Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:29

Qusar sakini: 'Polislər qardaşımı döyərək xəstəxanalıq ediblər'


Polis. Foto arxiv.
Polis. Foto arxiv.

«Qardaşım öz xidməti ərazisindəymiş. Yaxınlaşıb söz soruşublar, cavab verib. Sonra da kobud danışmağa başlayıblar. Niyə döyüblər, bilmirik. Hazırda xəstəxanadadır. Qardaşımın vur-tut 55-60 kilo çəkisi var. Fəhlə adamdır. Sən deyən, bir canı-cəsədi də yoxdur ki, bunların zərbələrinə davam gətirə...».

Qusar sakini Nəvahi Abdullayev AzadlıqRadiosuna danışır ki, qardaşı Səbuhi Abdullayev oktyabrın 13-ü günorta saatlarında Qusar rayonunda, meşə gözətçisi kimi xidmət göstərdiyi meşə zolağında Qusar polis şöbəsinin Ədalət və Əsman adlı əməkdaşları tərəfindən döyülüb.

«MEŞƏNİN ORTASINA ATIB GEDİBLƏR»

S.Abdullayev bir müddətdir ki, meşə gözətçisi işləyir. Onun polislər tərəfindən döyülməsinin səbəbini heç qardaşı da bilmədiyini deyir:

«Hələ də bilmirik ki, polislər bu adamı niyə döyüblər. Ətraflı məlumatımız yoxdur. Qardaşım Qusar xəstəxanasındadır, vəziyyəti yaxşı deyil. Möhkəm döyülüb, üzü-gözü partlayıb. Fəhlə adamdır, kasıbçılıqla ailə saxlayır. Onu döyənlərin cəzalandırılmasını istəyirik. Özləri gəlib sataşıblar, sonra da döyüb, meşənin ortasına atıb gediblər. Evə gəlməyib, ailəsi narahat qalıb, gedib meşədən huşsuz vəziyyətdə tapıblar».

Qusar Rayon Xəstəxanasından bildirilib ki, S.Abdullayev oktyabrın 14-də xəstəxanaya kəllə-beyin travması, üz nahiyəsinin xəsarətləri və burunda sınıqlarla gətirilib.

Qusar Rayon Polis Şöbəsindən AzadlıqRadiosuna deyiblər ki, faktı Qusar Prokurorluğu araşdırdığı üçün heç bir məlumat verə bilməzlər.

Qusar Rayon Prokurorluğundan bildirilib ki, meşə gözətçisi S.Abdullayevin döyülmə faktı ilə bağlı araşdırma aparılır. S.Abdullayevin izahatı alınıb və adlarını qeyd etdiyi polis işçiləri də dindiriləcək.

XS
SM
MD
LG