Kreml bildirir ki, Rusiyadakı diplomatik və köməkçi heyətdən kimləri ixtisar etməyi Birləşmiş Ştatlar müəyyənləşdirəcək. Moskva Vaşinqtondan diplomatik heyəti kəskin ixtisar etməsini istəyib.
Rusiya prezidenti Vladimir Putin-in sözçüsü Dmitry Peskov iyulun 31-də deyib ki, ixtisarı tələb olunan 755 nəfər arasında rusiyalılar da ola bilər.
«GÖZLƏMƏYİN MƏNASI YOX İDİ»
«Rusiyadakı ABŞ diplomatlarının sayı elə də çox deyil. Biz diplomatlar, diplomatik statusu olmayanlar və yerli əməkdaşlar, yəni ABŞ səfirliyi və Rusiyadakı konsulluqlarda çalışan rusiyalılar barədə danışırıq», – Peskov deyib.
ABŞ konqresmenləri Rusiyaya əlavə sanksiyalar nəzərdə tutan qanunu qəbul edəndən sonra Moskva belə bir addıma əl atıb. Yeni qanun qüvvəyə minərsə, prezident Donald Trump Konqresin razılığı olmadan sanksiyaları yüngülləşdirə bilməyəcək.
Peskov-un sözlərinə görə, Trump-ın sanksiyalar qanununu imzalamasını gözləməyin mənası yox idi.
Ağ ev iyulun 28-də bildirib ki, Trump layihəni imzalamağı planlaşdırır. Trump layihəni rədd etsə belə, Konqres onun vetosunu nəzərə almayacaq.
«DÖNÜŞ OLMAYACAQ»
Moskva Ukraynanın Krım vilayətini qanunsuz ilhaq edəndən sonra Rusiyayla Birləşmiş Ştatların münasibətləri pisləşib, Qərb ölkələri Moskvaya sanksiyalar qoyub.
Trump dəfələrlə ikitərəfli münasibətləri yaxşılaşdırmaq arzusunu dilə gətirdiyindən, Rusiya rəsmiləri əlaqələrin istiləşəcəyinə ümid edirdilər. Ancaq ABŞ-da ötənilki prezident seçkisinə Rusiyanın müdaxiləsiylə bağlı iddialar ortaya atılandan bu ümidlər də puça çıxıb.
İyulun 31-də ABŞ-ın vitse-prezidenti Mike Pence Estoniyada deyib ki, Moskvanın tələbi Birləşmiş Ştatları niyyətlərindən döndərə bilməyəcək.
«Daha yaxşı günlərə, Rusiyayla daha yaxşı münasibətlərə ümid edirik. Ancaq Moskvanın son diplomatik hərəkəti Birləşmiş Ştatları təhlükəsizliyimizə, müttəfiqlərimizin təhlükəsizliyinə, dünyanın azadlıqsevər ölkələrinin təhlükəsizliyinə bağlı öhdəliyindən çəkindirə bilməyəcək», – Pence deyib.
GÖZLƏNTİLƏR
Pence iyulun 30-da «Fox News»a müsahibəsində söyləyib ki, Trump sanksiyaları imzalayacağını çox aydın şəkildə bildirib.
«Eyni zamanda, niyyətlərimizi aydın şəkildə dilə gətirərkən Rusiyanın davranışının da dəyişəcəyini gözləyirik», – Pence söyləyib.
Peskov isə Birləşmiş Ştatların «siyasi şizofreniya»dan özünə gəlməli, münasibətlərdəki gərginliyi yumşaltmaqdan ötrü «siyasi iradə» sərgiləməli olduğunu vurğulayıb,
«Əlaqələrin davamlı inkişafında maraqlıyıq və bundan hələ çox uzaq olduğumuzu qeyd etməkdən məyusuq», – Peskov deyib.
Rusiya Xarici İşlər Nazirliyi iyulun 28-də bildirib ki, Vaşinqton diplomatik heyətinin sayını sentyabrın 1-dək 455 nəfərə salmalıdır.