Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:44

Putin Ukraynaya 'qabaqlayıcı zərbə' endirildiyini deyir


Putin Moskvada hərbi paradda
Putin Moskvada hərbi paradda

Britaniya rəsmiləri Ukraynaya 1.6 milyard dollarlıq hərbi yardım açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski deyir ki, tezliklə Ukraynanın “iki Qələbə günü” olacaq. Zelenski 9 may çıxışında müttəfiqlərin Hitlerə qarşı savaşını ölkəsinin Rusiya təcavüzüylə mübarizəsi ilə müqayisə edib.

“Əcdadlarımızın 2-ci Dünya müharibəsində nə etdiyini unutmarıq. Müharibədə 8 milyondan çox ukraynalı həlak olub. Hər beş ukraynalıdan biri cəbhədən qayıtmayıb”, – deyən Zelenski onu da qeyd edib ki, “tezliklə Ukraynada iki Qələbə günü olacaq”.

***

Rusiya fevralın 24-də Ukraynaya təcavüzə başlamaqla “qabaqlayıcı zərbə” endirib və bu, “yeganə düzgün qərar idi”. Bunu Prezident Vladimir Putin Moskvada Qırmızı meydandakı paradda deyib.

Mayın 9-da Rusiyada və keçmiş sovet məkanında nasist Almaniyasının kapitulyasiyasının 77-ci ildönümü qeyd olunur.

Bu il Qələbə günü Ukraynanın işğalı ilə eyni vaxta düşür. Rusiya təcavüzü “xüsusi əməliyyat” adlandırır. Putin müharibəni ABŞ-ın, NATO-nun Moskvaya təhlükəsizlik qarantiyası verməməsi ilə əsaslandırıb. Putin Ukraynanın şərqindəki Donbas regionunda vuruşan əsgərlərə xitab edib. Rusiya həmin ərazini Kiyevdən “təmizləməyi” vəd edib.

“Taleyi həll olunan vətənin müdafiəsi həmişə müqəddəs olub”, – o deyib.

Putinin hərbi paradda Ukraynaya rəsmən müharibə elan edəcəyinə dair söz-söhbət dolaşırdı. Amma o, 11 dəqiqəlik çıxışında müharibənin gedişatına toxunmayıb, onun nə qədər çəkəcəyindən də danışmayıb.

Faşizmin, tiranlığın əksi

Britaniyanın Müdafiə naziri Ben Vallas Rusiyadan gələn bəyanatları “absurd” adlandıraraq rədd edib. “Peşəkar əsgərlərin hamısı Rusiya ordusunun davranışından dəhşətə gəlməlidir”, çünki onlar təkcə “qanunsuz işğal və hərbi cinayətlərlə məşğul deyillər, yüksək çinli məmurları sıravi əsgərləri o dərəcədə bada verib ki, onlar hərbi məhkəməyə çıxarılmalıdırlar”, – Vallas Britaniya Milli Ordu Muzeyindəki çıxışında deyib.

“Putin və yaxın ətrafındakı generallar Ukraynanın işğalı ilə 77 il öncəki faşizm və tiranlığı əks etdirir, ötən əsrdəki totalitar rejimin səhvlərini təkrarlayır”, – o, sözlərinə əlavə edib.

Ukrayna hərbi rəsmilərinin mayın 9-da bildirdiyinə görə, Rusiyanın nəzarətində olan Krım yarımadasından yaxınlıqdakı Odessa şəhərinə yüksək dəqiqlikli Oniks raketləri atılıb. Ancaq detallar açıqlanmayıb.

***

Mayın 9-da Rusiya ordusu Ukraynada əməliyyatı intensivləşdirir. Moskva 1945-ci ildə nasist Almaniyası üzərində qələbəni nəhəng paradla qeyd etməyə hazırlaşır.

Rusiya Prezidenti Vladimir Putinin 9 may paradında çıxışında Ukraynadakı müharibəylə bağlı böyük açıqlama verəcəyi ətrafında spekulyasiya dolaşır.

Rusiya qüvvələri indiyədək Azov dənizi sahilindəki Mariupol liman şəhərinin işğalını başa çatdıra bilməyiblər. Azovstalda 2 minədək ukraynalı döyüşçü müqaviməti davam etdirir.

Nasist vəhşiliklərinin təkrarlanması

Ukrayna Prezidenti Volodimir Zelenski isə mayın 8-də Qələbə günü çıxışında deyib ki, Rusiya Ukraynaya qarşı nasist vəhşiliklərini təkrarlayır.

“Rusiya 2-ci Dünya müharibəsinin qalibləri üçün vacib olan hər şeyi unudub”, – Zelenski videomüraciətində deyib.

Zelenski Böyük Yeddilik (G7) liderləri ilə virtual görüşdə də iştirak edib. Qrup Rusiyanın Ukraynaya qarşı “səbəbsiz, əsaslandırılmayan və qanunsuz hərbi təcavüz”ünü, “Ukraynanın demokratik yolla seçilmiş yerli hakimiyyətini qanunsuz şəxslərlə əvəzləmək cəhdlərini” pisləyib.

2-ci Dünya müharibəsinin başa çatmasının ildönümünü qeyd edən G7 liderləri bu hərəkətlərə görə Putini və “bu təcavüzün memarlarını və onda əli olanları”, o cümlədən Belarusdakı Alyaksandr Lukaşenka rejimini məsuliyyətə cəlb etmək üçün “əllərindən gələni etməyə” boyun olublar.

Yeni sanksiyalar

Birləşmiş Ştatlar iclasdan sonra Rusiyanın üç televiziyasına və Gazprombank rəsmilərinə sanksiyalar, eləcə də amerikalıların rusiyalılara mühasibat və konsultasiya xidməti göstərməsinə qadağa elan edib.

Britaniya rəsmiləri virtual toplantıdan öncə Ukraynaya 1.6 milyard dollarlıq hərbi yardım açıqlayıb.

Britaniyanın Müdafiə Nazirliyinin mayın 9-da yaydığı bülletendə deyilir ki, Moskvanın işğalı “dəqiq zərbələrin vurulması qabiliyyətində qüsurları üzə çıxarıb”, dinc sakinlərin həyatına tam sayqısızlıq göstərib.

“Rusiya Ukraynanın şəhərlərini intensiv və hədəfsiz bombardman edir, dinc sakinləri nəzərə almır”, – nazirlik bildirir.

XS
SM
MD
LG