Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:43

Beytulla Hüseynov: 'Vergi əməkdaşlarına 11 milyon verilib'


Beytulla Hüseynov
Beytulla Hüseynov

«Düzdür, gördüyümüz iş monopoliya idi, amma biz məcburiyyət qarşısında qalıb bunu eləmişik. Ya vəsaiti biz oğurladıq, ya da oğurlanmasına şərait yaratdıq – eyni şeydir...».

«Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin baş mühasibi olmuş Anar Mustafayev noyabrın 30-da məhkəmədə ifadə verərkən belə deyib.

Amma onun ifadəsindən əvvəl keçmiş rəisi – «Bakı Telefon Rabitəsi» İB-nin baş direktoru olmuş Beytulla Hüseynovun dindirilməsi davam etdirilib. O, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalovun vəkillərinin suallarına cavab olaraq deyib ki, istintaqa ifadəsini təsdiqləyir: «Rabitə Nazirliyinin rəhbərliyi nə deyibsə, onu da eləmişəm. Ad çəkmək istəmirəm. Bu barədə daha danışmaq istəmirəm, mənə sual verməyin».

«80 FAİZİ NAZİRLİYƏ ÇATIRDI»

Vəkillər onun istintaqa ifadəsinin elan olunmasını istəyiblər: «Deyir ki, ifadəmi təsdiqləyirəm. O ifadələrin nədən ibarət olduğu bilinməlidir».

İfadə elan olunub. İfadəsində Beytulla Hüseynov göstərişləri keçmiş nazir Əli Abbasovdan aldığını bildirib: «2009-2015-ci illərdə görülən işlərin, alınan malların qiymətləri 20-25 faiz artırılıb. Bu göstərişi bizə Əli Abbasov vermişdi. Hər ayın sonunda BTRİB-nin baş mühasibi Anar Mustafayev bundan əldə olunan vəsaitin 80 faizini nazirliyə çatdırırdı. Nazir bizə göstəriş vermişdi ki, vəsaiti və hesabatı Vidadi Zeynalova verək. Vidadi Zeynalov da hesabat zamanı ona təqdim olunan məlumatları, əldə edilən vəsaitləri tutuşdururdu. Bir neçə dəfə özüm də nazir Əli Abbasova bu vəsaitlərlə bağlı hesabat vermişəm. Bu vəsaitdən vergi əməkdaşlarına təxminən 11 milyon, nazirin Nadir adlı qrup yoldaşına hər ay 1000 manat pul verilib. Bundan başqa, mənə çatan puldan Avropa Oyunlarına bir milyon manat xərcləmişəm. Ev alması üçün 2 milyon Əli Abbasova, 1.5 milyon isə nazir müavini İltimas Məmmədova vermişəm. Moskva Dövlət Universitetinin Bakı filialının kabelləşməsinə özüm 400 min xərcləmişəm. Hər ay 30 min mənə qalırdı. Ümumilikdə mənə 2.5 milyon pul qalıb. Əli Abbasovun qaynının, Vidadi Zeynalovun şirkətləri ilə iş görmüşük».

Manat
Manat

İfadənin elanı başa çatandan sonra Beytulla Hüseynov bir daha onu təsdiqləyib.

RƏSMİ MAAŞDAN ƏLAVƏ 2 MİN MANAT

Ardınca onun baş mühasibi olmuş Anar Mustafayev ifadə verib. O, istintaqın qərəzli aparılmasından, rəqəmlərin şişirdilməsindən, istintaqın sonunda cinayət işinin materialları ilə tanış olmasına şərait yaradılmamasından şikayətlənib: «İstintaq məni təşkilatçı kimi qələmə verib. Guya planı mən hazırlamışam. Əgər planı mən yazmışdımsa, belə ağlım, bacarığım vardısa, niyə istintaqın qənaətinə görə, Beytulla Hüseynov və Vidadi Zeynalovun hər birinə 10 milyon vermişəm, özümə isə 567 min manat götürürdüm? Mən bununla günahsız olduğumu demək istəmirəm. Günahımı ilk gündən etiraf etmişəm».

Anar Mustafayev deyir ki, xərclərin şişirdilməsi nəticəsində əldə olunan vəsaitdən hər ay 7 min manat «paket» əməkhaqqı alması barədə iş materiallarında yazılanlar həqiqətəuyğun deyil. Onun sözlərinə görə, ayda rəsmi maaşdan əlavə 2 min manat alıb: «Əməliyyat olunan zaman Beytulla müəllim mənə 8 min, 5 min və 4 min manat pul verib. Ayda 7 min alırdımsa, Beytulla müəllimdən niyə pul alırdım? Düzdür, ayda mənə 7 min verilib, amma cəmi 2 mini mənə çatıb, qalanı müxtəlif məsələlərə, o cümlədən işçilərin xəstəliklərinin müalicəsindən tutmuş, onların övladlarının təhsilinə, bayram tədbirlərinə qədər müxtəlif işlərə xərclənib».

Əli Abbasov
Əli Abbasov

«EYNİ ŞEYDİR»

Anar Mustafayev qeyd edib ki, baş mühasib kimi çalışdığı quruma daxil olan bütün vəsaitlər təyinatı üzrə tam xərclənib. Yalnız tenderlər vasitəsilə müəyyən pullar əldə olunub: «Ya vəsaiti biz oğurladıq, ya da oğurlanmasına şərait yaratdıq – eyni şeydir. Hərçənd, bilirdik ki, bir gün qapı döyüləcək, amma eləyirdik. Layihələr hazırlanırdı, onların icrasını inandığımız adamlara həvalə edirdik. Amma onlara əvvəlcədən deyirdik ki, siz qazanc götürməyəcəksiz. O adamlara şişirtmə nəticəsində qalan vəsaitdən «paket» əməkhaqqı verilirdi. Bu baxımdan, biz dövlət əmlakını mənimsəməmişik, Bayram müəllimin, Emin müəllimin, Namazalı müəllimin qazancına girmişik. Dəfələrlə Maliyyə Nazirliyi, Vergilər Nazirliyi yoxlamalar aparıb, heç bir kənarlaşma aşkarlanmayıb. Həqiqətən də, ədalətli araşdırılsa, görünər ki, zərrə qədər yayınma yoxdur. Başqa şirkətlərlə işləsəydik, daha baha başa gələcəkdi».

Anar Mustafayev prokurorun suallarını cavablandırarkən deyib ki, xərclərin şişirdilməsi nəticəsində əldə olunan vəsaiti nazirliyə aparıb: «Nazirliyə apardığım bağlamalarda pul olduğunu bilirdim, amma məbləği bilmirdim. Bağlamaları da Vidadi müəllimə verirdim».

Məhkəmə prosesi davam edir.

XATIRLATMA

Beytulla Hüseynov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. MTN ətrafında baş verənlərdən sonra prokurorluqda cinayət işi başlanıb və B.Hüseynov da şahid kimi istintaqa cəlb olunub. Onun ifadəsindən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı araşdırmalar başlanıb.

Bu iş üzrə ittihama görə, Vidadi Zeynalov da daxil, məhkəmə önünə çıxarılan 11 nəfər toplam 153 milyon 143 min manatlıq mənimsəmə və israfetmədə suçlanır.

517 cildlik cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıq alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə edilib.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Bunun ardınca da nazirliyin 20-yə yaxın yüksəkçinli əməkdaşı həbs olunub. Ötən ilin dekabrında bu nazirlik ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG