Həsənov AzadlıqRadiosuna deyib ki, dünya neft bazarında qiymətlərin kəskin ucuzlaşması ilə Azərbaycanda yaranan vəziyyət ölkənin neft təsirlərindən, resurs asılılığından xilas olmamasının nəticəsidir:

«Hökumətin gördüyü tədbirlərin ciddi nəticəsi yoxdur»

«Ötən 4-5 il ərzində ölkə iqtisadiyyatının resurs asılılığından xilas edilməsi istiqamətində hökumətin gördüyü tədbirlərin ciddi nəticəsi yoxdur. Bunu biznes də, vətəndaş da, hökumətin özü də bilir».

R.Həsənov
R.Həsənov

Ekspertə görə, bu isə manatın arxasında dayanan valyutanın əsas mənbəyinin dollar olması deməkdir. İqtisadçı vurğulayıb ki, bunu da hər kəs bildiyinə görə, neftin qiymətinin ucuzlaşması fonunda xarici valyutaya tələb artmağa başlayıb.

R.Həsənovun fikrincə, bunun da bir neçə il əvvələ gedən səbəbləri var: «2015-ci ildəki devalvasiyalardan öncə hakimiyyətin aidiyyəti qurumlarının düzgün olmayan məlumatlandırması nəticəsində əhali bir xeyli maddi zərərə düşdü. Ona görə də, indi artıq rəsmi çağırışlara adekvat cavab vermir. Hökumətin heç bir təhlükə, risk olmaması çağırışına inanmır, mart ayında 2 milyard dollara yaxın valyuta satılması bundan qaynaqlanır, tələb artmaqda davam edir».

Ekspert əlavə edib ki, 2015-ci il ilə müqayisədə 2020-ci ildə vəziyyət eyni deyil. Onun fikrincə, 2020-ci il Azərbaycanı bütün mənalarda kifayət qədər yoxsullaşıb.

«Qısamüddətli dövrdə hökumət məzənnəni qoruyub saxlamağa çalışacaq»

Qarşıdakı dövrdə hadisələrin necə cərəyan edəcəyinə gəlincə, iqtisadçı hesab edir ki, bu, daha çox problemin nə dərəcədə uzunmüddətli olmasından asılıdır:

Bakıda dollar qıtlığı: vətəndaşlar danışır
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00


«Qısamüddətli dövrdə hökumət məzənnənin bugünkü səviyyəsini qoruyub saxlamağa çalışacaq. Hökumət indiki iqtisadiyyatın dayandığı, sosial izolyasiyanın olduğu bir şəraitdə devalvasiyanın yaradacağı riskləri qarşılayacaq vəziyyətdə deyil. Buna görə, ən azı yaxın aylarda fikrimcə, hökumət devalvasiyaya getməyəcək, çünki devalvasiya ciddi problemlər gətirəcək, inflyasiya idxalı yaradacaq».

Ehtiyatların əriməsi

Onu fikrincə, neftin qiymətinin enməsi səbəbindən artıq Azərbaycanın həm tədiyyə balansı, həm də ticarət saldosu ciddi təzyiq altındadır: «Bu şəkildə davam edərsə, ilin sonunda tədiyyə balansında kəsir yaranacaq. İndi həmin kəsiri Neft Fondunun ehtiyatları hesabına kompensasiya etmək imkanı var, bu da həmin ehtiyatların əriməsi hesabına baş verir».

R.Həsənov deyib ki, neft qiymətləri orta və uzunmüddətli dövrdə indiki kimi aşağı qaldığı halda devalvasiya mütləqdir və bunun alternativi yoxdur.

«Böyük təhlükə»

«Neftin qiymətinin aşağı düşməsi, əlbəttə, Azərbaycan üçün böyük təhlükədir». Bunu isə «Turan» agentliyinə deputat Vahid Əhmədov bildirib. Onun fikrincə, indiki halda neftin belə ucuz qiymətdə olması həmin məhsulu idxal edən ölkələr üçün əlverişlidir:

V.Əhmədov
V.Əhmədov


«Amma bizim kimi neft ixracatçısı olan ölkələr üçün neft satışından əldə edilən gəlirlərin azalması problemi yaşanır».

Deputata görə, bu məsələdə, hələlik, ümidverici yeganə məqam odur ki, ABŞ prezidenti D.Tramp bu günlərdə həm Səudiyyə Ərəbistanı, həm də Rusiya dövlət rəhbərləri ilə danışaraq onları bu məsələni yoluna qoymaq, yəni, nefti satışını normal qiymətə qaldırmaq üçün danışıqlar aparmağa dəvət edib. «Neftin hazırkı aşağı qiymətə düşməsinin bir səbəbi də Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neft hasilatının hansı həddə qədər azaldılıb-azaldılmaması məsələsində ortaq məxrəcə gələ bilməmələri olub. Neftin yüksək qiymətə gəlib çıxacağına da inanmıram, amma 50 dollar səviyyəsinə çatarsa, buna da şükür etmək olar»,-V.Əhmədov bildirib.

«Devalvasiya təhlükəsi real görünmür»

Devalvasiyaya gəlincə, V.Əhmədov hesab edir ki, ölkənin etibarlı təhlükəsizlik yastığı var, devalvasiya təhlükəsi real görünmür.

Hazırda ölkənin valyuta ehtiyatlarının 50 milyard dollar civarında olduğu bildirilir.

XS
SM
MD
LG