Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:00

41 baş inəyin 40-nı apardılar


Foto arxiv
Foto arxiv

-

İlin-günün bu vaxtında mal-qarası silah gücünə əlindən alınan çobanın halı necə olar? Əlbəttə ki, qazaxlı İsrafil dayı kimi, pərişan... Gecənin bir vaxtı yatmayıb göz bəbəyin kimi qoruduğun ruzini 4 nəfər silahlı çapar basıb əlindən ala. Üstəlik, özünü də həyatınla sınağa çəkib ölümlə hədələyə...

Bu əhvalat iki həftə əvvəl, əslən Qazaxdan olan, azı 12 ildir ki, mal-qara saxlayan İsrafil Abdullayevlə Maqsud Əliyevin başına gəlib. Çobanlar Ağstafanın Ceyrançöl ərazisindəki fermada uzaqdan gələn çaparların yol yolçusu olduğunu düşünüb fermanın qarşısına çıxıblar.

«AVTOMATI TUŞLADI QARNIMA»

İsrafil dayı deyir, kaş ki, çıxmayaydılar: «Axşam saat 8 olardı, itlər hürüşdü, səsə çıxdım. Gördüm, fermaya 4 atlı yaxınlaşıb. Salamlaşdılar, hal-əhval tutdular, süd istədilər, dedim, «varımızdır». Elə aralanıb süd gətirməyə getmək istəyəndə, biri geyiminin altından avtomatı tuşladı qarnıma. O birilər də daraşdılar mal-qaraya...».

Hadisədən duyuq düşən başqa çobanlar da fermaya tərəf gəliblər. Ancaq atlılardan birinin İsrafil Abdullayevə silah tuşladığını görəndə əllərindən heç nə gəlməyib.

İsrafil dayı isə həyatının fəna gedəcəyini görüncə keçib yalvar-yaxara: «Avtomatı qarnıma dirəmişdi, dedi, «tərpənsən, cınqırını çıxarsan, öldürəcəm». Yalvardım, dedim, «dörd balam var, onlara yazığınız gəlsin, məni öldürməyin...»».

ÇOBANLARI FERMADA BAĞLAYIBLAR

Çoban sözünü tutub, cınqırını çıxarmayıb. Atlılar da sözlərini tutublar, onu öldürməyiblər. Çoban yoldaşı Maqsud Əliyevi də onunla birlikdə fermanın içərisinə salıblar, qapını da üzlərinə bağlayıblar. Atlılar gedəndən sonra çoban yoldaşlarının köməkliyi ilə, necə deyərlər, azadlığa çıxanda görüblər ki, atlılar 41 inəkdən yalnız birini onlara saxlayıblar, qalanını özləri ilə aparıblar.

Çoban dostlar ferma sahibi olduqları 12 ildə belə əhvalatla ilk dəfə qarşılaşdıqlarını deyirlər.

Ağstafa polisi silahlı basqınçıları hələ də tapmayıb. Rayon polis şöbəsindən «Qaynar xətt»ə bildirilib ki, onları müəyyənləşdirmək hələlik mümkün olmayıb.

HƏR AN QAYIDA BİLƏRLƏR...

Elə çobanları narahat edən də budur. İsrafil Abdullayev deyir, nə qədər ki, basqınçılar azadlıqdadır, onun və çoban dostunun həyatı hər an təhlükədədir: «Hadisəni görmüşük, şahidik, ələ keçməmələri üçün bizi hər an aradan götürməyə cəhd edə bilərlər».

Çobanların polisdən tələbləri budur ki, basqınçıları tez tapsınlar. Çünki həyatlarını təhlükədə hiss edirlər.

XS
SM
MD
LG