Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:01

Aparat rəhbəri: 'Məni şəhərə gətirib Əli Abbasovla üzləşdiriblər...'


Keçmiş nazir Əli Abbasov
Keçmiş nazir Əli Abbasov

"Cəmiyyətdə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin böyük korrupsiya qalmaqallarının üstünü açması barədə görüntü yaratmaq istəyirlər. Amma vaxt gələcək, ölkədə yaratdıqları bu qarışıqlığa görə həmin şəxslər özləri bu barmaqlıqlar arxasında oturub, etdikləri ədalətsizliklərə görə cavab verəcəklər", – Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının keçmiş rəhbəri Vidadi Zeynalovun sözləridir.

2015-ci ilin oktyabrından həbsdə olan Vidadi Zeynalov ötən məhkəmə iclasında səhhətindəki problemlərə görə ifadəsini başa çatdıra bilməmişdi. Ona görə də ifadəsini mayın 18-də davam etdirib.

Buna da bax:​ ‘Niyə nazir müavini İltimas Məmmədov həbs edilmədi?’

“BU İŞİ QAPIÇIYA TAPŞIRSAYDILAR, O DA EDƏCƏKDİ”

Vidadi Zeynalov deyir ki, o, rəhbərliyin tapşırıqlarını sədaqətlə icra edib, yerində kim olsaydı, eyni addımı atacaqdı: "Tapşırığın digər icraçıları heç də vəzifədə məndən kiçik adamlar deyillər. Mən heç kimə, heç bir məbləğ təyin etməmişəm. Belə bir səlahiyyətim olmayıb. Tutduğum vəzifəyə görə həvalə edilmiş tapşırıqları icra etmişəm. Mənim yerimə bu işi qapıçıya tapşırsaydılar, o da edəcəkdi.

Müəyyən olunmuş xəzinənin mədaxil və məxaricinə aparat rəhbəri, büdcə və lisenziya üzrə İltimas Məmmədov (nazir müavini - red.) məsul edilmişdi, Vidadi Zeynalov yox".

İttiham aktının reallıqdan kənar, mövcud olmayan “faktlar və sübutlar” əsasında tərtib edildiyini deyən Vidadi Zeynalov istintaqın onun vurduğu ziyanın məbləği kimi, 37,9 milyon manatı necə hesabladığını anlamadığını söyləyir: "Rəqəm istintaqda verdiyimiz ifadədəki kimi - 30 milyon dollar və ya o vaxtın məzənnəsi ilə 23,5 milyon manat olub. Həmin məbləğin 5,5 milyon dollarını, yəni 4,3 milyon manatını mən görməmişəm. Mənə deyilib ki, həmin borcun "Aztelekom"dan silinməsini təmin edin. Mən də demişəm, aidiyyəti üzrə silsinlər.

Buna da bax:​ Həbsdəki məmurun qardaşı etiraz edir: 'Mülklərimə həbs qoyulub'

Müstəntiq hansı yolla olursa olsun, bütün məsələləri mənə bağlamağa çalışıb.

Cəlilabaddan pul alınmayıb, icra başçısı, hətta başqa insanlar da nazirdən xahiş edib ki, "rayonda abadlıq işləri gedir, sizin bina bərbad gündədir, təmir edin". Biz də vəsait ayrılması üçün "Aztelekom"a tapşırıq vermişik. Cəlilabad Telefon Qovşağının rəisi məni ümumiyyətlə, tanımırdı. Müstəntiq ona deyib ki, yalandan olsa da, yazılaraq şişirdilmiş iş həcmini siz ödəmək istəmirsinizsə, biz deyənə, yəni Vidadi Zeynalova qarşı yazılana imza atın. Bu fakt dəqiqdir, bəzi rayon rəisləri bu xəbəri mənə çatdırdılar. Mən də müstəntiqlərə dedim ki, bu qədər də saxtakarlıq olmaz və onda Zakir Qaralova məktubla müraciət etdim".

ŞƏHƏRƏ GƏTİRİB ƏLİ ABBASOVLA ÜZLƏŞDİRİBLƏR

Vidadi Zeynalov sabiq nazir Əli Abbasovla görüşlərindən də danışıb. Bildirib ki, həbsindən sonra onu bir dəfə Kürdəxanı təcridxanasından şəhərə gətirib Əli Abbasovla üzləşdiriblər, amma təqsirləndirilən şəxs kimi yox, şahid kimi: "Orada da hər ikimiz öz ilkin ifadələrimizi təsdiq etdik. Həmin üzləşdirmə protokolu üç nəfər vəkilin, müstəntiqin, Əli Quliyevin, Əli Abbasovun və mənim iştirakımla tərtib olunaraq imzalanıb. Lakin mən həmin protokola nə məhkəməyə göndərilən istintaq materiallarında, nə də ittiham aktında rast gəlmədim”.

Buna da bax: Aparat rəhbərinin 43 milyonluq mülkindən əlavə obyektləri də varmış

Sabiq aparat rəhbəri ifadəsinin sonunda bildirib ki, bu işi düzüb-qoşanlar korrupsiyayla mübarizə görüntüsü yaratmağa çalışır: "Korrupsiyaya qarşı mübarizə şou deyil və işə peşəkar yanaşmanı tələb edir. Əvvəlcə çalışıb istintaq altında olan təqsirləndirilən şəxsin günahını sübut etmək lazımdır.

İfadəsindən sonra Vidadi Zeynalov deyib ki, vəkili Elxan Süleymanlı onun əmlakına müştəri tapıb. Amma əmlakının üzərində həbs olduğundan sata bilmir.

“Həmin adam bankda gözləyir. Siz yoldaşımın adına olan əmlakın üzərindən həbsi götürün, boynuma qoyulan ziyanı ödəyim”, – Vidadi Zeynalov belə deyib.

Hakim bildirib ki, üzərində həbs olan əmlaklarla bağlı məsələyə sonda qiymət veriləcək.

Buna da bax:​ 'Rabitəçilər işi': Həbsdəki məmurlar arasında qalmaqal

Məhkəmə mayın 19-da davam edəcək.

XATIRLATMA

Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

XS
SM
MD
LG