“Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) keçmiş rəhbəri, həbsdə olan işadamı Rasim Məmmədov deyir ki, onun başına gətirilənləri görən heç bir investor Azərbaycana sərmayə yatırmaz.
Onun sözlərinə görə, ölkədə bir sıra məmurlar dövlət başçısına yalan məlumat verərək, biznesmenləri onun gözündən salmağa çalışırlar.
“Kimsə özündə cəsarət tapıb düzünü danışmırsa, o demək deyil ki, mənim dediklərim yalandır. Sonra da deyirlər ki, niyə investisiya qoymaq istəmirlər? Bəzi məmurlar mənim kimi biznesmenləri cənab prezidentin gözündən salır, yalan məlumat verir. Hərə qoltuğuna bir papka vurub, gedir cənab prezidentin yanına...”, – keçmiş zavod rəhbəri oktyabrın 10-da öz məhkəməsində belə deyib.
“Əsl zərərçəkmiş mənəm”
2021-ci ilin yanvarından həbsdə olan Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu cinayət işi üzrə zərərçəkmiş qismində “Baku Steel Company” tanınıb. İddia olunur ki, keçmiş rəhbərinin əməlləri nəticəsində bu şirkətə 185 milyon manat ziyan dəyib.
Məhkəmədə də iki nəfər zərərçəkmişin nümayəndəsi qismində iştirak edir, dindirilən şəxslərə suallar verir.
Məmmədov buna etiraz edir, deyir ki, bir zərərçəkmiş varsa, o da özüdür:
“Bu zavodu alan mən, tikən mən, pulumu qoyan mən, 22 aydır həbsdə olan da mən. Amma zərərçəkmiş kimi zavodu tanıyırsız, bu necə olur? Əsl zərərçəkmiş mənəm. Bütün əmlaklarım satılıb, kiminsə borcunu ödəməyə görə, 22 aydır həbsdəyəm. Sanki yuxudayam, ya dəlixanaya düşmüşəm. Axı belə şey ola bilməz. Vaxt gələcək, cənab prezident hər şeyi biləcək. Məni bura saldıranların özləri gəlib burada oturacaq. Kimisə şərləmək kişi işi deyil...”
İstintaqa dediyini təsdiqləməyib
Məhkəmədə Natiq Həşimov adlı şəxs dindiriləndə məlum olub ki, onun adına xeyli şirkətlər yaradılıb, ora pullar köçürülüb. O isə həmin pulları şirkətlərin bank hesabından çıxarıb, aparıb “Azeri Steel 2009” şirkətinin maliyyə direktoru Mübariz Səmədova çatdırıb. Hər dəfə aparıb təhvil verdiyi məbləğin 1.5-2 faizi qədər də ona pul çatıb.
“Bilmirəm o şirkətləri kim açıb mənim adıma. Ya zəlzələdən, ya vəlvələdən, açılıb...”, – Həşimov məhkəmədə belə deyib.
Amma o DTX-da istintaq dövründə verdiyi ifadəsində 28 şirkətin adını çəkib. O şirkətin hər birinin 250-300 manat pul müqabilində müxtəlif adamların adına açıldığını və onların hesablarına “Azeri Steel 2009”dan pullar köçürüldüyünü bildirib. Onun sözlərinə görə, bu pullar nəqliyyat xidməti xərcləri adı altında köçürülürdü, amma heç bir xidmət göstərilmirdi.
Həşimovun istintaqa ifadəsində yazılıb ki, o, pulları çıxarıb aparıb Mübariz Səmədova verirdi. Səmədov da öz növbəsində Məmmədova çatdırırdı. Amma məhkəmədə bunu təsdiqləməyib, deyib ki, Səmədovun o pulları hara, kimə verməsindən xəbəri yoxdur.
Ucuz alıb baha satmaq ittihamına cavab
Cinayət işinin materiallarında iddia olunur ki, Məmmədov “Baku Steel Company”nin rəhbəri ola-ola başqasının adına “Azeri Steel 2009” şirkətini yaradıb. Onun vasitəsilə “Baku Steel Company”ə ziyan vurub. İddiaya görə, “Baku Steel Company”nin istehsal etdiyi armaturlar bu şirkətə bazar qiymətindən xeyli ucuz satılıb. Bu şirkət isə ucuz aldığı məhsulları daha baha qiymətə satıb.
Məmmədov bu ittihamı absurd sayır: “Bir anlıq təsəvvür edin ki, “Chanel” firması Azərbaycana 800 avroya çanta satır, Azərbaycan da onu 1500 avroya satıb. İndi durub kimsə Azərbaycanı ittiham edir ki, niyə belə eləyirsən? Belə şey olar?”
Məhkəmə araşdırmaları davam edir.
Xatırlatma
1976-cı il təvəllüdlü Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Cinayət işində söhbət 185 milyon manatlıq mənimsəmə və israfetmədən gedir.
Məmmədova CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələrilə ittiham verilib. O, özünü təqsirli bilmir.
Bu ittihamlarda 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.