Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:33

Qarabağda tanklar niyə işə düşdü?


Azərbaycan tankı hərbi təlim zamanı, 2014
Azərbaycan tankı hərbi təlim zamanı, 2014

►“Bir-birinə güc nümayişinə yönəlmiş addımlardır”

Dekabrın 9-da Ermənistan cəbhə xətti boyunca Azərbaycanın yaşayış məntəqələrini minaatanlardan və iriçaplı pulemyotlardan atəşə tutub. Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın yaşayış məntəqələrində və işğal edilmiş ərazilərdəki mövqelərinin, hərbi obyektlərinin məhv edilməsi üçün tədbirlər görüləcəyini bəyan edib. Ancaq məlumatda məhz hansı məntəqələrə və harada atəş açılacağı açıqlanmır.

Daha öncə isə Azərbaycan cəbhə xəttində Ermənistanın iki pilotsuz uçan aparatını vurduğunu bildirib.

Dekabrın 9-da Dağlıq Qarabağdakı separatçı rejimin hərbi qurumları Azərbaycanın son 21 ildə ilk dəfə olaraq onların mövqelərinə tanklardan atəş açması haqqında bəyanat yayıb. Azərbaycan tərəfinin bu addımını “terrorçuluq” adlandırıb.

Buna da bax: Rusiyada irqçilik: Obamanı meymuna "çevirdilər"

İndiki gərginlik keçən ilin avqustunda başlayıb

Ekspertlər deyir ki, cəbhədə yaydan bu yana başlayan gərginlik indi bir az da artıb.

Elxan Mehdiyev
Elxan Mehdiyev

Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyev isə indiki durumun kökünü keçən ilin avqustundan qaynaqlandığını söyləyir:

“Keçən ilin avqustunda erməni tərəfi hücum edib Azərbaycanın 12 əsgərini öldürmüşdü. Bütün gərginliklər də onunla başladı. Azərbaycan tərəfi də əks tədbirlər görməyə çalışdı. Bundan sonra qarşılıqlı ölümlər baş verdi. Bir tərəf öldürürsə, o biri tərəf onun qisasını almağa çalışır. Vertolyotun vurulması, təmas xəttindəki snayper zərbələri, ölümlər birdən şiddətlənir, birdən yavaşıyır”.

Son əməliyyatlarda mülki əhalinin hədəfdə olmasına gəlincə, ekspert bunu "təbii sayır":

“Erməni hərbi qüvvələri Azərbaycanın daxilində yerləşir. Elə yerlər var ki, təmas xətti ilə kəndlər arasında 100-200 metr məsafə var. Erməni qüvvələri də gördükləri istənilən canlı obyekti vurmağa çalışır. İstər əsgər olsun, istər mülki, onlar üçün fərqi yoxdur. Bu baxımdan mülki obyektlərə də zərbələr dəyir. İndiki silahın, texnikanın da radiusu o qədərdir ki, istəsə də, heç bir tərəf mülki əhalini ondan qoruya bilməz”.

Buna da bax: B.Obama 2015-ci ildə bu romanı bəyənib

"Məqsəd diqqəti ölkədaxili gərginlikdən yayındırmaqdır"

Üzeyir Cəfərov
Üzeyir Cəfərov

Hərbi ekspert Üzeyir Cəfərlinin fikrincə, Ermənistan rəhbərliyi ölkədəki siyasi gərginlikdən diqqəti yayındırmaq üçün cəbhədə vəziyyəti mürəkkəbləşdirir:

“Hər hansı aktiv döyüş əməliyyatlarının başlanması gözlənilmir. Bir-birinə güc nümayişinə yönəlmiş addımlardır. Ermənistanın daxilində 6 dekabr referendumundan sonra yaranan situasiyadan diqqəti yayındırmaq üçün cəbhədə gərginliyin miqyasını artırıblar”.

Azərbaycanın tanklardan istifadə etməsinə gəldikdə, ekspertin sözlərinə görə, belə də olmalıydı:

“Bunun üçün Azərbaycan tərəfinin çox ciddi əsasları var. Çünki Ermənistan bütün normaları pozaraq Azərbaycanın mülki əhalisinə atəş açır. Əgər bizim mövqeləri minaatanlardan və artilleriyadan atəşə tuturlarsa, sözsüz ki, Azərbaycan tərəfinin də bir cavab addımı olmalıdır”.

Tanklardan istifadəyə gəlincə, Azərbaycanın Müdafiə Nazirliyi dekabrın 10-da bildirib ki, qarşı tərəf atəş açdığı halda, ona qarşı daha üstün silahlarla cavab veriləcəyi haqda dəfələrlə xəbərdarlıq edilib.

ABŞ tərəfləri təmkinli olmağa çağırır

Bu arada ABŞ Azərbaycan və Ermənistanı, iki ölkə prezidentinin bu ayın sonunda gözlənən görüşü ərəfəsində sülh danışıqlarının davam etdirilməsi üçün atmosfer yaratmağa çağırıb. Görüşə ATƏT-in Minsk Qrupu tərəfindən hazırlıq görülür.

Dekabrın 9-da ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby bildirib: “Zorakılığın eskalasiyası və ağır silahların tətbiqi yolverilməzdir. Biz tərəfləri atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq”.

Sözçü onu da deyib ki, “bu hücumlar Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiqliyi ilə uyğunluq təşkil etmir”.

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarksyanın bu ay görüşməsi planlaşdırılır.

XS
SM
MD
LG