Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:47

Qarabağdakı minadan təmizlənmiş ərazilərdə indiyədək 10 mina partlayıb


Mina xəritələri qeyri-dəqiqdir? 'Təbiət hadisəsi də ola bilər'
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Mina xəritələri qeyri-dəqiqdir? 'Təbiət hadisəsi də ola bilər' (2021)

2020-2021-ci təsərrüfat ilində 10 min hektar (ha), 2021-2022-ci təsərrüfat ilində 50 min ha, 2022-2023-cü təsərrüfat ilində isə 72 min ha torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib. Bu, potensial ərazilərin cəmi 60 faizidir. Qarabağda əkinə yararlı torpaqların 40 faizi minalardan təmizlənmədiyindən hələ də əkin-biçin aparılmayıb. "Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmə zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov belə deyib. ANAMA indiyədək toplam 44 min 731 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini mina və partlamamış hərbi sursatlardan təmizləyib və 27 min 783 hektar sahənin təmizlik sertifikatı və xəritə-sxemləri Kənd Təsərrüfatı Nazirliyinə təqdim edib.

Nazirin açıqladığı rəqəmlərdən aydın olur ki, buvaxtadək əkin dövriyyəsinə cəlb edilən torpaq sahəsi ANAMA-nın təmizlədiyi torpaq sahələrindən daha çoxdur. M.Məmmədov onu da açıqlayıb ki, indiyədək Qarabağda işğaldan qurtarılan ərazilərdə əkin-biçin işlərində 10 mina partlayıb və 8 nəfər xəsarət alıb, 7 nəfərsə həyatını itirib, 6 ədəd kənd təsərrüfatı texnikası sıradan çıxıb. Nazir bildirib ki, güvənlik tədbirləri görülsə də, partlayışlar ərazinin minalarla çirklənmə dərəcəsinin çox yüksəkliyindən qaynaqlanıb.

İşğal torpaqların keyfiyyətinə də təsir göstərib

Kənd Təsərrüfatı Nazirliyinin monitorinqinə görə, Qarabağda işə yararlı torpaqların keyfiyyətinə təkcə minalar mənfi təsir göstərmir. İşğal dövründə ərazinin döyüş poliqonuna çevrilməsi də münbiti azaldır. Torpaq resurslarının monitorinqi zamanı müəyyən edilib ki, uzunluğu 2 min km, sahəsi təxminən 4 min 200 hektar olan səngər və istehkamlar qurulub və bu torpaqlar yarıtmaz istifadədən kəskin ölçüdə aşınıb. Təxminən 5 min hektar əkin sahəsi yüksək səviyyədə mina və partlamamış silah-sursatla çirklənib.

Qarabağda torpaqları kimlər əkir?

Qarabağda əkin-biçinlə məşğul şirkətlər barədə ictimaiyyət bilgiləndirilməsə də, korrupsiya araşdırmaları bu şirkətlərin prezidentin ailə üzvlərinə və digər məmurlara aid olmasını təsdiqləyir. "Abzas Media"nın araşdırması üzə çıxarmışdı ki, 2021-ci ildə Qarabağda kənd təsərrüfatı ilə məşğul olan şirkətlər arasında "Aqroinkişaf-2017" MMC, "Agro Fresh" MMC, "Azərsun" MMC, "Agro Dairy" MMC və "Kraun Ko" MMC-nin adı olub. "Qarabağın bərpa, yenidənqurma və inkişaf" sərgisində açıqlanan bilgilərə görə:

- "Aqroinkişaf-2017" MMC-yə Ağdam rayonunda 4 min kvadratmetr ərazi ayrılıb. Layihənin dəyəri 1 milyon 900 min manatdır;

- "Agro Fresh" MMC-yə Cəbrayıl rayonunda 4 min 560 kvadratmetr ərazi ayrılıb. Layihənin dəyəri 5 milyon 300 min manatdır;

- "Azərsun" MMC-yə Qubadlı rayonunda 9 min kvadratmetr ərazi ayrılıb. Layihənin dəyəri 40 milyon manatdır;

- "Agro Dairy" MMC-yə Ağdam və Füzuli rayonlarında toplam 52 min kvadratmetr ərazi ayrılıb. Hər iki layihənin dəyəri 851 min manatdır;

- "Kraun Ko" MMC-yə Zəngilan rayonunda 23 min 100 kvadratmetr ərazi ayrılıb. Layihənin dəyəri 20 milyon manatdır.

Qarabağda əkin-biçinlə məşğul "Agro Dairy" MMC-ni prezident İlham Əliyevin ailə üzvlərinə məxsus "Paşa Holdinq" şirkətlər qrupu idarə edir. Kənd təsərrüfatı sahəsində çalışan "Kraun Ko-1" MMC ilə prezident İlham Əliyevin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubovun ailə üzvlərinə məxsus "MƏK-AN", "GİLAVAR-M" MMC-nin qeydiyyatdan keçdikləri hüquqi ünvanlar eynidir. "GİLAVAR-M" şirkətinin qanuni təmsilçisi Qaze Həsənova Bəylər Eyyubovun bacısıdır. Qarabağda taxıl əkini ilə məşğul "Kraun Ko-R" MMC isə DTX sədri Əli Nağıyevin ailəsinə məxsus şirkətlərlə kəsişir.

Qarabağda heyvandarlıq

Qarabağda əkin sahələri ilə yanaşı, heyvandarlıq təsərrüfatları da bərpa olunmaqdadır. Kənd Təsərrüfatı Nazirliyinin bir müddət öncəki açıqlamısına görə, bu il 3 min 700-ə yaxın təsərrüfat mövsümü Laçın, Kəlbəcər, Qubadlı, Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının yaylaq ərazilərində keçirib.

Yaylaqlarında ən çox təsərrüfat qəbul edən rayon Kəlbəcərdir. Bu il Kəlbəcər yaylaqlarında 748 təsərrüfat, Laçın yaylaqlarında isə 429 qoyunçuluq təsərrüfatı yerləşdirilib. Laçın və Kəlbəcər yaylaqlarına toplam 311 minə yaxın xırdabuynuzlu heyvan aparılıb. Ən çox xırdabuynuzlu heyvan Kəlbəcər yaylaqlarındadır – 195 min 936 baş. Laçın yaylaqlarına isə 114 min 970 baş xırdabuynuzlu heyvan aparılıb. Bu, həm də o deməkdir ki, ölkədəki xırdabuynuzlu heyvanların təxminən 4 faizə yaxını yaylağı Qarabağda keçirib.

XS
SM
MD
LG