Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:36

`Qatıq vedrəsinə, çaydana yığıb üç bağlama qızıl-brilyantı...'


Qızıl (arxiv fotosu).
Qızıl (arxiv fotosu).

“Ziya Məmmədovun oğlu Anar Avstriyada bankdan böyük pul götürüb qaytarmamışdı. Çingiz Baxışovun oğlu Nəriman atasına deyirdi ki, “Anar pulu qaytarmayıb, mənim üstümdə qalıb, get, nazirlə danış”. Bu məsələyə görə tez-tez atasına zəng edirdi...”.

Bunu deyən bir neçə ay əvvələdək nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxışovun qohumu, uzun illər nəqliyyat müfəttişi işləmiş Rövşən Əhmədovdur. O, keçmiş müşavirin 800 min manatlıq qızıl-brilyantlarının ələ keçirilməsində suçlanır.

Buna da bax:​ 'Qızılların bir hissəsi qatıq vedrəsində, qalanları...'

Qatıq vedrəsinə, çaydana yığıb üç bağlama qızıl-brilyantı Rövşən Əhmədova saxlamağa verdiyini, ancaq qohumunun qızıl-zinət əşyalarının bir hissəsini - özünün 695, qızlarından birinin 50, o birinin də 55 minlik əmlakını mənimsədiyini iddia edən keçmiş müşavir – Çingiz Baxışov dekabrın 1-dəki məhkəmədə sualları cavablandırıb. O, qır-qızılın əsas hissəsinin atasından miras qaldığını söyləyib. Atası vaxtilə Qırğızıstana sürgün olunduğundan, özləri də 2003-cü ilədək orada yaşayıblar: “O qızılların az bir hissəsi Azərbaycanda əldə olunub. Ad günlərində, toylarda verilənlər idi”.

“Qızıllarını kondisioner qutusunda saxlayırdı”

Nazirin müşaviri vəzifəsindən 8 aydır təqaüdə çıxdığını deyən Çingiz Baxışov Rövşən Əhmədovun vəkilinin suallarını cavablandırarkən deyib ki, o bu qızıllardan başqa heç bir əmlakını qohumuna etibar etməyib. Amma vəkil Adəm Məmmədovun məhkəməyə təqdim etdiyi sənəddən aydın olub ki, Salyandakı özəl klinika əvvəl Rövşən Əhmədovun adına olsa da, milyonlarla dəyəri olan bu əmlak sonra 220 min manata Çingiz Baxışovun həyat yoldaşının adına keçirilib.

Buna da bax: 'Onun milyonlarla pulunu... həyətdə basdırırdım'

“Biz konkret sənədlərlə sübut edirik ki, torpaqdan tutmuş, xəstəxanayadək bir çox əmlaklarınız onun adına olub”, - vəkilin sözləridir.

Bu məqamda Rövşən Əhmədovun özü də qohumunun doğru danışmadığını bildirib: “Bəs mənim evimdə saxlanan 30-40 milyon avrolar kimin idi?”.

Ardından onun məhkəmə ifadəsi başlanıb. Rövşən Əhmədov deyib ki, qohumu ona çox güvənir və əsasən, xarici valyutanı – dollar, avro, funt-sterlinqlə olan milyonlarla pulunu ona saxlamağa verirdi. Elə qızılların da böyük əksəriyyəti onun əli ilə alınıb: “İndi deyir ki, az bir hissəsini Azərbaycana gələndən sonra əldə edib. Xeyr, belə deyil. Əvvəl qızılı bir qab idi, sonra iki qab oldu, belə-belə artdı. 700 qramlıq qızıl kəməri mənim əlimlə alıb. And olsun göydə Allaha, yerdə Qurani-Kərimə, atamın yatdığı torpağa, boş qaytardığımı iddia etdiyi iki qabı mənim yanımda açmayıb. Mənim yanımda üç bağlamadan birini açıb, bütün qızıllar da onun içində olub”.

Buna da bax:​ Ziya Məmmədovun qohumu məhkəmədə nələr danışdı?

Qohumunun bir ara qızıllarını kondisioner qutusunda saxladığını deyən Rövşən Əhmədovun fikrincə, yoxa çıxan qızıl-zinət əşyalarını Çingiz Baxışovun oğlu Nəriman və qızının həyat yoldaşı Ayaz ələ keçirib: “Qızımın toyuna görə gəl-get olacağını düşünüb, ağzıbağlı 3 bağlamanı apardım özlərinə verməyə. Çingiz Baxışov özü dedi ki, “apar, qızımgilə ver”. Mən də apardım. Qızı Fatma evdə yox idi, əri Ayaza verdim. Üstündən iki ay keçəndən sonra məni çağırır ki, bağlamaların ikisi boşdur. Bəs bu qədər müddətdə Fatma görmürdü ki, torba yüngüldür? Özü də deyirlər ki, içində Fatmanın da qızılları vardı. Bu adam öz qızılları ilə maraqlanmırdı? Fatma baxıb bağlamaların boş olduğunu görsəydi, bunu dərhal atasına deyərdi, o da gecəylə piyada qaçıb gedərdi...

Həmin ərəfədə Ziya Məmmədovun oğlunun Avstriyada bank məsələsinə görə bunun oğlu Nəriman pis vəziyyətdə qalmışdı. Həm də Nərimanla Ayazın Avstriyada şərikli mağazası vardı. Onlara pul lazım idi, qızılları da onlar götürüblər. Fatma da bunu bilirdi...”.

Buna da bax:​ Azərbaycan rəsmiləri - kimlər kimlərlə qohum olub?

“İki saata 490 min pul vermişdi...”

Rövşən Əhmədov deyir ki, onun yanında açılan bağlamada bütün qızıllar yerində olub. Həmin qızılların da əsas hissəsini Çingiz Baxışov üçün o alıb, amma qohumunun öz pulu ilə. Əhmədov həmin əşyaları da sadalayıb: “150 min manatlıq komplekti, 70 minə 6,5 karatlıq Sibir brilyantı olan üzüyü, 15 min manata qızıl portsiqarı, kəməri mənim əlimlə alıb. Orada iki saat vardı, onları özü almışdı – birini 350 minə, o birisini 140 minə”.

Çingiz Baxışov 2014-cü ilin yanvarında Ziya Məmmədovun müşaviri təyin olunanadək Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri, ondan əvvəlsə "Avtonəqliyyat" Servis Departamentinin rəisi olub. Çingiz Baxışovla Rövşən Əhmədovun anaları əmiqızıdır.

Buna da bax:​ Anar Məmmədov keçmiş konqresmenin pulunu kəsib

Baxışovun özü ilə yanaşı, iki qızı da zərərçəkən kimi tanınıb. Onlar dekabrın 13-də keçiriləcək növbəti məhkəmədə dindiriləcəklər. Zərərçəkənlər təqsirləndirilən Rövşən Əhmədovdan maddi ziyanla yanaşı, mənəvi ziyanın da ödənilməsini tələb edirlər - mənəvi ziyana görə ata - 20 min, qızların hər biri isə 10 min manat istəyir.

XS
SM
MD
LG