Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:47

Qurban Qurbanov: ''Çelsi'nin belə köməyə ehtiyacı yox idi'


«Qarabağ»-«Çelsi» oyunu.
«Qarabağ»-«Çelsi» oyunu.

«O qırmızı vərəqə olmasaydı... O penalti verilməsəydi...», - Azərbaycanda futbolsevərlər noyabrın 22-də Çempionlar Liqasının 5-ci turunda evdə «Çelsi»yə 0:4 uduzan «Qarabağ»ın oyunundan danışarkən sözə belə başlayırlar.

AzadlıqRadiosu oyunla bağlı futbol mütəxəssisləri və azarkeşlərin rəyini öyrənib.

«Qarabağ» azarkeşi, deputat Aqil Abbasın fikrincə, lap penalti verilsə də, qırmızı kart göstərilməməliydi:

Aqil Abbas: 'Hakim 'Qarabağ'a qarşı terror törətdi'
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00
Direct-ə keçid

«Qırmızı kartı onda verərlər ki, rəqib futbolçu möhkəm əzilə, yıxıla yerdə qala, ona qəsdən nəsə edilə. Sadəcə, «Qarabağ» əvvəldə yaxşı oynadı, topu dirəyə vurdu, artıq möhkəm qorxdular. Ona görə də hakim «Çelsi»ni sığortalamaqdan ötrü qırmızı kart göstərdi. İkincisi, orda penalti verilə də bilərdi, verilməyə də. Rəşad Sadıqov rəqibin köynəyindən tutub çəkdi, amma diqqətlə baxanda görürsən ki, meydandan kənarda çəkdi. Bu, sui-qəsd idi və hakim «Qarabağ»a qarşı terror törətdi. «Çelsi» onsuz da möhtəşəm və güclü komandadır, amma kişi kimi oyna da. Habil Əliyev danışırdı, biri gəlib ona deyir ki, eşitdiniz də, mənə də xalq artisti adı verdilər. O da cavab verib ki, onlar verirdi-verirdi, bəs sən utanmadın bu adı götürdün?.. Bir dəfə hansısa oyunda «Qarabağ»a penalti – 11 metrlik cərimə zərbəsi verdilər. Hakim verməməli idi, haqsız idi deyə, «Qarabağ»ın oyunçusu topu kənara vurdu. «Çelsi», sən elə komandasan ki, «Qarabağ»ı udacaqdın onsuz da. Amma niyə bu dərəcədə özünü alçaltdın?».

Qurban Qurbanov
Qurban Qurbanov

QURBAN QURBANOV: «BİZİM ÖLKƏYƏ BU QƏDƏRMİ KİÇİK BAXIRLAR?»

Oyun zamanı emosiyalarını bəlli etməməyə çalışan baş məşqçi Qurban Qurbanov qırmızı kart verilərkən məyusluğunu gizlədə bilmədi. O, oyunsonrası mətbuat konfransında belə dedi:

«Son vaxtlar bu qədər məyus olmamışdım. 90 dəqiqə meydanda yaxşı mübarizə aparmaq istəyirdik. Təəssüf ki, 20-ci dəqiqədən etibarən azlıqda qaldıq və istədiyimiz oyunu göstərə bilmədik».

Q.Qurbanov «Qarabağ»ın «ən intizamlı» komanda olduğunu, ancaq son vaxtlar «qırmızı»ların sayının artdığını deyib, səbəbinə də toxundu:

«Mənə maraqlıdır ki, bizim ölkəyə bu qədərmi kiçik baxırlar? İnanmıram ki, böyük komandalara qarşı bu cür qərar verərdilər. Qırmızı vərəqə ilə bağlı narazılığım var, ancaq harasa şikayət etməyi düşünmürük. Bu «Çelsi»nin belə köməyə ehtiyacı yox idi, çünki onlar onsuz da bizdən güclü komandadır».

Mahir Rüstəmli
Mahir Rüstəmli

MAHİR RÜSTƏMLİ: «BƏLKƏ XAL DA QAZANACAQDI…»

Bəs mütəxəssislər nə deyirlər?

«Futbol+» qəzetinin redaktoru Mahir Rüstəmli həmin anda qayda pozuntusu olmadığını, hakimin birmənalı şəkildə qərəzli qərar verdiyini söyləməyin çətin olduğunu deyir, ancaq o da düşünür ki, həmin qırmızı kart olmasaydı, «Qarabağ» fərqli oyun göstərəcək, «hətta bəlkə xal da qazanacaqdı».

Mahir Rüstəmli: 'Həmin qırmızı vərəqə hər şeyi korladı'
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00
Direct-ə keçid

M.Rüstəmli fikrini belə əsaslandırır:

«İlk 20 dəqiqədə komandamız normal təsir bağışladı. Hətta iki qol vəziyyəti yaratdı. Ondan sonra top dirəkdən döndü. Bütün bu məqamları nəzərə alanda, «Qarabağ» yetərincə yaxşı oynadı, rəqibindən çəkinmədi. Demək olar ki, hər şey biz istədiyimiz axarda gedirdi. Həmin qırmızı vərəqə hər şeyi korladı. Həmin qırmızı vərəqə oyunun sonrakı axarını, həm də yekun nəticəni müəyyənləşdirdi. Artıq məğlubiyyətdən qaçmaq olmazdı».

AYDIN BAĞIROV: «İLK 20 DƏQİQƏ FUTBOL MÖCÜZƏSİNƏ İNAM OYADIRDI»

Qol.az saytının redaktoru Aydın Bağırov da «Qarabağ»ın ilk 20 dəqiqədə yaxşı oynadığını düşünür:

«Rəqiblə onun arasında səviyyə baxımından böyük fərq vardı. Rəqib komanda heyətinin toplam qiyməti bir milyard dolları aşır. Bu, bir milyard bəlkə də «Qarabağ»ın 20-30 illik büdcəsi deməkdir. Amma rəqibin ad-sanına, nüfuzuna baxmayaraq, «Qarabağ» əla mübarizə apardı, ilk 20 dəqiqədə yersiz həyəcan yox idi. Bu da komandanın inkişafından xəbər verir».

Aydın Bağırov: 'İlk 20 dəqiqə futbol möcüzəsinə inam oyadırdı'
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00
Direct-ə keçid

A.Bağırov meydana mübarizə əzmiylə çıxan komandanın qırmızı vərəqədən sonra ruh düşkünlüyü yaşadığını düşünür:

«Avroliqada oynamaq şansı vardı. Hətta nəzəri baxımdan Çempionlar Liqasında 1/8 finala getmək şansı da vardı. Əlbəttə, «Qarabağ»ın «Çelsi»ni udması möcüzə olardı, əslində, bunu heç kim gözləmirdi də. Amma ilk 20 dəqiqə futbol möcüzəsinə ümid oyadırdı. Sadəcə, qrupun digər oyununda «Atletiko» «Roma»ya qalib gəldiyinə və «Qarabağ» uduzduğuna görə komandanın şansı qalmadı».

«O BİRİ QARABAĞA ETDİKLƏRİNİ BU «QARABAĞ»A DA EDİRLƏR»

Deputat, «Qarabağ» komandasının azarkeşi A.Abbasın fikrincə, AFFA hakimin qırmızı kart göstərməsi ilə bağlı UEFA-ya müraciət etməlidir:

«Bunlar, əvvəl-axır, cəzalanmalıdırlar, axı birinci dəfə deyil. O Qarabağa qarşı etdiklərini bu «Qarabağ»a qarşı da edirlər. «İnter»lə oyunda, sonrakı oyunlarda dəfələrlə bizim oyunçulara belə təzyiq göstərirlər».

M.Rüstəmli isə deyir ki, hakim səhvləri ilə bağlı müraciətlərin faydası yoxdur, nəticə onsuz da dəyişmir. Ancaq o da düşünür ki, Çempionlar Liqasında debütantlara münasibətdə «fərqli tendensiya» hiss olunur:

«Xüsusən də rəqib «Çelsi», «Atletiko» və ya «Roma»dırsa, sanki «Qarabağ» onların yanında kiçikdir kimi münasibət sərgilənir, bir qədər böyük klublara simpatiya hiss edilir. «Atletiko» ilə oyunda da futbolçumuza qırmızı vərəqə göstərilərək meydandan qovuldu. Həmin məqam o oyunda da vardı. Hər oyunda belə hallar var».

XS
SM
MD
LG