Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:52

Qovlar sakini: '6 aydır su maşını suyu nisyə gətirir'


Su maşını. Foto illüstrasiya
Su maşını. Foto illüstrasiya

«İndi əkin vaxtıdır. Kələm, kartof, soğan – hər şey əkirik. Ancaq məhsulu yığmaq vaxtı çatanda adam, az qalır, gedib özünü assın. Bu qədər əzab-əziyyət çək, borc-xərclə iş gör, axırda da məhsulun göz görə-görə yansın».

Tovuzun Qovlar şəhərinin sakinləri AzadlıqRadiosuna danışırlar ki, əkin sahələrindən əvvəllər götürdükləri bol məhsulu indi götürə bilmirlər. Səbəb sahələrə verilməli olan suvarma suyunun yoxa çıxmasıdır.

«SU YERLİ-DİBLİ YOXA ÇIXIR»

Qovlarda əhli heyvandarlıq və əkinçiliklə dolanır. Şəhər sakini Azər Nuriyev deyir, bir qovlarlını ac qoymaq istəyirsənsə, ya örüş sahəsini əlindən al, ya da əkin sahəsinə gedən suyu kəs: «20 ildir kartof əkirəm. Əvvəllər də suvarma sarıdan çətinliklərimiz olub. Ancaq bu dərəcədə olmayıb. Su ildən ilə yerli- dibli yoxa çıxır».

A.Nuriyev deyir, iki qızı və bir oğlu ali pedaqoji təhsil alıb. Hazırda üçü də işsizdir: «Üçü də öz gücünə, biliyinə oxuyub bitirib. Savadlı, bilikli, qabiliyyətli insanlardır. İş tapa bilməyib qayıdıblar Qovlara. Onlara qalan yenə də kənd təsərrüfatıdır. Hərəsi bir diplom gətirib atıb evə, biri kombayn sürür, o biri başqa rayona pambıq əkməyə gedir, bu biri sahədə kartof əkir. Üzümü hökumətə tutub deyirəm ki, «ay hökumət, sənin təhsilin də, diplomun da heç nəyə yaramır, heç olmasa, bizi əkinlə, suvarmayla sınağa çəkmə. İmkan ver acından ölməyək, bir az da yaşayaq». Başqa söz tapmıram».

«ODUN NİSYƏ, SU NİSYƏ, ÇÖRƏK NİSYƏ»

Qovlarlı Səid Ramazanlı «Qaynar xətt»ə danışır ki, təkcə suvarma yox, həm də içməli su qıtlığıdır. Əhali suyu pulla alır. Susuzluq şəhəri cana yığıb: «Hökumət elə etməsin ki, qovlarlılar yığışıb düz Bakıya getsin. Bıçaq sümüyə dirənəndə bunu da edərik. Heç yerdə işləmirəm, nə əkin yerim var, nə saxlayıb çoxaltmağa heyvanım. 4 uşağım var, 6 aydır su maşını suyu nisyə gətirir. Odun nisyə, su nisyə, çörək nisyə... Axırda su satana demişəm, «bir təzə xalçam var, gəl götür apar, pul yoxdur». Burda nə qədər ailə mənim kimi əzab çəkir».

«PROBLEM YAXIN İLLƏRDƏ HƏLL OLUNACAQ»

Bəs Qovlar niyə susuz qalıb? Tovuz rayon İcra Hakimiyyəti deyir, şəhərdəki susuzluqla bağlı sakinlər bu quruma, qurum da «Azərsu» ASC-yə məktubla müraciət edib: «Qovlarda yeni yaşayış yerləri salınıb. Əsasən, oralarda su yoxdur. Şəhərdə həm suvarma, həm də içməli su problemi mövcuddur. Ancaq susuzluğu bütün Qovlara şamil etmək olmaz».

Qurumdan bildirilib ki, Qovların su probleminin tam həlli yaxın illərdə nəzərdə tutulub.

Tovuz rayonunda ikinci şəhər olan Qovlar sakinlərinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və üzümçülükdür.

XS
SM
MD
LG