Dekabrın 2-də Avropa Çempionatı-2020-nin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
Azərbaycan yığması seçmə mərhələdə E qrupunda mübarizə aparacaq. Onun rəqibləri Xorvatiya, Uels, Slovakia və Macarıstan yığmaları olacaq.
Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov bununla bağlı AFFA-nın saytına deyib: "Rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirməliyik. Maraqlı qrupa düşdük. Bütün komandalar tanışdır".
Onun sözlərinə görə, hər bir komandaya qarşı yaxşı mübarizə aparmaq olar.
"Martda komandanı tam formalaşdırmalı və rəqibləri daha yaxından tanımağa başlamalıyıq. Elə komandalar var ki, futbolçular həmin rəqiblərə qarşı oyunlarda daha inamlı olurlar. Bu amil xüsusən xal aldığın komandalarla görüşlərdə daha çox özünü büruzə verir. Ancaq illər keçir, nəsil dəyişir. Ona görə biz rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirməliyik", - Qurban Qurbanov bildirib.
Rövnəq Abdullayev: “Maraqlı oyunların şahidi olacağımıza əminəm”
“AVRO-2020-nin seçmə mərhələsində maraqlı oyunların şahidi olacağımıza əminəm”, - bunu isə AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun saytına açıqlamasında deyib.
O da yığmanın, qrupdakı komandaların hər biri ilə müəyyən tanışlığı olduğunu qeyd edib. R.Abdullayev Azərbaycan millisinin müxtəlif vaxtlarda həm dünya çempionatı, həm də Avropa çempionatının seçmə mərhələsində bu komandalarla qarşılaşdığını deyib. Amma qeyd edib ki, hər bir milli komandanın oyununda zaman-zaman dəyişikliklər, yeniliklər olur.
AFFA prezidenti Azərbaycan yığmasına seçmə mərhələnin oyunlarında uğurlar, qələbə sevinci arzulayıb.
“Avro-2020 bizim üçün təşkilati baxımdan da əlamətdar turnirdir. Final mərhələsinin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu baxımdan, Azərbaycan futbol ailəsinin hər bir üzvünə qarşıdakı müddətdə uğurlar arzulayıram”, deyə AFFA prezidenti vurğulayıb.