Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:47

Rusiyalı milyarder separatçıların 'dövlət naziri' olacağını deyir


Ruben Vardanyan
Ruben Vardanyan

Rusiyanın erməni əsilli ən zəngin iş adamlarından biri – Ruben Vardanyan deyib ki, Qarabağdakı separatçı rejimdə “hökumətə” başçılıq edəcək.

Bundan əvvəl separatçı rejim onun “dövlət naziri” təyin ediləcəyini bildirmişdi.

Dəqiq funksiyası olmayan “dövlət naziri” termini bəzən “hökumət başçısı” və ya “baş nazir” mənalarını da verir.

Milyarder bu barədə özünün Facebook səhifəsində yazıb:

"Dərk edirəm ki, mənim daha düşüncələrə dalmağa vaxtım və Artsax (Qarabağ-red) xalqının yanında olmaqdan və Artsaxın (Qarabağ-red) gələcəyi üçün öz məsuliyyət yükümü çəkməkdən başqa yolum yoxdur”.

Müharibədə həlak olanların ailələri yetərincə diqqət görürmü?
Gözlə

No media source currently available

0:00 0:07:09 0:00

Vardanyan kimdir?

Forbes jurnalının Rusiya redaksiyası Vardanyanı “Rusiya fond bazarının əsasını qoyanlardan biri” adlandırır.

O 1991-ci ildə amerikalı Piter Derbi ilə “Troyka dialoq” broker şirkətini yaradıb.

Vardanyan bu şirkəti satandan sonra zəngin adamların kapitalının idarə olunması və xeyriyyəçiliklə məşğul olub.

O sentyabrın əvvəllərində Rusiya vətəndaşlığından imtina etdiyini və Qarabağa köçdüyünü bəyan etmişdi.

Elə həmin vaxt Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan 54 yaşlı biznesmenə qondarma rejimin “dövlət naziri” olmağı təklif etmişdi.

Arutyunyan Vardanyana qərarların qəbul olunması üçün ən geniş səlahiyyətlər veriləcəyini vəd edib.

Öz növbəsində Vardanyan bu “vəzifəyə” məsələlərə onun yanaşması qəbul olunarsa gələcəyini bildirmişdi.

Vardanyanın vətəndaşlığı məsələsi

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu hadisə Qarabağ məsələsi ətrafında qeyri-müəyyənliyin olduğu bir vaxtda baş verir.

Bundan əvvəl Yerevan Azərbaycanla Qarabağ separatçıları arasında birbaşa danışıqlara çağırmışdı.

Bakı Yerevanın bu təklifini rədd edir. Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Qarabağ münaqişəsi artıq mövcud deyil və bu məsələ bağlanıb.

O bu yaxınlarda vurğulamışdı ki, Qarabağ erməniləri də Azərbaycan vətəndaşlarıdır və Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdır.

Əliyev habelə demişdi ki, Azərbaycan bu məsələni üçüncü bir tərəflə müzakirə etmək niyyətində deyil.

Rusiya vətəndaşlığından imtina edən Ruben Vardanyan bildirmişdi ki, onun Ermənistan pasportu var.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG