Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:44

İki min şirkətə yeni oyun qaydaları çıxdı


►Məlumat bir mənbədə açıqlanacaq, qaydanı pozan cəzalanacaq

Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi qiymətli kağız buraxmış şirkətlərin öz məlumatlarını açıqlamaq qaydalarını qəbul edib.

İndiyədək çox az sayda şirkət maliyyə və başqa məlumatlarını ictimaiyyətə açıqlayırdı.

Mütəxəssis hesablamalarına görə, indən belə 2 minədək səhmdar cəmiyyət və bəzi məhdud məsuliyyətli şirkət öz işinə dair bəlli bilgiləri Məlumatların Elektron Açıqlanması Sistemi (MEAS) üzərindən açıqlayacaq.

Sözügedən sistemin yaradılması 2015-ci ilin iyulunda qüvvəyə minmiş “Qiymətli kağızlar bazarı haqqında” qanunda nəzərdə tutulub. Ekspertlər hələ o zaman deyirdilər ki, vahid məlumat bazasının yaradılması şəffaflığın artması və fond bazarına marağın yüksəlməsi ilə nəticələnə bilər.

MEAS məlumatların qəbulu, saxlanması və ictimaiyyətə açıqlanması üzrə vahid məlumat resursudur. Onu yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası qurub-idarə edəcək.

Nələr açıqlanmalıdır?

Qaydalara görə, fond bazarında kütləvi səhm və istiqraz təklif edən şirkətlər qiymətli kağızların buraxılışı və dövriyyədən çıxarılması haqda məlumatı, emissiya prospektini və ya informasiya memorandumunu, illik və yarımillik hesabatlarını MEAS-da açıqlamalıdır.

Emissiyanın (buraxılışın) yekunları haqqında hesabat, insayder əqdi və səhmdarların ümumi yığıncağının çağırılması barədə məlumat da bu sistem üzərindən təqdim olunacaq.

Sadalanmış bu və digər məlumatlar MEAS-dan əlavə, şirkətlərin internet saytında və Bakı Fond Birjasının məlumat bazasında da açıqlana bilər. Məlumatlar həmin saytlarda, azı, 5 il saxlanmalıdır.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Yeni məlumat bazası - www.disclosure.az

Qaydalarda deyilir ki, MEAS-ın məlumatları www.disclosure.az ünvanlı internet səhifəsində yerləşdiriləcək. Həmin məlumatlara çıxış tam sərbəst olacaq, yəni hər hansı ödəniş tələb edilməyəcək.

Sistem necə çalışacaq?

Məlumatlarını sistemə daxil etmək istəyən şirkətlər qeydiyyata alındıqdan sonra məlumatı bazaya yükləyəcək. Yüklənmə “PDF” formatında olmalıdır. Emitentin illik və yarımillik hesabatları istisna olmaqla, bütün başqa məlumatlar qısa zamanda açıqlanır. İllik və yarımillik hesabatlar açıqlanmazdan öncə onların MBNP-də formal təsdiqi tələb olunur.

Məlumat sistemdə yerləşdiriləndən sonra şirkətin elektron ünvanına da bildiriş gələcək.

KİV-ə xəbərdarlıq

Şirkətlərin MEAS-da açıqlanmış məlumatları mediada yayılarkən, MEAS-a istinad tələb olunur. Bu, məlumatın mötəbərliyinin təsdiqi üçündür.

Açıqlamayanları cəza gözləyir

2013-cü ildə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdən bəri qiymətli kağızlar bazarında investor hüquqlarının, eləcə də məlumatların açıqlanma qaydalarının pozulmasına görə sərt cəzalar müəyyənləşdirilib.

Cərimələr 200 manatdan 6 min manatadək dəyişir. Təkcə 2015-ci ildə 174 şirkət 212 min manat cərimələnsə də, durum yaxşılığa doğru dəyişməyib.

Postsoset ölkələrinin çoxunda belə məlumat bazası hələ illər öncə yaradılıb.

Rəsmi qurumlar da etiraf edir ki, Azərbaycan bu prosesdən xeyli geri qaldığından, qiymətli kağızlar bazarında təmsil olunan şirkətlərdə şəffaflıq və hesabatlılıq tələblərinə əməletmə səviyyəsi aşağıdır.

Ev dəllalı: "Çoxu evini kredit borcuna görə satır"
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

XS
SM
MD
LG