Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:19

Ziya Məmmədovun qohumu məhkəmədə nələr danışdı?


Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00

Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri

►"Avtobuslara ilk texniki baxışı Rusiyadan gəlmiş mexaniklər həyata keçirib. Daha sonra Türkiyədən mütəxəssislər dəvət olundular. Onların bir saatına 75 avro pul verilirdi. Bütün avtobuslar yoxlanılıb”

Bakıda Avropa Oyunları zamanı avstriyalı atletlərin vurulduğu avtobus qəzası üzrə məhkəmə istintaqı yekunlaşdı. İyunun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə qərar elan olunub.

Amma bundan əvvəl məhkəmə iclasında iki şahid dindirilib ki, onlardan da biri Nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumudur.

BİR SAATINA 75 AVRO

Öncə Avropa Oyunları Əməliyyat Komitəsinin dəstək meneceri işləmiş Sahil Əhmədov ifadə verib. O bildirib ki, oyunlar zamanı istifadə olunan avtobuslar Almaniyadan "MAN" şirkətinin Azərbaycandakı nümayəndəliyinə gətirilib:

"Avtobuslara ilk texniki baxışı Rusiyadan gəlmiş mexaniklər həyata keçirib. Daha sonra Türkiyədən mütəxəssislər dəvət olundular. Onların bir saatına 75 avro pul verilirdi. Bütün avtobuslar yoxlanılıb. Həmin avtobusda da nasazlıq ola bilməzdi. Sürücülərə də təlimlər keçilirdi. Lakin sürücülərin çoxu səriştəsiz idilər, avtobusu idarə edə bilmirdi. Bu avtobuslar "QAZel" deyil, "VAZ" deyil. Yalnız bu, Azərbaycana problem oldu. Qəza sürücünün səriştəsizliyindən meydana gəlib. O avtobusu mən növbəti gün idarə elədim, əyləc sistemini bir daha yoxladıq, heç bir problem aşkarlanmadı".

Şahidin sözlərinə görə, Avropa Oyunları dövründə sürücülərin səriştəsizliyi üzündən 7 böyük yol qəzası baş verib:

"Həmin avtobusa hər hansı təxribat etmək də mümkün deyildi. Çünki ərazi güclü mühafizə olunurdu".

“O SİYAHIDAN HEÇ XƏBƏRİM OLMAYIB”

Qəzada xəsarət alan avstriyalı atletlər
Qəzada xəsarət alan avstriyalı atletlər

Nazirin qohumu olan şahid Davud Əfəndizadə bildirib ki, 2010-2012-ci illərdə "Bakı Sərnişin Nəqliyyatı" MMC-də rəis, 2012-2015-ci illərdə isə rəis müavini vəzifəsində çalışıb:

"Oyunlar başlamamışdan əvvəl nazirlikdə toplantı oldu, orada daşıyıcıların toplanması bizə tapşırıldı. Biz daşıyıcıların ilkin siyahısını toplayıb Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə göndərdik. Ondan sonra o siyahıdan heç xəbərim olmayıb. Qəza günü Hüseyn Salamov mənə zəng elədi, hadisə yerinə getdik, Nəqliyyat naziri Ziya Məmmədov da orada idi. Mən nazirə qəza barədə məruzə etmişəm".

____________________________________________________________

Bunlara da bax:
Prokuror Qənimət Zahidin qohumlarına ağır cəza istədi
Sovetskidə tarixi binanın üzlüyünü sökməyə başladılar

____________________________________________________________

Hazırda təqsirləndirilən şəxslər sırasında olan Hüseyn Salamov əvvəlki məhkəmə iclaslarında bildirmişdi ki, bütün işləri Ziya Məmmədovun yaxın qohumu olan Davud Əfəndizadə idarə edirdi.

Şahidlərin dindirilməsi başa çatandan sonra məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsi başlanıb. Hakim Cavid Hüseynov Avstriya səfirliyinin məktubunu elan edib. Məlum olub ki, qəza zamanı xəsarət almış avstriyalı azyaşlı atletlərin valideynləri məhkəmə prosesində iştirak etmək istəmirlər.

MƏHKƏMƏ İSTİNTAQI YEKUNLAŞIB

Həmçinin Nəqliyyat naziri Ziya Məmmədovun Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general Vaqif Axundova məktubu da elan olunub. Həmin məktubda Avropa Oyunlarında nəqliyyat vasitələrini idarə edəcək sürücülərdən, onlara təlim keçilməsindən bəhs olunur.

Bundan sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub və prokuror çıxışa hazırlaşmağa vaxt istəyib. İyunun 17-də keçiriləcək məhkəmə iclasında prokuror çıxış edəcək.

Xatırladaq ki, 2015-ci il iyunun 11-də "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq, Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç, Luna Pacer və Verena Breyti vurub.

Bu hadisə ilə əlaqədar məhkəmə qarşısına dörd nəfər çıxarılıb, onların arasında avtobusun sürücüsü Vəli Əhmədovla yanaşı, Nizami Rayon Polis İdarəsinin "Təhlükəsiz Şəhər" Xidmətinin keçmiş əməkdaşı Elçin Həsənov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi olmuş Hüseyn Salamov, Xidmətin Bakı Regional şöbəsinin Sərnişindaşımanın Tənzimlənməsi Sektorunun məsləhətçisi Fərid Əmiraslanov da var.

Sürücü Vəli Əhmədova qarşı CM-nin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsilə ittiham irəli sürülüb. Polis əməkdaşı Elçin Həsənov qəza baş verərkən "Təhlükəsiz şəhər" kameralarının lentə aldığı görüntüləri yaydığına görə cəzalandırılıb və ona CM-nin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsilə ittiham verilib. Nəqliyyat Nazirliyinin əməkdaşları isə sürücü Vəli Əhmədovun xəttə çıxmasına imkan verib, qəzanın qarşısını almamaqda günahlandırılır. Onlara qarşı CM-nin 314-cü (səhlənkarlıq) maddəsilə ittiham irəli sürülüb.

Digərlərindən fərqli olaraq, Fərid Əmiraslanov barəsində həbs-qətimkan tədbiri seçilməyib.

XS
SM
MD
LG