Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:44

Keçmiş səfirlə həbsdəki general arasında ölüm işinə görə mübahisə


Rövşən Əkbərov/Nazim İbrahimov
Rövşən Əkbərov/Nazim İbrahimov

Diasporla İş üzrə Dövlət Komitəsinə 16 il (2002-2018) rəhbərlik etmiş Nazim İbrahimov sentyabrın 1-də məhkəmədə qətl hadisəsinə görə dindirilib. Söhbət vaxtilə İbrahimovun səfir işlədiyi Ukraynada 2001-ci ildə azərbaycanlı işadamı Elçin Əliyevin qətlindən gedir. Bu hadisəyə görə Milli Qəhrəman, general Rövşən Əkbərov həbs edilib.

İbrahimov deyir ki, hadisənin şahidi olmayıb, amma sonradan general Əkbərov özü ona Elçin Əliyevi ürəyindən bıçaqla vurduğunu etiraf edib.

"Özünün "Ford" avtomobilini də səfirliyin istifadəsinə vermişdi"

Ukraynaya səfir təyin edilməmişdən öncə bu ölkədə bizneslə məşğul olduğunu deyən İbrahimov elə o dövrdən mərhum Əliyevlə tanış olub. Sonradan 1997-ci ildə səfir təyin ediləndən sonra da münasibətləri davam edib: "Səfir təyin olunandan sonra mən bizneslə məşğul olmadım. Amma Elçinlə münasibətimiz davam edirdi – həm dostum kimi, həm də o, səfirliyin texniki təminatına kömək edirdi. Elçin özünün "Ford" avtomobilini də səfirliyin istifadəsinə vermişdi. Səfirliyin yerləşdiyi binanı Elçin ofis kimi icarəyə götürmüşdü...".

Onun sözlərinə görə, səfirliyə avtomobil göndəriləndən sonra Əliyevin maşını özünə qaytarılıb. Səfirliyin yerləşdiyi ikimərtəbəli bina da rəsmi şəkildə alınıb.

Vaxtilə həm də deputat olan İbrahimov deyir ki, 2000-ci ilin avqustunda keçirilən parlament seçkiləri ilə əlaqədar Bakıya gəlib və hadisə baş verən vaxta qədər Kiyevə qayıtmayıb. Dostunun öldürülməsindən də Bakıda xəbər tutub. Cənazəni gətirmək üçün Kiyevə gedib və mərhum Əliyevin biznes ortağı ilə birlikdə bu işi həll ediblər.

İbrahimov deyir ki, meyiti gətirmək üçün Kiyevdə olduğu müddətdə oteldə qalıb. Həmin vaxt general Rövşən Əkbərov onun yanına gəlib: "Səfirliyin komendantı Qüdrət Əhmədov mənimlə əlaqə saxlayıb dedi ki, general Rövşən Əkbərov görüşmək istəyir. Razılaşdım. Onlar birlikdə otelə gəldilər. Onda Rövşən Əkbərova dedim ki, hamı bu qətli sənin törətdiyini deyir, Bakıda da bunu danışırlar. O görüşdə Rövşən Əkbərov hadisənin necə baş verdiyini ətraflı danışdı, Elçini bıçaqla vurduğunu dedi. Bundan sonra Rövşən Əkbərovla görüşməmişik".

General etiraz edir

Təqsirləndirilən general isə İbrahimovun dediklərinə etiraz edib. Deyib ki, oteldə İbrahimovla görüşsə də, söhbətin məzmunu onun dediyi kimi olmayıb: "Həmin gün otelə gəldim ki, sizdən soruşum, niyə Elçinin valideynlərinə mənim adımı vermisiz, niyə adımı hallandırmısız? Vicdanı, mənliyi olan yalan danışmaz...".

İbrahimov 2000-ci illərdə bir neçə dəfə bu iş üzrə istintaqda dindirilib. Lakin həmin ifadələrdə hadisəni Əkbərovun törətməsi haqda heç nə deməyib. Ondan bunun səbəbini soruşanda keçmiş komitə sədri belə cavab verib: "Axı məndən bunu soruşmayıblar ki, mən də cavab verim. Məndən hadisəni görüb-görmədiyimi soruşublar".

Hadisənin hansı səbəbdən baş verməsinə gəlincə, keçmiş səfir deyir ki, həmin gün kafedə Elçin Əliyev, dostu Məzahir Şıxəliyev və Rövşən Əkbərov birlikdə olub. Bu zaman generalların şərəfinə sağlıq deyilib: "Məzahiri şəxsən tanımırdım, amma eşitmişdim ki, İsgəndər Həmidovun yaxın adamıdır. Sağlıq deyiləndə Məzahir belə bir cümlə işlədib ki, "mən bir general tanıyıram, o da həbsdədir". İsgəndər Həmidovu nəzərdə tutub. Buna görə mübahisə yaranıb".

General Əkbərova qəsdən adam öldürmə ittihamıyla yanaşı, Məzahir Şıxəliyevi (o, hadisədən bir neçə il sonra vəfat edib-red.) yumruqla vurmağa görə xuliqanlıq ittihamı da verilib.

Xatırlatma

General Əkbərov 2021-ci il martın 15-dən həbsdədir. Onun ittiham olunduğu qətl və xuliqanlıq hadisələri isə 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə baş verib.

Cinayət işinin materiallarında yazılıb ki, gecə saatlarında "Sikora" kafesində yeyib-içəndən sonra Əkbərovla Əliyev arasında mübahisə yaranıb. Onlar kafedən çıxıb mübahisəni davam etdiriblər. Bu zaman general üstündəki hərbi bıçaqla onun ürək nahiyəsinə zərbə endirib.

General ittihamı qəbul etmir. O, bu barədə cinayət işinin materiallarında yazılanları "film ssenarisi" adlandırıb.

Ukrayna prokurorluğu hələ 2003-cü ildə Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək 29-yaşlı Əliyevin qətlində generalın iştirakını təsdiqləyən sübutların olduğunu yazırdı. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilmişdi. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılmışdı.

29-yaşlı Əliyevin ailə üzvləri ötən 20 ildə Prezident Administrasiyası, Baş Prokurorluq da daxil olmaqla, müxtəlif dövlət orqanlarına onlarla məktub göndərərək Əkbərovun cəzalandırılmasını tələb ediblər.

1965-ci il təvəllüdlü general 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb.

Əkbərov 2020-ci ilin noyabrında ehtiyata buraxılıb.

XS
SM
MD
LG