Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:55

Rus bölməsinin müəllimi özünə köməkçi tutmağa məcbur qalıb?


Müstəqilliyin 30-cu ilində rus məktəbləri yenidən dəbə minib: Valideynlər səbəbini açıqlayır
Gözlə

No media source currently available

0:00 0:05:32 0:00

Müstəqilliyin 30-cu ilində rus məktəbləri yenidən dəbə minib: Valideynlər səbəbini açıqlayır (Arxiv. 2021)

"Qızım iki il dövlət məktəbində rus bölməsində təhsil alıb, onların sinfində 48 şagird vardı. Müəllimləri məcbur qalıb özünə köməkçi tutmuşdu. Rus bölmələrinin əsas problemi müəllim yetərsizliyidir", - övladı rus bölməsində təhsil alan Samirə Əhmədbəylinin sözləridir.

Fevralın 29-da elm və təhsil naziri Emin Əmrullayev mediaya açıqlamasında məktəblərin rus bölmələrində vakant yerlərin qaldığını bildirmişdi. Təbii sual doğur:

Bu durum nədən qaynaqlanır?

Vakant yerlərin boş qalmasının əsas səbəblərindən biri rus bölməsini bitirən abituriyentlərin pedaqoji ixtisaslara çox az maraq göstərməsi ola bilər. 7 saylı tam orta məktəbin direktoru Könül Təhməzova AzadlıqRadiosuna belə deyib və əlavə edib: "Dərs saatlarının və maliyyənin azlığı, ali təhsil ocaqlarında rus bölməsi üçün hazırlanan pedaqoq kadrların say yetərsizliyi də bunun səbəblərindən sayıla bilər".

Məktəblərin rus bölmələrində müəllim çatışmazlığı olsa da, şagirdlərin sayı artmaqdadır. Məsələn, 2017-ci ildə rus bölməsində 90 min şagird təhsil alırdısa, 2022-ci ildə onların sayı 160 min nəfərə yüksəlmişdi. Bəs bu il durum necədir? AzadlıqRadiosunun hazırda şagirdin rus bölməsində oxuması ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə göndərdiyi sorğu, hələ ki, cavabsız qalıb.

Rusdilli məktəblərdə Azərbaycan dili necə tədris edilir?
Gözlə

No media source currently available

0:00 0:07:11 0:00

Təhsil eksperti Nadir İsrafilovun fikrincə, rusca tədrisə marağın yenidən artması iri şəhərlərdəki, özəlliklə Bakı və Sumqayıtdakı məktəblərdə şagirdi sıxlığı doğurub: "Əsas problem rus dilində təhsil almağa müraciətlərin çoxluğunda, rus bölməsində yerlərin məhdudluğundadır. Peşəkar rusdilli müəllimlərin çatışmazlığı və yaxud təlimi rus dilində olan məktəblərdə Azərbaycan dili tədrisinin zəifliyi heç də o demək deyil ki, bunun səbəbkarı məhz rus dilidir. Problemi aradan qaldırarkən səbəb-nəticə əlaqələrinə biganə yanaşmaq, nəticəni qabardıb, səbəblərdən yan keçmək heç bir halda vəziyyətdən çıxış yolu ola bilməz. Bəlkə, bunun başlıca səbəbi Azərbaycan bölməsində rus dili, rus bölməsində isə Azərbaycan dili tədrisi səviyyəsinin valideynləri lazımınca qane etməməsidir?".

Valideyn: "Kim gəldi rus bölməsinə göndərirlər"

S.Əhmədbəyli Azərbaycan dilində tədris kimi rus dilində tədrisin də keyfiyyətcə yarıtmaz olduğunu düşünür. O, dövlət məktəblərindəki belə problemlər üzündən övladının təhsilini özəl liseydə davam etdirməsinə qərar verib: "Kim gəldi rus bölməsinə göndərirlər. Məsələn, Azərbaycan dilindən dərs deyən müəllimə hər dəfə lövhədə dərsləri hərf səhvləri ilə yazırdı. Doğru yaza bilən bir müəllim göndərməmişdilər. Bu dərəcədə kadr çatışmazlığı var".

Məktəb direktoru K.Təhməzova bu məsələ ilə bağlı bildirib ki, rus bölmələrində keçid balı 30 baldır: "Cənab nazir də bunu demişdi. Başqa alternativ olmadığından bu addım atılır".

Elm və Təhsil Nazirliyi AzadlıqRadiosunun sorğusuna cavabında qeyd edib ki, hazırda Azərbaycanda Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti və digər bir neçə ali təhsil ocağında ümumi təhsil müəssisələrinin rus bölmələri üçün pedaqoji kadrlar hazırlanır.

Təkcə ötən il Azərbaycan Dillər Universitetini rus bölməsində ingilis dili dərsi keçmək üçün 120 nəfər bitirib. Digər universitetlər sayla bağlı sorğuya hələ cavab verməyib.

"Dövlətçilik üçün təhlükə" - keçmiş nazirin rusdilli təhsil alanların Azərbaycanca bilməməsini qiymətləndirməsi
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

Ali məktəblərdə də rusca təhsil alanların sayı çoxalıb

Prezident İlham Əliyev 2022-ci ildə Moskvada Rusiya prezidenti Vladimir Putin ilə görüşü zamanı bildirmişdi ki, Azərbaycanda 15 mindən çox vətəndaş ali məktəblərin rus dili bölmələrində oxuyur. Prezident bu il martın 6-da Rusiya Federasiyasının baş naziri Mixail Mişustin ilə görüşündə yenə Azərbaycanda rus dilində tədris məsələsinə toxunub. O, Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil verildiyini, 16 min ölkə vətəndaşının rusca təhsil aldığını söyləyib. Bu da onu göstərir ki, iki il içində ali məktəblərin rus bölmələrində təhsil alanların sayı çoxalıb.

Dövlət İmtahan Mərkəzinin mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə bildirib ki, bu ilin buraxılış imtahanına 105 min 513 şagirdin qatılması nəzərdə tutulmuşdu. Onlardan 95 min 55 nəfər Azərbaycan, 9 min 788 nəfəri rus bölməsindən olub.

Ötən il qəbul imtahanlarının ikinci mərhələsi göstərir ki, 7 min 656 nəfər rus, 72 min 90 nəfər Azərbaycan bölməsindən sınağa çəkilib.

Uyğun qurumlar AzadlıqRadiosunun sorğularına cavab verəndən sonra rus bölmələrində müəllim çatışmazlığının səbəbləri və durumu düzəltmək üçün hansı addımlar atılacağı barədə daha dəqiq bilgilər vermək mümkün olacaq.

XS
SM
MD
LG