Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:35

'Əli Abbasov məhkəməyə gətirilsin'


Əli Abbasov
Əli Abbasov

«Əli Abbasov gəlib burada dindirilməyincə, mən ifadə verməyəcəm. Onu çağırın, gəlsin, ifadə versin», – bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri olmuş Vidadi Zeynalovun tələbidir.

Zeynalov, eləcə də onunla birlikdə mühakimə olunan, nazirliyin müxtəlif strukturlarında çalışmış daha 10 nəfərin məhkəməsinə şahidlər gəlmir. Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə baxan hakim Əfqan Hacıyev şahidləri tapa bilməmələrindən gileylənib. Deyib ki, şahidlər telefonları söndürüblər, onlarla əlaqə saxlamaq mümkün olmur. Ona görə də o adamlar haqqında məcburi gətirilmə qərarı çıxarılıb.

Buna da bax-Rabitəçilər işi: 'Bu adam mənə böhtan atır, protokola yazılsın'

Hakim təqsirləndirilənlərə və onların vəkillərinə məhkəmədə dindirilməsini istədikləri əlavə şahidlərin siyahısını verməyi təklif edib. Bu zaman Vidadi Zeynalov keçmiş nazir Əli Abbasovun məhkəmədə dindirilməsini tələb edib.

Ə.Abbasov bu işin istintaqında şahid kimi dindirilib. Cinayət işinin materiallarında da onun ifadəsi var. Amma prokurorluq onun məhkəmədə dindirilməsini istəməyib və sabiq nazirin adı şahidlər siyahısına salınmayıb.

Vidadi Zeynalov
Vidadi Zeynalov

VƏKİLLƏRİN DAVASI

Bu gün məhkəmə iclası başlamazdan öncə Vidadi Zeynalovun vəkili ilə «Aztelekom» MMC-nin keçmiş baş direktoru Məhəmməd Məmmədovun vəkilləri arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə Vidadi Zeynalovun üzərinə həbs qoyulan ümumi dəyəri 43 milyondan çox olan 67 əmlakının siyahısının bugünlərdə mətbuatda yayılması olub. Vidadi Zeynalovun vəkilləri iddia edib ki, həmin məlumatı mətbuata Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev ötürüb. O isə bunu təkzib edib. Onlar bir-birinin ünvanına ittihamlar səsləndiriblər.

Buna da bax-'Təmirə ayrılan pulun 35 faizini nazirliyin özünə qaytarırdıq'

Keçmiş rabitəçilərin məhkəməsi fevralın 9-da davam edəcək.

XATIRLATMA

Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Təqsirləndirilən şəxslər mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa əməllərdə suçlanır.

XS
SM
MD
LG