Qazaxıstanın paytaxtı Astanada dünyanın 39 ölkəsindən gələn 800 diaspor nümayəndəsinin iştirakı ilə dünya qazaxlarının qurultayı keçirilir. Qurultayda həmişə qazax xalqı üçün ən mühüm məsələlər qaldırılır. Budəfəki qurultayda Nursultan Nazarbaev soydaşlarını vətənə dönməyə çağırıb, nümayəndələrsə yaşadıqları ölkələrdə üzləşdikləri problemlərdən gileyləniblər.
Qazaxların beşinci ümumdünya qurultayı 25 illik tarixi ərzində ən çox sayda təmsilçinin qatılmasıyla yadda qalıb. Bu dəfə tarixi vətənə gələnlər arasında gənclərin sayı daha çox olub. Qazaxıstan prezidenti N.Nazarbaev-in nitqi də məhz onlara yönəlib.
HƏR İL 30-50 MİN QAZAX VƏTƏNİNƏ QAYIDIR
Nazarbaev etnik qazaxların tarixi vətəndə təhsil ala bilməsindən ötrü təhsil qrantlarının sayını iki dəfə artırdığını bəyan edib. Üstəlik, onlar dövlət universitetlərindən başqa, ölkənin elit özəl universitetlərində də oxuya biləcəklər. Nazarbaev həmçinin qeyd edib ki, özü şəxsən istedadlı qazaxları vətəndə işləməyə dəvət edəcək. O, hökumətə etnik qazaxların ölkəyə maneəsiz gələ bilməsi üçün bütün imkanları nəzərdən keçirməyi tapşırıb.
Bildirilir ki, hər il 30 mindən 50 minə qədər qazax öz tarixi vətəninə qayıdır. Prezidentin sözlərinə görə, belə repatriantlara dəstək olaraq «Otandastar» (Həmvətənlər) fondu yaradılacaq.
Münhendə yaşayan sahibkar Omirkhan Altyn-ın çıxışı qurultayda hökm sürən nikbin əhval-ruhiyyəni bədbinləşdirib. O deyib ki, Çində hökumət etnik qazaxlara təzyiq edərək onların vətənlərinə gəlmək istəyinə mane olur. AzadlıqRadiosunun qazax xidməti daha öncə bu məsələni işıqlandırmışdı. Bildirilirdi ki, 2017-ci ilin əvvəlindən Çin qazaxlarını «siyasi tərbiyə mərkəzləri» adlanan yerlərdə saxlayırlar. Burada onlar üç gündən iki aya qədər qalmalı olurlar.
MƏSCİDİ ZİYARƏTƏ GÖRƏ HƏBS OLUNUBLAR
«Çində yaşayan soydaşlarımız çox ağır vəziyyətdədirlər. Çin hökuməti həm öz qanunlarına, həm beynəlxalq qanunlara, həm də beynəlxalq insan hüquqlarının müdafiəsi normalarına qarşı hərəkət edir, etnik qazaxların hüquqlarını pozur. Soydaşlarımız kömək istəyirlər. Hesab edirəm ki, belə bir məclisdə bu ölkədə yaşayan soydaşlarımızın problemlərindən danışmaq lazımdır», – deyə O.Altyn öz çıxışında bildirib.
Fasilədə O.Altyn Çinin uyğurların yaşadığı Sintsyan əyalətində bir neçə etnik qazaxın sadəcə məscidi ziyarət etdiklərinə görə həbs olunduğunu bildirib. Onları müsəlman uyğurlarla çox sıx əlaqədə olmaqda suçlayırlar. Adətən, Ramazan ayında belə təzyiqlər artır. Hətta Kommunist Partiyasının üzvü olan müsəlmanları Pekinə sədaqət əlaməti olaraq oruc tutmaqdan imtina edib yemək yeməyə məcbur edirlər.
Prezident N.Nazarbaev bu problem haqqında ilk dəfə eşitdiyini deyib. O, məsələni araşdıracağına söz verib. Qazaxıstanın xarici işlər naziri Kairat Abdrakhmanov-sa deyib ki, Qazaxıstanın Pekindəki səfirliyi də öz diplomatik səlahiyyətləri çərçivəsində yaranmış durumu araşdırmağa çalışacaq.
TORPAĞI 49-50 İLLİYƏ İCARƏYƏ GÖTÜRMƏK
Qurultayda Qazaxıstanda biznes qurmaq qərarına gəlmiş etnik qazaxların və başqa ölkələrin vətəndaşlarının üzləşdiyi problemlərdən də söz açılıb.
«Qazaxıstanda istehsala başlamaq üçün bu ölkədə torpağı satın almaq mümkün deyil, icarəyə götürmək də çətindir. Başqa sənəd işləri də çoxdur. Biz, xaricdə yaşayan etnik qazaxlar biznesə heç bir güzəşt tələb etmirik. Ancaq mənə elə gəlir ki, xarici investorlar arasında məhz etnik qazaxlara üstünlük verilməlidir», – Fransadan olan sahibkar Mehmet Zengen deyir.
Ancaq prezident Nazarbaev onun bu sözlərinə cavab olaraq söyləyib:
«Bizdə qanunla torpaq satılmır. Özünüz görürsünüz bizim necə güclü qonşularımız var. Biz gözü qorxmuş qazaxlarıq. Gözləmək lazımdır. Ancaq torpağı 49 – 50 illiyinə icarəyə götürmək imkanı da var».