Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:19

Prezidentin köməkçisi: Silahı yerə qoyan hərbçilər azaddırlar


Azərbaycan hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir
Azərbaycan hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir

Prezidentin köməkçisi: Silahı yerə qoyan hərbçilər azaddırlar

"Biz könüllü və fərdi seçim əsasında Xankəndi-Laçın yolu ilə mülki şəxslərin şəxsi avtomobilləri ilə hərəkətinin təhlükəsizliyini təmin edirik".

Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün X hesabında Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi ilə görüşünə dair paylaşımında bildirib.

H.Hacıyevə görə, getmək istəyənlər, əsasən, hərbi qulluqçuların ailə üzvləridir.

"Könüllü surətdə silahı yerə qoyan hərbçilər, açıq şəkildə bəyan etdiyimiz kimi, azaddırlar", - prezidentin köməkçisi əlavə edib.

FHN Qarabağa yardım göndərdiyini açıqlayıb

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün ərzaq və gigiyenik vasitələr göndərdiyini açıqlayıb.

FHN bildirir ki, sentyabrın 22-də iki 20 tonluq yük avtomobili və çörəklə dolu iki avtomobil Ağdam rayonundan yola salınıb: "Bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin çatdırılması təmin olunacaq".

Prezident Administrasiyasının açıqlamasına görə, sentyabrın 21-də mərkəzi hökumətlə Qarabağda yaşayan ermənilərin nümayəndələrinin görüşündə erməni sakinlər ərzaq və yanacaq sarıdan problemlərin olduğunu bildirmişdilər. Rəsmi açıqlamaya görə, onlara ərzaq və yanacaq yardımları ediləcək.

Qarabağda Rusiyanın altı hərbçisi həlak olub

Sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin (RSK) hərbi qulluqçularının olduğu avtomobilin atəşə tutulması nəticəsinə beş hərbçi həlak olub.

Bu barədə Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilir.

Məlumata görə, Azərbaycan Silahlı Qüvvələri həmin avtomobili mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən erməni silahlı birləşmələrinə məxsus olduğunu zənn edərək odlu silahlarla atəşə tutublar: "Bundan başqa, həmin gün RSK-ya məxsus "Kamaz" qanunsuz erməni silahlı birləşmələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub. RSK-nın bir əsgəri ölüb, bir nəfər hərbi qulluqçu isə yaralanıb".

Hər iki faktla bağlı Baş Prokurorluqda istintaq araşdırması aparıldığı bildirilir.

David Babayan: Yevlaxda hələ ki yekun razılaşma əldə olunmayıb

Qarabağ erməniləri silahlarını yerə qoymazdan əvvəl təhlükəsizlik qarantiyaları almalıdırlar.

Bunu "Reuters"ə Qarabağ separatçılarının lideri Samvel Şahramanyanın müşaviri kimi təqdim olunan David Babayan Yevlax şəhərində Azərbaycan və Qarabağ ermənilərinin nümayəndələri arasında keçirilmiş görüşdən sonra deyib: "Bizim hərbi hərəkətlərin dayandırılmasına dair razılaşmamız var, amma biz hələ ki yekun razılaşmanı gözləyirik. Danışıqlar davam edir. Biz çox sayda məsələ və problemləri müzakirə etməliyik. Hələ ki yekun razılaşma yoxdur".

Azərbaycan Qarabağa yanacaq və ərzaq göndərəcəyini deyir

Azərbaycan hakimiyyəti Yevlaxda keçirilən görüşdə Qarabağ ermənilərinin nümayəndələrinə inteqrasiya planlarını təqdim edib.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilir.

"Konstruktiv, müsbət mühitdə keçən görüşdə Azərbaycan Konstitusiyası, qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb".

Məlumata görə, Qarabağ ermənilərinin nümayəndələri yanacaq və ərzaq yardımı istəyiblər: "Onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım, yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi, humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır. Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib".

İvan Kovqan
İvan Kovqan

Qarabağda sülhməramlıların komandanının müavini həlak olub

Sentyabrın 20-də Qarabağdakı Rusiya sülhməramlıların atəşə tutulması nəticəsində Rusiya Şimal Donanması sualtı qüvvələrinin komandan müavini, 1-ci ranqlı kapitan İvan Kovqan həlak olub.

AzadlıqRadiosunun rus xidməti bu xəbəri Murmanskın "Bi-Port" və "Severpost" saytlarına istinadla verir.

Xəbərdə deyilir ki, 53-yaşlı Kovqan Qarabağda Bakı, Yerevan və Moskva arasında razılaşmaya əsasən yerləşdirilmiş Rusiya hərbi kontingent komandirinin müavini idi.

Rusiya və Azərbaycan Müdafiə Nazirliyi bundan əvvəl bildirmişdilər ki, sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin avtomobili müşahidə postundan qayıdarkən atəşə tutulub. Avtomobildəki Rusiya hərbçiləri (say göstərilmirdi) həlak olublar.

Rusiyanın "Birinci" dövlət telekanalı dörd Rusiya hərbçisinin həlak olduğunu xəbər versə də, bu məlumat hələ ki rəsmən təsdiq edilməyib.

Əliyev Putinə üzrxahlıq edib

Sentyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Həmin məlumata görə, Əliyev sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının həlak olması ilə bağlı üzrxahlıq ifadə edib: "Baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılacağı və bütün təqsirkarların layiqli cəzalarını alacağı vurğulanıb. Bununla bağlı hər iki ölkənin baş prokurorluqları sıx əlaqədədir. Azərbaycan prezidenti həlak olanların ailələrinə maddi yardım göstərilməsinə hazır olduğunu bildirib".

Açıqlamaya görə, Putin Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Yevlaxda Qarabağın erməni icmasının nümayəndələri ilə görüş
Yevlaxda Qarabağın erməni icmasının nümayəndələri ilə görüş

Yevlax görüşü başa çatıb

Bu gün, sentyabrın 21-də Azərbaycan mərkəzi hökumətinin təmsilçiləri ilə Yevlax şəhərində Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri arasında keçirilən görüş başa çatıb.

Xankəndində narahatlıq var, Azərbaycan narahatlığa əsas görmür

Xankəndi sakinləri atəş, partlayış səsləri eşitdiklərini deyirlər. Azərbaycan hərbçilərinin bu şəhərə daxil olması, ora aparan yollarda nəzarət-buraxılış məntəqələri quraşdırması barədə təsdiqlənməmiş məlumatlar yayılır.

Amma Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 21-də yaydığı açıqlamada belə məlumatlar təkzib edilib. "Ermənistanın bəzi sosial media hesablarında, guya, Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır", - nazirlik vurğulayıb.

Separatçı rejimin deputatı Yevlaxda

Sentyabrın 21-də Azərbaycan Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycan mərkəzi hakimiyyətini Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər.

Qarabağın erməni sakinləri adından isə görüşdə Sergey Martirosyan David Melkumyan iştirak edirlər. D.Melkumyanı Qarabağ separatçıları "Artsax (Qarabağ) Milli Assambleyasında Artsax Demokratik Partiyası fraksiyasının rəhbəri" kimi təqdim edirlər.

Rusiya sülhməramlı kontingentinin nümayəndəsi iştirakçı kimi görüşə qatılıb.

AZƏRTAC-in məlumatına görə, görüşdə Azərbaycan Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə olunur.

AzadlıqRadiosunun müxbiri görüş yerinə buraxılmayıb

AzadlıqRadiosunun operatoru və müxbiri Yevlaxda Azərbaycan mərkəzi hakimiyyətinin təmsilçiləri ilə Qarabağ bölgəsinin erməni sakinləri arasında keçirilən görüş yerinə buraxılmayıblar.

Onlara bildirilib ki, yalnız adları siyahıda olan jurnalistlər görüşə buraxılacaq.

ABŞ-ın narahatlığı

ABŞ hakimiyyəti Qarabağda mümkün humanitar və qaçqın böhranından narahatlığını bildirib, yaranmış vəziyyətə görə Bakını günahlandırıb.

"Dağlıq Qarabağda pisləşən humanitar vəziyyəti çox, çox yaxından izləyirik", – Ağ evin milli təhlükəsizlik üzrə sözçüsü Con Körbi (John Kirby) jurnalistlərə deyib.

Sentyabrın 21-də BMT Təhlükəsizlik Şurasına sədrlik edən Albaniya Qarabağ döyüşlərini müzakirə etmək üçün fövqəladə iclas təyin edib.

  • Sentyabrın 19-da Qarabağda vəziyyət yenidən gərginləşmişdi. Rəsmi Bakı "lokal antiterror tədbirləri"nə başladığını elan edərək erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib. Yerevan isə Qarabağda onların hərbi qüvvələrinin olmadığını, regionda "irimiqyaslı təcavüz"ün baş verdiyini bəyan etmişdi.
  • Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlandı. Açıqlamaya görə, razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Habelə paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Məlumatda bu proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçiriləcəyi vurğulanır.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər hələ ki, sülh müqaviləsi imzalaya bilməyiblər. Avropa İttifaqının, Rusiyanın və ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları aparılır.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG