Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:24

'100-ə nə qaldı?': Rəsulzadə - müstəqil dövlət yaradan adam [7-ci yazı]


M.Ə.Rəsulzadə
M.Ə.Rəsulzadə

Bioqrafiyası

1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində tanınmış Axund Hacı Molla Ələkbərin ailəsində doğulub. İlk təhsilini məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci rus-müsəlman məktəbində alıb. Daha sonra təhsilini Bakı Texniki Məktəbində davam etdirib. İnqilabi fəaliyyətə də elə təhsil illərində başlayıb. 17 yaşındaykən «Müsəlman Gənclər Təşkilatı»nı yaradıb. Araşdırıcılar bu təşkilatı XX əsrdə rus müstəmləkəsinə qarşı çıxan ilk siyasi təşkilat sayırlar.

1904-cü ildə qurulan «Hümmət» təşkilatının qurucularından, cəmi 6 sayı çıxan «Hümmət» qəzetinin, daha sonra «Təkamül» adıyla çıxan qəzetin əsas naşirlərindən olub. 1908-ci ildə izlənmə səbəbindən İrana gedib. Orada dövrün ziyalılarıyla ünsiyyətdə olub və 1910-cu ildə «İran Demokrat Partiyası»nı qurub, «İran-nou» və «İrane-Ahat» qəzetlərini çıxarıb. Gündəlik çıxan birinci qəzet tezliklə İranın ən böyük qəzetinə çevrilib və Rəsulzadə «modern Avropa qəzet formasını İrana gətirən» (Seyid Həsən Tağızadə) şəxs kimi də tarixə düşüb. Çar Rusiyasının İrandakı səfirliyinin təzyiqi və Məşrutə hərəkatının məğlub olması səbəbindən 1911-ci ilin mayında Türkiyəyə getməyə məcbur qalıb. Burada «Türk ocağı» cəmiyyətində çalışıb, onun orqanı «Türk yurdu» dərgisinin yazarlarından olub. Həmin ilin oktyabrında Əmin bəyin dostlarına yazdığı fikirlər əsas götürülərək, Məhəmməd Əli Rəsuloğlu, Tağı Nağıoğlu və Abbasqulu Kazımzadə Bakıda «Müsəlman Demokratik Müsavat» Partiyasını yaradıblar. Rəsulzadə bu partiyaya üzv olub və onun liderinə çevrilib. 1913-cü ildə Romanovların 300 illiyi münasibətilə çarın verdiyi əfvdən sonra Bakıya qayıdıb və «Müsavat» partiyasının fəaliyyətini gücləndirib. Bakı mətbuatında yazılarla çıxış edib, «İqbal» (1914) və «Açıq söz» (1915) qəzetlərinin baş redaktoru olub. «Açıq söz» türk ədəbi ləhcəsi ilə çıxan ilk mətbu orqan sayılır.

1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz Müsəlmanları Qurultayında müsəlmanlara ərazi muxtariyyəti verilməsi ideyasını irəli sürüb. 1917-ci ilin mayında - Ümumrusiya Müsəlmanları Qurultayında Rəsulzadənin ərazi muxtariyyəti qətnaməsi böyük səslə qəbul edilib. 1917-ci il iyunun 17-də «Müsavat»la Nəsib bəy Yusifbəylinin qurduğu «Türk Ədəmi-Mərkəziyyət» Partiyası birləşib və «Türk Ədəmi-Mərkəziyyət-Müsavat» adlanıb. Oktyabrda «İsmailiyyə» binasında partiyanın I qurultayı keçirilib və Rəsulzadə mərkəzi komitənin sədri seçilib. Qurultay 76 maddədən ibarət proqram qəbul edib. Muxtariyyət tələbi proqramda əksini tapıb. 1918-ci ildə Tiflisdə Zaqafqaziya Seymi açılıb. Seymdə Azərbaycan fraksiyası 44 millət vəkili ilə təmsil olunub. Ancaq 1918-ci ilin mart hadisələri Seymdə münasibətləri gərginləşdirib - mart qırğınına soyuq münasibəti Azərbaycan nümayəndələrində narazılıq doğurub. Üstəlik, siyasi vəziyyət gərginləşib və Seymdə fikir ayrılıqları artıb. 1918-ci il mayın 26-da Seymin sonuncu iclası keçirilib və onun fəaliyyəti dayandırılıb. Mayın 27-də Azərbaycan nümayəndəliyinin fövqəladə iclası olub və Milli Şura yaradılıb. M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib. O zaman Rəsulzadə Türkiyə ilə danışıqlar səbəbindən Batumda idi. Mayın 28-də Milli Şuranın ilk iclasında Rəsulzadənin Batumdan Nəsib bəy Yusifbəyli vasitəsilə göndərdiyi məktub oxunub, «İstiqlal Bəyannaməsi» qəbul edilib və müsəlman Şərqində ilk demokratik cümhuriyyətin əsası qoyulub.

Tarixdə qalan əməlləri və sözləri:

«Tarixin ən böyük adamı-müstəqil dövlət yaradan adamdir!»

«Bu qədər millət içərisində müstəqil dövlətdə yaşamaqdan böyük səadət, qürur nə ola bilər? Kim yaratdı bizə bu dövləti? Əlbəttə ki, Rəsulzadə! Tarixin ən böyük adamı, müstəqil dövlət yaradan adamdır. O, Şərqin milli azadlıq ideyalarını Qərbin demokratik cərəyanlarına birləşdirməyi bacardı». (Şirməmməd Hüseynov)

«Bir kərə yüksələn bayraq, bir daha enməz!»

Bu tarixə damğa vuran sözləri Əmin bəy «Əsrimizin Səyavuşu» əsərində yazıb. Əsər Əmin bəyin Lahıcda gizləndiyi dövrdə yazılıb, amma o tutularkən əlyazma məhv edilib. Xoşbəxtlikdən, əsərin bir nüsxəsini Əmin bəy bir Lahıc kəndlisinə saxlanc veribmiş. Aradan illər keçəndən sonra həmin nüsxə Əmin bəyin Bakıdakı silahdaşları tərəfindən həmin kəndlidən alınıb və gizlicə Türkiyəyə göndərilib. Əlyazmanı sağ-salamat görən Əmin bəy hədsiz sevinib və əsər elə həmin il Türkiyədə nəşr edilib. Bu əsərdən Azərbaycan gəncliyinə müraciət də yadigar qalıb. Ancaq əsərin ən qanadlı və tarixə həkk olunan fikri bu olsun gərək: «Bir kərə yüksələn bayraq, bir daha enməz!».

Stalinlə bir dialoqdan

1920-ci ildə İ.Stalinin «köhnə dostu» Rəsulzadəni Bayıl zindanından çıxarıb Moskvaya apardığını bilməyən yoxdur. Amma onların bu dialoqunu eşidənlərin sayı yəqin ki çox deyil:

«Stalin: - Yaxşı, fərz edək istədiyiniz şərtlər mövcuddur və öz qüvvələrinizlə hərəkət etmək imkanındasınız, o halda bizə qarşı nə edərdiniz?

Rəsulzadə: - Heç düşünmədən, həmən sizə qarşı qiyam qaldırardıq.

Stalin: - Yaxşı, amma siz kiçik bir məmləkətsiniz, öz başınıza müstəqil olaraq özünüzü idarə edə bilməzsiniz; başqa böyük bir dövlətlə, necə də olsa, anlaşmaq lazımdır.

Rəsulzadə: - Bu məqamda biz yenə böyük qonşumuz olan sizinlə anlaşardıq, fəqət Nərimanın anlaşdığı tərzdə yox.

Stalin (gülərək): - Nərimanmı bizimlə, yoxsa bizmi Nərimanla anlaşdıq?!

Məmməd Əmin Rəsulzadənin «Stalinlə ixtilal xatirələri» kitabından (Bakı, Elm nəşriyyatı, 1991-ci il, səh. 46)

M.Ə.Rəsulzadə
M.Ə.Rəsulzadə

​«Can...can...Azərbaycan»

Rəsulzadədən danışarkən və ya yazarkən, acı da olsa, bu sözlər də mütləq xatırlanır.1955-ci il martın 6-da Ankara xəstəxanasında ölüm döşəyində huşsuz yatan Rəsulzadə, silahdaşlarının dediyinə görə, 3 dəfə uğrunda canını, varını, övladlarını - hər şeyini qoyduğu Azərbaycanın adını dilə gətirib. Silahdaşı Məhəmməd Kəngərli Əmin bəy dünyasını dəyişəndə bir neçə dostla onun yanında olduğunu və istiqlal qurucusunun son məqamda bütün yaddaşını toplayıb üç dəfə «Azərbaycan, Azərbaycan, Azərbaycan» söylədiyini deyib. Kəngərli xatırlayırmış ki, Rəsulzadə vəfat edəndən bir qədər sonra üzündə ay işığına oxşayan qəribə bir nur dolaşırmış. «Biz hamımız onun üzünə heyrətlə baxırdıq. Çünki dünyadan köçən insanın üzünün nuru hədsiz parlaq idi...».

Köşkdə yanğın

Rəsulzadənin Türkiyədəki araşdırıcısı Ali Yavuz Akpınar onun Türkiyədəki fəaliyyətini AzadlıqRadiosuna danışır:

Ali Yavuz Akpınar: 'Rəsulzadədə bir ümid var'
Gözlə

No media source currently available

0:00 0:06:37 0:00
Direct-ə keçid


«Rəsulzadə Türkiyəyə gəldikdən bir az sonra «Yeni Kafkasiya»da «Stalinə məktub»u yayımlanıb. Əmin bəy o dövrdə Yerəbatan sarayının (İstanbulda e.ə. VI əsrə aid yeraltı saray-red.) yaxınlığında pansiona çevrilmiş qədim bir köşkdə qalırdı. Məktub yayımlandıqdan sonra onun yaşadığı köşk yanır. Səbəb elektrik kontaktı olduğu deyilir. Amma mən inanıram ki, o bir sabotajdı... Çünki orada Rusiyadan qaçıb gəlmiş rus mühacirləri də yaşayırdı. Aralarında bir rəssam da olub. Qəribədir ki, yanğınla bağlı aparılan polis qeydlərində Rəsulzadə özünü «Azərbaycan» jurnalının baş mühərriri (redaktoru-red.) deyə təqdim edib. Yəni «Azərbaycan rəisi-cümhur»u (Azərbaycan Cümhuriyyətinin prezidenti - red.) olduğunu demir. Görünür, olayın siyasi şəkil almaması üçün ancaq qəzetçiliyini nümayiş etdirib, siyasi kimliyini gizlədib. Yəqin ki, qəzetlərin dilinə düşmək istəməyib. «Azərbaycan rəisi-cümhuru yanğından qurtuldu» kimi xəbərləri önləmək istəyib».

M.Ə.Rəsulzadə Ankarada siyasi mühacirlərlə birlikdə
M.Ə.Rəsulzadə Ankarada siyasi mühacirlərlə birlikdə

«Rəsulzadədə bir ümid var»

Yenə Akpınar danışır: «Rəsulzadənin yazılarının, kitablarının böyük bir hissəsini oxudum. Mən Rəsulzadədə bunu görürəm: Rəsulzadədə bir ümid var. O heç bir zaman Azərbaycanın təkrar istiqlalına qovuşacağına şübhə etməmişdir. O üzdən də yazarkən ruhdan düşməmişdir. Onda hər zaman həyəcan, Azərbaycanın istiqlal sevgisi və ümidi ilə yazılan yazıların olduğunu görürdüm. Bu, mənim çox diqqətimi çəkdi. Sovetlərin ən qüvvətli zamanında - II Dünya müharibəsindən sonra, Stalinin ən güclü zamanında belə bu quruluşun bir zülm yönətimi olduğunu, mütləq sona çatacağını, Azərbaycanın və Rusiyanın əsiri olan xalqların istiqlala qovuşacağını hər zaman böyük bir inancla ifadə etmişdir. Bax bu, məni həmişə heyrətə salıb! Türkiyənin kommunistləşmə təhlükəsi altında olduğu illərdə bu yazıları oxusaydınız, siz də onun bu inancına heyrət edərdiniz. Hətta bəziləri bunu bəsit bir romantizm kimi görürlər. Amma Rəsulzadəni diqqətlə və dərindən oxuduqdan sonra onun istiqlal inancına ürəkdən inandığını mən gördüm... Odur ki, bu adamlar heç bir zaman ruhdan düşmədilər, ümidlərini itirmədilər. Ailəsinin, Azərbaycandakı dost-tanışın başına gələnlərdən də xəbəri var, Stalin terrorunun nə olduğunu da yaxşı bilir, onun haqqında nə qədər yazılar yazıb, - buna baxmayaraq yenə də ruhdan düşmür və mücadilə əzmini itirmir! Bax, bu, bizim üçün örnək olmalıdır deyə düşünürəm».

Türkiyə mühacirləri niyə ölkədən çıxardı?

Ali Yavuz Akpinar: «Türkiyədə azərbaycanlı mühacirlər rahat işləmək imkanı tapmadılar. Çünki sovetlər zamanında, özəlliklə Stalin dönəmində Türkiyə hökumətinə təzyiqlər vardı. Türkiyə hökuməti də bu basqılara dayana bilmədi və çarəsiz qalaraq Azərbaycan mühacirlərini, eləcə də özbək, qazax, tatar mühacirlərini ölkədən çıxarmaq məcburiyyətində qaldı. Bizim arxivlərimizdə bununla bağlı çox materiallar var, amma bunlar indiyədək açığa çıxarılmayıb. Hətta bəzilərinin iadəsini (təhvilini, geri qaytarılmasını - red.) istəmişlər. Sovet hökuməti ilə Türkiyə arasında bununla bağlı çox ciddi işlər olub. Zamanında bunlar gizli saxlandığı üçün açığa çıxmayıb. Rəsulzadənin öz yazılarından da hiss edirik ki, sovet hökuməti onun Azərbaycanın işğalından, sovet siyasətini ifşa edən məqalələrindən son dərəcədə narahat olub və Rəsulzadə haqqında cavablar yazmaq məcburiyyətində qalıb. Rəsulzadə orada olub-bitənləri izləyirdi, bu, bəzən yazılarından da hiss olunur. Sovetlərin Türkiyə hökumətinə yapdığı basqılar nəticəsində Avropaya köçmək məcburiyyətində olduğunu da tez-tez qeyd edirdi və bu işdə Türkiyə hökumətində günah görmürdü».

M.Ə.Rəsulzadə Ankarada siyasi mühacirlərlə birlikdə
M.Ə.Rəsulzadə Ankarada siyasi mühacirlərlə birlikdə

«Azərbaycanın indi də ayaqda qalmasını sağlayan atəş»

Rəsulzadənin Türkiyədəki digər araşdırıcısı Səbahəddin Şimşir bu dövrü AzadlıqRadiosuna belə dəyərləndirir:

«Rəsulzadənin 1922- 30-cu illərdə Türkiyədə yaşayan Azərbaycan türklərini ilk gördüyü mənzərə çox ürəkaçan olmayıb. Hər kəs axşam yeyəcəyi çörəyi, sabah içəcəyi çayı düşünürdü. Rəsulzadə bu tablonu görüncə qısa vaxtda «Azərbaycan Cümhuriyyəti» kitabını yazır. Bu kitab Rəsulzadənin 1918-20-ci illərdə qurduğu Azərbaycan Cümhuriyyətinin və o cümhuriyyətdə yapdıqlarının hesabatıdır. Onun amacı bu kitabla Azərbaycan türklərini psixoloji sıxıntıdan, dünya dərdlərindən qurtarmaq idi. Yəni «siz nəfəs aldığınız müddətdə bizim dövlətimiz yaşayacaqdır» mesajını vermək idi. Rəsulzadə bu psixologiyanı bu kitabla qırdı.

Səbahəddin Şimşir: 'Rəsulzadə sıxıntını bu kitabla qırdı'
Gözlə

No media source currently available

0:00 0:04:29 0:00
Direct-ə keçid


Ondan sonra jurnallara başladı – «Yeni Kafkasiya», «Azəri-türk», «Odlu yurd». Bu dərgilərlə Azərbaycan türklərinə aramsız tarix, mədəniyyət, Azərbaycanın önəmli şəxsləri barədə bilgilər verərək, «siz Azərbaycandan gəldiniz, tarixinizi, ədəbiyyatınızı, mədəniyyətinizi unutmamalısınız» mesajını verdi. O dərgilərə baxsanız, elmi səviyyəsi yüksək dərgilər olduğunu görərsiniz. Çünki amac «Azərbaycan işğal edildi... Qəhr olsun» demək deyildi. «Biz Azərbaycanlıyıq. Bugün yönətimdə olmaya bilərik. Amma gələcəkdə bizim övladlarımız olacaqdır! O şüuru, o inancı, düşüncəni itirməmək lazımdır-deyərək bu fəlsəfəni verməyə çalışır və bunu bacarır! Və bunu bacarması bəzilərini narahat edir. Türkiyə ilə Rusiya arasında imzalanan 1925-ci il anlaşmasının 1927-ci ildə yenilənməsində bir maddə vardır. Orada deyilir ki, öz ölkəsinin vətəndaşı olub digər ölkədə yaşayanlar o ölkə əleyhinə çalışa bilməzlər. Çalışanlar ölkədən çıxarılır. Yəni rusların bu basqısı vardı. Rəsulzadənin o psixologiyanı qırması, insanların onun ətrafında toplanıb dərgiləri, yazıları dörd gözlə gözləməkləri, onun yazdıqları ilə ayaqda qalmaları, istiqlal atəşini, milli şüuru yaşatmaları birinci dönəmin ən önəmli başarısıdır və bu başarı 1930-dan 1947-yə qədər kəsilir... Amma bu qədər sıxıntıya baxmayaraq, Rəsulzadə Avropada da-istər Fransada, istər Rumıniyada, istər Polşada, istərsə də Almaniyada olsun istiqlal atəşinin sönməsinə izin vermir. Orada da dərgilər çıxarır- «İstiqlal» qəzetini və «Kurtuluş» dərgisini... Onlar qapadılanda Rəsulzadə «Dilək», «Kutlu Odlar ölkəsi», «Haqq», «Həqiqət»i çıxarır... Ta savaşın başladığı 1939-a qədər. Hər halda bu ideallar hədəfi olmayan insanların yapacağı işlər deyildir. Bir sözlə, Rəsulzadənin birinci dönəm dediyim 1922-30-cu illər arası dövrü insanların psixologiyasını dəyişdirdiyi dövrdür. Və bəlkə o atəş bugün hələ də Azərbaycanın ayaqda qalmasını sağlayan atəşdir-deyə düşünürəm».

M.Ə.Rəsulzadənin ailəsi
M.Ə.Rəsulzadənin ailəsi

Əmin bəyin ailəsi

Rəsulzadələr ailəsi barədə kitablar müəllifi Nəcibə Bağırzadə o dövrün acı gerçəklərini belə dilə gətirir:

«Onlar hamısı sürgünə göndərildilər. Böyük oğlu Rəsulu burda güllələdilər. Həyat yoldaşı Ümbülbanunu, anası Maral xanımı və uşaqları Qazaxıstana sürgün etdilər. Anası elə yolda dünyasını dəyişdi - ilk itirdikləri Maral xanım oldu. Sonra Rəsulun ölümünə dözə bilməyən Ümbülbanu xanım dünyayla vidalaşdı. Orada onlar qeyri-insani şəraitdə yaşayırdılar. Ac-susuz. Bu adamlara heç kəs bir parça çörək vermək istəmirdi. Çörək bir yana, salam da vermək istəmirdilər. Hamı sürgün olunmuşlar idi. Biləndə ki, bunlar Məhəmməd Əmin bəyin qohumlarıdırlar, salam da vermirdilər.

Nəcibə Bağırzadə: 'Biləndə ki, bunlar Məhəmməd Əmin bəyin qohumlarıdırlar, salam da vermirdilər'
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00
Direct-ə keçid


Bax, belə sıxıntılar, məhrumiyyətlər içində yaşadılar. Böyük qızı Lətifənin ərini güllələyiblər. Sürgünə gedərkən Lətifənin kiçik qızı Sona xəstə olduğu üçün burda qalıb. Uşaq evlərindən birinə verilib və sonralar ondan heç bir xəbər çıxmayıb. O biri qızı İşvə özüylə bərabər sürgündə donub ölüb. Təkcə Firuzə sağ qalıb. Meyitlərə bir həftə yaxın duran olmayıb. Dəhşətə baxın, sürgündəkilər belə onları dəfn eləməyə qorxublar… Firuzə xanım ağlaya-ağlaya, göz yaşları içində xatirələrini mənimlə bölüşdü. Mənə elə gəlirdi ki, üstündən o qədər illər keçməyib. Xanımın yaddaşında o illər elə oyaq idi ki... Uşaq Evində tullantı sümükləri onlara necə yedirdiklərini, sevincləri alınmış uşaqlar kimi necə yaşadıqlarını dünən olmuş kimi xatırlayırdı. Sonradan bəraət alsalar da, bu yaşananların heç biri izsiz keçmədi».

Kiçik oğul-Azər-ilk Azər

«Rəsulzadənin kiçik oğlu Azərin sürgünə gedəndə 17-18 yaşı vardı (Azər 1920-ci ildə doğulub və Əmin bəy onu cəmi bircə dəfə-Moskvaya aparılarkən görüb-red.). İstedadlı bir gənc idi. Gözəl tar çalmağı var idi. Keçirilən tədbirlərdə həmişə «Bayatı-Şiraz» çalarmış. Buradan gedəndə, onlara çox az şey götürməyə icazə vermişdilər. O da tarını götürüb aparmışdı. Rəssam idi, gözəl şəkillər çəkirdi, rəsmxətdən dərs deyirdi. Yaxşı foto çəkməyi var idi. Mən kitabda da yazmışam ki, zamanın başqa dönəminə düşsəydi, Azər bəy başqa bir ömür yaşayardı... Qazaxıstanda yaxşı dərs dediyi üçün «Əməkdar müəllim» adı vermək istəyiblər, ancaq «xalq düşməni»nin oğlu olduğu üçün verməyiblər».

Azər atasının ölüm xəbərini necə qarşıladı? «Sakitcə»...

«1955-ci ilin martında Məhəmməd Əmin Bəyin ölümü dünyaya yayılanda, Azəri DTK-ya çağırıb rəsmi şəkildə məlumat verirlər. Azər xəbəri «sakitcə» qarşılayır. Onların Türkiyəyə getmək «təklifini» də qəbul etmir. Və evə gəlib hönkür-hönkür ağlayır... 1956-cı ildə ilk dəfə icazəsiz Bakıya dönəndə, Krasnovodska çatan kimi geyimli-kecimli özünü suya atır Azər. Xəzərin sularını öpməkçün... İçindəki həsrəti soyutmaqçun... Bakıda bir vaxtlar yaşadıqları evi, bir də indiki «Nizami» metrosunun yerindəki baba mülklərini ziyarət edərmiş. Vaxtilə qonşuları olmuş uşaqlıq dostu Mehdi Hüseynzadəni xatırlayarmış...».

XS
SM
MD
LG