Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:24

Qobustan kəndində bir küçə var…


Qobustan kəndi
Qobustan kəndi

-

«Küçədə onsuz da yol yox idi. Bir tərəfdən də su idarəsinin işçiləri gəlib qazıb gediblər».

Abşeron rayonu, Qobustan kəndi, Elçin Süleymanov küçəsinin sakini Nahid Şirinov AzadlıqRadiosuna yaşadığı küçənin yol problemindən danışır.

KƏNDİN İLK SALINAN KÜÇƏSİ

Qobustan kəndinin əhalisi 90-cı illərdə Şamaxıdan köçüb gəlib. Ona görə də kənd sakinləri buranı Təzəkənd adlandırırlar. Vaxtilə təzə kəndin sakinləri su, işıq, qaz problemlərinə görə aksiyalar da keçiriblər. Zaman keçdikcə hamısı həllini tapıb. Bircə yollardan başqa… Palçıqlı küçələr hələ də burada yaşayanların yaralı yeridir.

Elçin Süleymanov küçəsi kəndin ilk salınan küçələrindən biridir. Ondan sonra salınan küçələrin çoxuna asfalt döşənsə də, nədənsə bu küçə yaddan çıxıb. Yayın toz-torpağı, qışın palçığı sakinləri boğaza yığıb.

Qobustan kəndi
Qobustan kəndi

MAŞINLAR PALÇIĞA BATIB QALIR

«Yağış yağanda burada uzunboğaz çəkmə geymədən küçəyə çıxmaq mümkün deyil. Palçıq qapılara dirənib. Qapını açmaq olmur. Küçədən keçən maşınlar çox vaxt palçığa batıb qalırlar. Nə icra hakimiyyəti, nə bələdiyyə əncam çəkir».

İki aya yaxındır ki, su idarəsinin işçiləri su xətti çəkmək adıyla küçəni qazıb töküblər. İndi yağış suları 1 metr enində olan həmin qazıntı yerlərinə yığılır. Təkcə sular yox, tez-tez qazıntı yerlərinə maşınlar, hətta adamlar özləri də düşür.

MƏKTƏBLİLƏR ƏZİYYƏT ÇƏKİR

«Belə, şükür Allaha, küçədə qaz, işıq var. Bu yaxınlarda su problemi də həll oldu. Ancaq yollar axırımıza çıxacaq. Maşınlar, adamlar çuxurlara düşür… Küçədə onlarla evlər, yüzlərlə sakin var. İşə, məktəbə gedib-gələnlər əziyyət çəkir».

Bu kənddə icra nümayəndəsi, bələdiyyə sədri yoxdur. Daha doğrusu, bu ərazi Abşeron rayonunun Pirəkəşkül kəndinə aiddir. Pirəkəşkül bələdiyyəsindən AzadlıqRadiosuna bildirilib ki, Elçin Süleymanov küçəsində su xətlərinin çəkilişi tam başa çatdıqdan sonra küçə asfaltlanacaq.

Sakinlər uzunboğaz çəkmələrdən xilas olacaqları günü səbirsizliklə gözləyirlər.

XS
SM
MD
LG